Menu

Oqtay Gülalıyev oğulları ilə birlikdə “qorotdel”ə çağırılıb

13.11.2014, 22:33
Oqtay Gülalıyev oğulları ilə birlikdə “qorotdel”ə çağırılıb

Hüquq müdafiəçisi Oqtay Gülalıyev bu gün saat 16:00-da yetkinlik yaşına çatmamış iki oğlu – Əli və Təbrizlə birlikdə Bakı şəhər Baş Polis İdarəsinə çağırılıb.

Bu barədə Turan-a məlumatlı mənbələrdən bildiriblər. Onların polis idarəsinə çağırılmasının səbəbi məlum deyil.

Bir müddət əvvəl hüquq müdafiəçisinin yetkinlik yaşına çatmamış oğlu Əli Gülalıyev xuliqanlıq ittihamı ilə 6 ay müddətinə islah işlərinə cəlb edilib.

O.Gülalıyev “Siyasi Məhbuslarsız Azərbaycan” Alyansının, “Kür” vətəndaş cəmiyyəti qərargahının rəhbəri və Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) üzvüdür.

Ötən həftə “Siyasi Məhbuslarsız Azərbaycan” Alyansı penitensiar müəssisələrdə məhbusların hüquqlarının pozulması və siyasi məhbuslar problemi haqqında geniş hesabat təqdim edib.

***

Oqtay Gülalıyev polisdən çıxdıqdan sonra sosial şəbəkədə bunları yazıb:

"Bu gün az yaşlı övladlarım- Əli və Təbrizlə birgə rəsmi bildirişlə Bakı Şəhər Baş Polis İdarəsinə çağrıldıq. 3 saata yaxın İdarənin Ağır Cinayətlərə dair şöbəsində izahat verdik. İdarədən az öncə çıxmışıq. Çağrılmamıza səbəb kimi təxminən 1 il öncə tanımadığım iki az yaşlı məktəblinin dalaşmasından dolayı verilən şikayət göstərilir. O şikayət ki, onun övladlarıma və mənə aidiyyatı yoxdur. Hətta bildirildi ki, həmin şikayətlə bağlı məhkəmə də olub və məhkəmənin də qanuni qüvvəyə minmiş hökmü var. Tərəflər barışıb və məsələ həll olunub. Elə isə məni və bizi niyə "qorotdel"- lə çağrıllar, mənə aydın deyil.

Mənə bir şey də aydın deyil ki, nə vaxtdan BŞBPİ məktəblilərin dalaşması işi ilə belə mütamadi məşğul olmağa başlayıb və nə vaxta qədər hər vəchlə bizi belə işlərə bağlamağa çalışacaqlar? Amma mənə bir şey bir daha aydın oldu ki, bu hökumət şəxsimə aid nə varsa çox ciddi şəkildə araşdırır. Hələ ki, "tapdığı" belə saxta və qondarma "şikayət məktubları"-dır..."

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol