DÖYÜŞKƏNLİYİ İLƏ ÖN CƏBHƏDƏ SİLAHDAŞLARINA ÖRNƏK OLDU... - Baş çavuş Səid Cəfərovun şəhidliyə ucalan yolu

44 günlük Vətən müharibəsi xalqımızın yaddaşında qəhrəmanlıq səhifəsi kimi iz qoymaqla, ölkəmizin adını hərb tarixinin qürurlu zirvəsinə ucaltdı. İşğalçı Ermənistanın xarici havadarlarının dəstəyilə Birinci Qarabağ müharibəsi zamanı bir neçə il ərzində ələ keçirdiyi torpaqlarımız 44 gün müddətində yenilməz Silahlı Qüvvələrimiz tərəfindən rəşadətlə azad olundu. Döyüş meydanında darmadağın edilən düşmənin özü haqqında uzun illər yaratdığı miflər, onun xülyaları bu məğlubiyyəti ilə birgə çökdü. Hərbi təcavüz, soyqırım, terror, etnik təmizləmə və şovinizm siyasəti həyata keçirən dövlətin aqibəti yalnız belə olmalı idi.

Azərbaycanın böyük hərbi zəfəri xalqımıza qurbanlar bahasına başa gəlib. Heç bir müharibə itkisiz olmur. Bu, acı bir həqiqət olsa da, şəhidlərin və qazilərin qanı tökülmədən erməni tapdağında qalmış yurdlarımıza qovuşa bilməzdik.

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Vətən müharibəsində şəhid olan hərbi qulluqçularından biri – baş çavuş Cəfərov Səid Zəfər oğlunun ömür yolu haqqında ailəsindən və silahdaşlarından məlumatlar topladım. O, 1993-cü ilin fevral ayının 4-də Neftçala rayonunun Xolqarabucaq inzibati ərazi dairəsinə daxil olan Dördlər kəndində doğulub. Zəfər Cəfərov və Könül Cəfərovanın üç övladından ortancılı idi. Səid ölkəmiz üçün çətin bir dövrdə - Birinci Qarabağ müharibəsi zamanı dünyaya gəlib. Həmin müharibənin ağır nəticələri, mənəvi-psixoloji və digər fəsadları onun nümayəndəsi olduğu gənc nəslin dünyagörüşünün formalaşmasına təsirsiz qalmayıb. Zəhmətkeş ailədə böyüyərək boya-başa çatan Səid milli dəyərlərimizə ehtiram ruhunda tərbiyə alıb. Xaraktercə səbirli, təmkinli, qayğıkeş, ailəcanlı olub, öz üzərində çalışmağı üstün tutub, əldə etdiyi uğurla kifayətlənməyib.

Babası Cəfər Cəfərov 1941-1945-ci illərdə faşistlərə qarşı igidliklə vuruşub, Berlinə qədər keçən döyüş yolunda medallarla təltif edilib. Dayısı Əkbər Muradov isə Birinci Qarabağ müharibəsi zamanı zabit olaraq ön cəbhəyə könüllü gedib, döyüşlərdə ağır yaralanıb, I qrup əlildir.

Mürsəqulu kənd şəhid İlqar Səfərov adına tam orta məktəbinin məzunu olan Səidə müəllimləri vətənpərvərlik əqidəsi aşılayıblar. Müəllimlərinin və yoldaşlarının hörmətini qazanıb. Məktəbdə fəal olub, dəqiq fənlərə maraq göstərib, bədən tərbiyəsi fənninə isə çox həvəslə yanaşıb. Fiziki hazırlığını diqqətdə saxlayıb. İdmanın kikboksinq növü üzrə davamlı məşq edib.

Hələ məktəb illərindən o, hərbçi peşəsinə rəğbət bəsləyib, ali hərbi təhsil almağı arzulayıb. Ancaq orta məktəbdən sonra Silahlı Qüvvələrin Ali Hərbi Məktəbinə qəbul üçün sənədlərini versə də, imtahandan keçə bilməyib. Bununla belə, hərbçi olmaq arzusundan imtina etməyib. Müddətli həqiqi hərbi xidmətə gedənədək ailəyə maddi kömək etmək üçün bir müddət kənd təsərrüfatı sahəsində işləyib.

2011-ci ilin aprel ayında Səid müddətli həqiqi hərbi xidmətə çağırılıb. Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində hərbi andı qəbul edib, rabitəçi kursunu bitirərək rabitə bölməsində radioteleqrafçı vəzifəsində xidmət keçib. Hərbi xidmət borcunu vicdanla yerinə yetirərək 2012-ci ilin oktyabr ayında ehtiyata buraxılıb.

Hərbçi peşəsinə marağı müddətli həqiqi hərbi xidmətdən sonra daha da artıb. Xüsusi təyinatlı bölmənin tərkibində xidmət etmək niyyətini doğmaları və yoldaşları ilə bölüşüb. Hərbi xidmətə qəbul olunmaq məqsədilə ayrı-ayrı qoşun növlərinin fəaliyyəti barədə məlumatlara diqqət yetirib. Nəhayət, öz seçimini edərək, Daxili Qoşunların komandanlığına ərizəsini ünvanlayıb.

2013-cü ilin iyun ayının 4-də Səid Daxili Qoşunlarda müddətdən artıq həqiqi hərbi xidmətə başlayaraq Gəncədə yerləşən “N” saylı hərbi hissənin xüsusi vasitələrin tətbiqi dəstəsində xüsusi vasitələrin tətbiqi bölməsinin xüsusi vasitələrin tətbiqi qrupunda atıcı vəzifəsinə təyin olunub. Həmin dəstədə baş atıcı, bundan əlavə, əlahiddə patrul bölüyünün xüsusi həmlə qrupunda atıcı vəzifələri də ona həvalə edilib. Sonra qoşunların Bakının Biləcəri qəsəbəsindəki “N” saylı hərbi hissəsinə keçirilərək xüsusi təyinatlı dəstənin xüsusi həmlə və əməliyyat qruplarında atıcı, pulemyotçu-atıcı vəzifələrində bacarıqlı hərbi qulluqçu kimi qarşıya qoyulan tapşırıqları layiqincə yerinə yetirib. Təyin olunduğu bütün vəzifələrdə komandanlığın etimadını doğruldub, dəfələrlə mükafatlandırılıb. Daxili Qoşunların sıralarında “baş çavuş” hərbi rütbəsinədək yüksəlib. Komandirləri tərəfindən həmişə müsbət xarakterizə olunan Səid harada xidmət edibsə, orada öz hörməti ilə fərqlənib.

2019-cu ilin sentyabr-oktyabr aylarında Səid qardaş Türkiyə Respublikasına ezam edilərək paytaxt Ankarada yerləşən Jandarm Özəl Asayiş Komandanlığına məxsus tədris mərkəzində xüsusi əməliyyatların aparılması üzrə təlim kursu keçib. Bu təlim kursunda o, öz peşə hazırlığı və məharətini təkmilləşdirib, yeni biliklərə, qabaqcıl təcrübəyə yiyələnib.

Xüsusi təyinatlı həmişə yoldaşlarına deyib ki, müharibə başlasa, öndə olacaqlar, müxtəlif döyüş tapşırıqlarının yerinə yetirilməsi onların üzərinə düşəcək. Buna görə də daim döyüş sınağına hazır olmalıdırlar. İştirak etdiyi bütün təlimlərdə döyüşçü gücünü əzmkarlıqla möhkəmləndirib.

2020-ci ilin sentyabr ayının 27-də - Vətən müharibəsinin ilk günündən etibarən Səid ön cəbhədə düşmənə qarşı qətiyyətlə vuruşub. Xüsusi təyinatlının şərəfli döyüş yolu Murovdağdan başlayaraq Şuşayadək davam edib. Müdafiə Nazirliyinin xüsusi təyinatlı bölmələrinin şəxsi heyəti ilə birgə Daxili Qoşunların xüsusi təyinatlıları bir neçə istiqamətdə döyüş əməliyyatlarına cəlb olunublar.

Vətən müharibəsi iştirakçısı, qoşunların Lənkəran rayonunda fəaliyyət göstərən “N” saylı hərbi hissəsində xüsusi təyinatlı dəstə komandirinin müavini – qərargah rəisi kapitan Elnur Qasımov bildirdi ki, 2017-ci ildən Səidlə Biləcəri qəsəbəsindəki “N” saylı hərbi hissənin xüsusi təyinatlı dəstəsində xidmət edərək onun qrup komandiri olub. Silahdaşının məsuliyyətli, intizamlı, səliqə-sahmanlı, kollektivdə xoş ovqat yaradan hərbi qulluqçu olduğunu, dəstədə nümunəvi xidməti ilə seçildiyini diqqətə çatdırdı. Söylədi ki, Türkiyədə keçdiyi təlim kursu zamanı Səid qoşunları layiqincə təmsil edərək, yüksək döyüş və mənəvi-psixoloji hazırlığı səbəbindən uğurlu nəticə göstərib, xüsusi təyinatlıya müvafiq sertifikat verilib.

Zabit məlumat verdi ki, Səid Vətən müharibəsi zamanı ön cəbhədə xüsusi təyinatlıya xas peşəkarlıqla döyüşüb. Murovdağ silsiləsi, Cəbrayıl, Füzuli, Xocavənd, Xocalı rayonlarının ərazilərində işğalçıların mövqelərinə həmlələr edilərkən döyüşçü yoldaşları ilə birlikdə onlara qan uddurub. Pulemyot silahından məharətlə atəş açaraq təcavüzkarın bir sıra atəş nöqtələrini susdurub, postlarda erməni canlı qüvvəsini ciddi itkiyə məruz qoyub. Hadrut qəsəbəsi və ətraf yüksəkliklərin işğaldan azad olunmasında mətinlik nümunələri ilə yadda qalıb. 

Düşmənin bir neçə hərbi avtomobildən ibarət karvanının pusquya salınaraq sıradan çıxarılması, 30 nəfərədək erməni hərbçisinin məhv edilməsində pulemyotçu kimi xüsusi rolu olub. Bundan əlavə, Elnurun sözlərinə görə, Səid Ərgünəş yüksəkliyi, Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi, Tuğ kəndi, Xocalı rayonunun Quşçubaba, Çanaqçı və Sığnaq kəndləri istiqamətlərində də döyüş tapşırıqlarını cəsurluqla yerinə yetirib. Şuşayadək döyüşlərin gedişində Səidin tərkibindəki bölmədə digər pulemyotçuların şəhid olması və yaralanması səbəbindən onun pulemyot silahı ilə döyüşçülərə atəş dəstəyi işğalçılara mühüm zərbə idi. Pulemyotun və sursat ehtiyatının ağır olmasına baxmayaraq, Səid bu silahını başqa silahla dəyişməyib, kömək istəməyib, son döyüşədək özü daşıyıb. Bütün döyüş yolu boyu silah və sursatını atəşə hazır vəziyyətdə saxlayıb.

Kapitan E.Qasımov qeyd etdi ki, Səid noyabrın 5-də Laçın-Şuşa yolunda döyüş zamanı ilk dəfə mərmi qəlpələrindən yaralanıb. Ehtimalına görə, müvəqqəti sığınacaqdan növbəti günlərdən birində təxliyyə edilərkən yenidən atəşə məruz qalaraq ağır yaralanma nəticəsində döyüşçü şəhadətə qovuşub. Həmin vaxt qoşunların hərbi qulluqçularından onun yanında heç kim olmayıb.

Biləcəridə yerləşən “N” saylı hərbi hissənin xüsusi təyinatlı dəstəsində xüsusi əməliyyat qrupunun yarımqrup komandiri, Vətən müharibəsi iştirakçısı gizir Eldar Məmmədov da Səid haqqında xatirələrini danışdı. Bildirdi ki, o, vətənpərvər və cəsarətli, döyüşə hazırlıqlı hərbi qulluqçu, etibarlı silahdaş olub. Birlikdə təlimlərdə və müxtəlif xidməti tapşırıqların icrasında iştirak ediblər. Xüsusi təyinatlının zoğalı beretə layiq görüldüyünü dedi. Eldarın sözlərinə görə, Səid müharibədə ruh yüksəkliyi və qələbəmizə inamla döyüşüb: “Biz onun pulemyotuna “qara camış” adını qoymuşduq, silahı ilə döyüşçülərimizi neçə dəfə çətin vəziyyətdən çıxarmışdı. Laçın dəhlizində minaatan mərmisinin partlaması nəticəsində hər ikimiz yaralanmışdıq, ona ilk yardım göstərmişəm. Həmin yaralanmadan sonra Səidi bir də görmədim. Bir neçə gün keçdikdə şəhid olması xəbərindən sarsıldım”.

Həmin hərbi hissədə xüsusi təyinatlı dəstənin xüsusi əməliyyat qrupunda atıcı-sanitar, Vətən müharibəsi iştirakçısı çavuş Tariyel Məhəmmədov da Səidin döyüşlərdə şücaət göstərdiyini, müharibənin əziyyətlərinə dözümlə yanaşdığını söylədi. Murovdağda düşmənin müdafiə üçün möhkəmləndirilmiş postlarından birinin nəzarətə götürülməsi, eləcə də ayrı-ayrı istiqamətlərdəki yaşayış məntəqələri, yüksəkliklərin azad olunması, işğalçıların hücumlarının qarşısının alınmasında döyüşkənliyi ilə yoldaşlarına örnək olduğunu vurğuladı.

Müdafiə Nazirliyinin Vətən müharibəsi iştirakçısı olan “gizir” hərbi rütbəli xüsusi təyinatlılarından birinin Cəfərovlar ailəsinə verdiyi məlumata görə, Səid noyabrın 7-də Şuşa uğrunda döyüşlərdə iştirak edərkən snayper gülləsindən ağır yaralanaraq şəhidlik zirvəsinə ucalıb. Ailənin dediyinə görə, həmin xüsusi təyinatlının verdiyi bu məlumat şəhidin nəşinə baxış keçirilərkən öz təsdiqini tapıb.

15 noyabr 2020-ci il tarixli ölüm haqqında şəhadətnamədə isə Səidin 9 noyabr 2020-ci ildə Şuşada hərbi əməliyyat nəticəsində digər növ partlayışlar və ya qəlpələrlə törənmiş zədələnmələr səbəbindən şəhid olduğu yazılıb.

Şəhid hərbi qulluqçumuz 2020-ci il noyabrın 12-də doğma kəndinin qəbiristanlığında dəfn olunub.

Azərbaycan Respublikası Prezidentinin imzaladığı 15 dekabr 2020-ci il, 29 dekabr 2020-ci il və 24 iyun 2021-ci il tarixli müvafiq sərəncamlarla baş çavuş S.Cəfərov ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Xolqarabucaq inzibati ərazi dairəsindən Birinci Qarabağ müharibəsində 12 nəfər, Vətən müharibəsində isə 3 nəfər şəhidlik zirvəsinə ucalıb.

Mərhumun qohumları Samir Abbasov və Mais Səfərov Vətən müharibəsində şəhadətə ucalıblar. Dördlər kəndində şəhidin adına küçə var, şəkli əks olunan plakat quraşdırılıb. Mürsəqulu kənd tam orta məktəbində şəhid xüsusi təyinatlının xatirə guşəsi yaradılıb, şəhidlərə aid fotostenddə şəkli mövcuddur, 11-ci sinfə isə adı verilib. Xırdalan şəhərindəki 9 saylı tam orta məktəbin 4i sinfi Səidin adını daşıyır.

Biləcəridəki “N” saylı hərbi hissədə yerləşən idman zalına şəhidin adının verilməsi silahdaşlarının onun xatirəsinə ehtiramının təzahürüdür.

“Qələbə şəhidləri” nəşrində döyüşçü haqqında məlumat öz əksini tapıb. Şair-publisist Sevindik Nəsiboğlunun Səidə həsr etdiyi “Zəfərin oğlu” məqaləsi “Kredo” qəzetində, afia.az saytında dərc olunub, “Möhtəşəm Zəfərin nişanəsi” kitabında işıq üzü görüb. Televiziya kanallarında şəhid haqqında süjet və verilişlər hazırlanıb.

Dördlər kəndində ailəsinin yaşadığı evdə Səidin xatirə guşəsi düzəldilib. Səidin yoxluğu ilə barışmaq valideynləri, bacı və qardaşı üçün çox çətindir, onunla bağlı unudulmaz xatirələri var. Qardaşı Seymur ilə son söhbətində Daxili Qoşunlarda müddətdən artıq həqiqi hərbi xidmətlə əlaqədar məsləhətlər verib (Seymur Bərdədəki “N” saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət keçib – Y.A.), ailənin qayğısına qalmağı tapşırıb. Ön cəbhədən evə zəng vurub, telefon danışıqlarından birində bacısı Aygünə “mən şəhid olduqdan sonra zəfər çalsaq, hərbi formamı geyinib Zəfər paradında iştirak edərsən” deyib. Sonuncu dəfə telefonla anası ilə danışıb, “ana, sağ olasan, özündən muğayat ol” söyləyib. Vətən müharibəsində torpaqlarımızın işğalına son qoyulması, şəhidlərimizin qisasının alınması şəhidin ailəsinə yaşamağa mənəvi güc verən amillərdir.

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov şəhidin ailəsinə qayğı göstərərək Səidin bacısı Aygünün və qardaşı Seymurun polis orqanlarına xidmətə qəbuluna dair göstəriş verib. Onlar bu gün polis əməkdaşlarıdır.

S.Nəsiboğlunun Səid haqqında yazdığı “Zəfərin oğlu” şeirində belə misralar var:

Şuşa dağlarından dumanı çəkdi,

O, quruyan xarıbülbülü əkdi,

Öz Topxana meşəmizi dirçəltdi,

Zəfəri dadandır Zəfərin oğlu.

Allah rəhmət eləsin!

Yalçın Abbasov

DİN-in Daxili Qoşunlarının veteranı, tədqiqatçı-jurnalist

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar