ABŞ-ın geniş oxucu kütləsinə malik nüfuzlu “Frontpage Magazine” jurnalında “İsrail niyə türk dövlətlərinə üz tutmalıdır?” sərlövhəli məqalə dərc olunub.
Tanınmış israilli poitoloq və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avrahamın qələmə aldığı məqalədə bildirilib ki, Qərbdə bir çox insan bunu dərk etməsə də, Tehrandakı molla istibdadını tarixə qovuşdurmağın yolu Bakıdan keçir. Belə ki, İran hökumətinin öz ölkəsinin türk xalqlarına qarşı davam etməkdə olan son repressiyalarından sonra türk dünyası Tehrandakı mollalara qarşı birləşməyə başlayır və getdikcə Yerusəlimlə ittifaqa doğru irəliləyir.
Azərbaycan son günlər öz sərhədləri daxilində İranın casus şəbəkəsinin həbsindən və ölkə sərhədi boyunca İranın tüğyan edən təcavüzünə qarşı fəal etiraz aksiyasından sonra İsraildə səfirlik açmaq qərarına gəlib. Təxminən eyni vaxtda Türkiyə İsrail ilə az-çox barışıb, Özbəkistan və Qazaxıstan bu ölkə ilə münasibətlərini gücləndirir və yəhudi dövlətinin Tehrana qarşı mübarizədə türk dünyasının 200 milyondan çox insanını əhatə edəcək güclü ittifaq yaratmaq üçün böyük potensialı var. Müəllif Azərbaycan Prezidenti İlham Əliyevin bütün dünya türkləri tərəfindən sevilməsi fonunda sözgüdən proses çərçivəsində Yerusəlimin türk dünyasına bağlanmasında Azərbaycanın əsas rol oynadığını vurğulayıb.
Məqalədə bu yaxınlarda Türk Dövlətləri Təşkilatının Səmərqənddə düzənlənmiş 9-cu Zirvə Görüşündə Azərbaycan Prezidentinin çıxışına diqqət çəkilib: “Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacaq. Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir. Türk dünyası böyük bir ailədir. Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir. Hesab edirəm ki, Türk Dövlətləri Təşkilatının üzvü olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır. Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur”.
İsrailli politoloq düşünür ki, Azərbaycan Prezidenti öz çıxışı ilə sözügedən konfransda digər türk dövlətlərini İran İslam Respublikasında yaşayan etnik azərbaycanlılara qarşı həyata keçirilən repressiyalara qarşı birləşməyə çağırıb. Türk Dövlətləri Təşkilatının üzvləri arasında Azərbaycan Prezidentinin sözlərinin böyük çəkiyə və təsirə malik olduğunu qeyd edən müəllif bu müraciətin artıq türk dünyasını Tehrana qarşı blok yaratmağa sövq etdiyini diqqətə çatdırıb, eyni zamanda türk dünyasındakı anti-İran əhval-ruhiyyəsini İsraillə ittifaqa çevirmək üçün irəlidə hələ görüləsi işlərin olduğunu diqqətə çatdırıb.
Məqalədə bu fikir vurğulanır ki, hadisələrin sözügedən cərəyanı nəzərə alındığı halda, İsrail dövlətinin türk dövlətləri ilə birlikdə İran əleyhinə koalisiya qurmağa başlamasının vaxtı çatıb. Öz növbəsində bu ölkələrdən Tehrandakı molla qaragüruhunu mühasirəyə alaraq cənubi azərbaycanlıların İrandan ayrılıb öz azadlığını və müstəqilliyini bərpa etmələri üçün baza kimi istifadə edilə bilər. Türk ölkələri İrandakı türkmənlərin də milli istiqlala qovuşmasına kömək edə və bununla əsarətdəki digər xalqların İrandan ayrılaraq müstəqilliklərini əldə etməsi prosesinə təkan verə bilər. Bütün bunlar nəticədə müntəzəm şəkildə “Amerikaya ölüm” və “İsrailə ölüm” şüarları səsləndirən, beynəlxalq hüquqa zidd olaraq nüvə silahı istehsal edən xalqlar həbsxanasının dağılmasına gətirib çıxarar. İsraillə türk dövlətləri arasında parlaq əməkdaşlıq perspektivlərinin həddi-hüdudu olmamasına əminliyini ifadə edən müəllif Azərbaycanın bu ölkədə səfirliyinin açılmasını bütün Yaxın Şərqi və Mərkəzi Asiyanı nurlandıracaq sülh məşəlinin qığılcımı adlandırıb.
Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://www.frontpagemag.com/why-israel-should-reach-out-to-the-turkic-countries/


Şərhlər
İnsana öz ölkəsi haqqında belə sözlər eşitmək nə qədər xoşdur.