Menu

Yaponiya Baş nazirinin xüsusi köməkçisi uyğur nümayəndə heyəti ilə görüşüb - FOTO

07.12.2022, 17:04
Yaponiya Baş nazirinin xüsusi köməkçisi uyğur nümayəndə heyəti ilə görüşüb - FOTO

Yaponiya Baş naziri Fumio Kişidanın milli təhlükəsizlik siyasəti və nüvə tərksilahı üzrə xüsusi müşaviri Nobuo Kişi Dünya Uyğur Konqresinin (DUK) nümayəndə heyəti ilə görüşüb. Nobuo Yaponiyanın keçmiş müdafiə naziri və bu ilin əvvəlində öldürülən keçmiş Baş nazir Şinzo Abenin qardaşıdır.

Bu barədə Dünya Uyğur Konqresinin sədri Dolkun İsa tvitter hesabında yazıb: “Yaponiyanın Təhlükəsizlik və İqtisadiyyat naziri xanım Sanae Takaiçinin müşayiəti ilə onun Parlament ofisində görüşmək mənim üçün böyük şərəfdir. Görüş zamanı biz Çin və uyğur məsələlərindən, Yaponiyanın beynəlxalq və yerli səviyyədə öhdəlikləri haqqında danışdıq”.

Yaponiyalı jurnalist Kaori Arimotonun yazdığına görə, ilk dəfədir ki, Yaponiyanın hazırkı kabinet naziri Dünya Uyğur Konqresinin prezidenti ilə görüşür.

Dünya Uyğur Konqresi həm Şərqi Türküstanda, həm də xaricdə uyğur xalqının kollektiv maraqlarını təmsil edən beynəlxalq təşkilatdır. Təşkilat 2004-cü ildə Almaniyanın Münhen şəhərində Şərqi Türküstan Milli Konqresi və Dünya Uyğur Gəncləri Konqresinin vahid bir təşkilatda birləşməsindən sonra yaradılıb.

DUK-nin əsas məqsədi Uyğur xalqının Şərqi Türkistanın siyasi gələcəyini müəyyən etmək üçün zorakılıqdan uzaq, dinc, demokratik vasitələrdən istifadə etmək hüququnu təşviqidir.

DUK ABŞ Konqresinə, Aİ-yə üzv dövlətlərə, Aİ və BMT-nin insan hüquqları mexanizmlərinə diqqət yetirərək, Çin Xalq Respublikasında (ÇXR) uyğurların insan hüquqlarının vəziyyəti ilə bağlı geniş spektrli maarifləndirmə və təbliğat kampaniyaları ilə məşğul olur.

L.SƏMLA

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol