Dekabrın 8-də Ukraynanın şərqindəki mövqeləri və yaşayış məntəqələri Rusiya qüvvələri tərəfindən yeni hücumlara məruz qalıb. Məlumatı dekabrın 8-də Ukrayna ordusunun Baş Qərargahı yayıb. Moskvanın ilhaq etdiyi Krımda Rusiyanın Qara Dəniz donanmasının yerləşdiyi Sevastopol liman şəhərində isə böyük partlayış baş verdiyi bildirilir.
Rusiya mətbuatı Sevastopolun mərkəzində böyük partlayışın, bundan bir neçə saniyə öncə isə raket buraxılışına bənzər səsin eşidildiyini yazıb. Sevastopola Moskvanın təyin etdiyi administrator Mixail Razvojayev bildirib ki, partlayış dron düşməsi nəticəsində baş verib. Onun “Telegram”da yazdığına görə, Rusiya donanmasının gəmisi Qara dəniz üzərində dronu vurub. Ancaq o, dronun kimə məxsus olduğunu dəqiqləşdirməyib.
Avqustdan bəri Sevastopolda bir neçə partlayış baş verib, Rusiya buna Ukraynanın dron hücumlarının səbəb olduğunu bildirib.
Bu arada Rusiya qüvvələri Ukraynanın Donetsk və Luqanskdakı mövqelərini raket hücumları və bombardmana məruz qoyub.
Şimal-şərqi Xarkovda isə Rusiya sərhədinin bir neçə kilometrliyində yerləşən Ternova kəndinə hücum gerçəkləşdirilib. Ukrayna ordusu Rusiya işğalçılarının Melitopol və Zaporojyedə yerli əhalini səfərbər etməyə başladığını bildirir.
“AzPolitika.info”


Şərhlər