20-21 dekabr 2022-ci il tarixində Bakı və Şuşa şəhərlərində keçirilmiş “Diaspor Məsələlərinə məsul Dövlət Qurumları Rəhbərlərinin Beynəlxalq Bakı/Şuşa Forumu”nun iştirakçılarının imzaladığı BİRGƏ BƏYANAT ziyalılar və ölkə ictimaiyyət tərəfindən müsbət qiymətləndirilir.
Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov bildirib ki, Forumun keçirilməsi və belə bir bəyanatın imzalanması çox ciddi tarixi əhəmiyyətə malikdir: “Türk Dövlətləri Təşkilatının Zirvə toplantılarında türk dünyasının birliyi üçün müəyyən proqramlar, layihələr irəli sürülür. Onların müəyyən bir hissəsini bizim diaspor təşkilatlarımız görməlidir. Azərbaycan diasporunun artıq çox ciddi, zəngin, praktik və məhsuldar təcrübəsi var. Ona görə də Azərbaycan diasporunun türk dünyasının birliyi ilə bağlı, türk məkanında gedən inteqrasiya ilə bağlı öz töhfələrini verməyə imkanı çatır”.
N.Cəfərov hesab edir ki, bu gün çox aktual olan türk xalqlarının yaşadığı məkanlarda ana dilində təhsil alması məsələsi diaspor təşkilatlarımızın birgə görüşlərində səslənməli və xüsusi əhəmiyyətli problem kimi irəli sürülməlidir: “Tarix elə gətirib ki, türk xalqları müəyyən məkanlarda, özü də toplu halında, öz tarixi vətənlərində yaşayırlar, ancaq ana dilində təhsil almaq hüququndan məhrumdurlar. Çalışmaq lazımdır ki, soydaşlarımız Azərbaycan, özbək, tatar, uyğur və s.dillərdə təhsil ala bilsinlər. Yəni hər kəsin öz ana dilində təhsil almaq hüququ bərpa olunsun. Bizim diaspor təşkilatları bu istiqamətdə çox əhəmiyyətli işlər görə bilər. Dünyanın hər yerində, harda türk xalqlarından olan insanlar varsa, onlar bu məsələni ümumi şəkildə, ümumdünya hadisəsi, insan hüquqları hadisəsi kimi irəli sürə bilərlər. Bu bəyanatda məhz bu mövzunun xüsusi yer alması çox əhəmiyyətlidir. Çünki məsələ çox aktualdır, həm də insanidir, ümumbəşəridir. Bu məsələyə belə diqqət olunmasını təqdirəlayiq hesab edirəm”.
Mətbuat Şurası İdarə Heyətinin sədri Rəşad Məcid qeyd edib ki, “Diaspor Məsələlərinə məsul Dövlət Qurumları Rəhbərlərinin Beynəlxalq Bakı/Şuşa Forumu”nun iştirakçılarının bəyanatı zamanında verilib: “TDT-yə üzv olan ölkələrin rəhbərlərinin fikirləri, eləcə də Azərbaycan Prezidentinin səsləndirdiyi fikirlər bu bəyanatda öz əksini tapıb. Bu gün 200 milyonluq türk dünyasının sərhədlərlərindən kənarda da türk dilində danışan türk xalqları yaşayır. Çox təəssüf edirik ki, orada yaşayan gənclər, uşaqlar öz ana dilində təhsildən məhrumdurlar. XXI əsrdə belə vəziyyətin mövcudluğu təkcə türk dövlətlərini deyil, bəşəriyyəti narahat etməlidir. On milyonlarla insanın öz ana dilində təhsildən məhrum olması XXIəsr üçün görünməmiş hadisədir. İnanıram ki, bunun ardınca əməli fəaliyyət göstəriləcək, TDT-yə üzv dövlətlərin gənclərinin, eləcə də bu məsələni gündəmdə saxlamaq üçün təhsil imkanlarından məhrum olan gənclərin iştirakı ilə beynəlxalq səviyyədə forumlar təşkil ediləcək. Bu məsələ dünya ictimaiyyətinin diqqətinə çatdırılmalıdır. Türk dünyası bizim ana dilində təhsildən məhrum olan soydaşlarımıza dəstək göstərməlidir. Bu baxımdan TDT-yə üzv dövlətlərin diaspor məsələlərinə məsul qurumların rəhbərlərinin bəyanatını çox həssas və zamanında verilmiş bəyanat hesab edir və bu fəaliyyətdən müsbət nəticələr gözləyirəm”.
“Azəri Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı da hesab edir ki, Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin diasporlarının birgə fəaliyyəti ilə bağlı qəbul edilən qərarlar çox böyük əhəmiyyət daşıyır: “Mən xatırlayıram ki, Heydər Əliyev ilk dəfə dünya azərbaycanlılarını bir araya toplayanda, o zaman Türkiyədən türk diaspor təşkilatlarını da dəvət etmişdilər. İlk qurultayda belə bir bəyannamə, belə bir açıqlama vardı ki, biz Azərbaycan və Türkiyə olaraq önəmli milli məsələlərimizdə birgə hərəkət etməliyik. Sonra cənab Prezidentimiz İlham Əliyev Dünya Azərbaycanlılıarının qurultaylarında bunu daha da genişləndirərək, rəsmi sənədlər qəbul edilməsini tövsiyə etdi. Azərbaycan və Türkiyə diaspor təşkilatları uzun zamandır məhz bu rəsmi sənədlər əsasında birgə fəaliyyət göstərirlər. “Erməni soyqırımı” iddialarına qarşı mübarizədə, Qarabağ işğalda olduğu dönəmdə Azərbaycanın səsinin dünya ictimaiyyətinin gündəminə daşımaqda çox böyük addımlar atılıb. Əlbəttə, Diasporla İş üzrə Dövlət Komitəsi qurulandan sonra bu, daha koordinasiyalı və daha təşkilatlanmış formada həyata keçirilib. İndi də Türk Dövlətləri Təşkilatının qəbul etdiyi belə açıqlamalar, bəyannamələr çox önəmlidir. Bu, gücümüzə güc qatacaq, Vətən müharibəsində qazandığımız böyük Zəfərin daimi olaraq qalmasına və beynəlxalq təşkilatlarda səsimizin daha çox duyulmasına kömək edəcək. Atılan hər addım təqdirəlayiqdir. Bu məsələlərdə Şuşa Bəyannaməsinin də çox önəmli rolu var. 2023-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı elan edilmiş Şuşanın millətimiz və dünya türkləri üçün nə dərəcədə əhəmiyyətli olmasını göstərmək yolunda atılacaq hər bir addımın böyük əhəmiyyəti var. Mən bu işdə əməyi keçən hər kəsi təbrik edirəm, çox böyük addımdır, çox böyük bir işdir. Millətimiz üçün, Türk dünyası üçün xeyirli, uğurlu olmasını arzu edirəm”.


Şərhlər
Bu "azəri" sözünü leksikondan çıxarmaq lazımdır.Biz,"azəri" deyil,Azərbaycan türkləriyik.