Menu

Şagird valideynləri üçün vacib layihə - İKT bacarıqları inkişaf etdiriləcək (FOTOLAR)

06.01.2023, 17:14
Şagird valideynləri üçün vacib layihə - İKT bacarıqları inkişaf etdiriləcək (FOTOLAR)

“Zəngi” Liseyində “Təhsilalanların iştirakı ilə məktəb icmasında valideynlərin İKT bacarıqlarının inkişaf etdirilməsinə dəstək proqramı” layihəsinin icrası davam etdirilir.

Layihə rəhbəri, Təhsildə inkişaf və innovasiyalar üzrə VI Qrant Müsabiqəsi qalibi Günel Pirizadə bildirir ki, bu, olduqca vacib problemin həllinə kömək etməyə istiqamətlənmiş layihədir. Onun sözlərinə görə, hazırda respublikamızda bütün sahələrdə mütəxəssislərin informasiya və kommunikasiya texnologiyaları (İKT) ilə işləmək və onlardan düzgün istifadə etmək bacarığına çox böyük önəm verilir.

G.Pirizadə vurğulayır ki, hazırda İKT savadı olmayan şəxsin dövlət və ya özəl sektorlarda perspektivli iş tapması yalnız təsadüf nəticəsində mümkün ola bilər: “İKT biliyinə mükəmməl yiyələnməyin ən yaxşı yolu isə elə orta məktəbdən başlayır. İbtidai siniflərdən başlayaraq təhsilin İKT əsasında qurulması, şagirdlərə ənənəvi dərslərlə yanaşı ilkin informatik biliklərin öyrədilməsi, məktəblilərin komputerlə, internetlə işləməyə psixoloji hazırlanması uşaqların savadlı və istedadlı kadr kimi yetişməsində çox mühüm rol oynaya bilər”.

Layihə rəhbəri əlavə edir ki, dünya təcrübəsi İKT-dən istifadə etməklə qurulan müasir təhsil modeli məktəbin pedaqoji heyəti qarşısında da yeni tələblər və vəzifələr qoyduğunu göstərir: “Bu gün pedaqoji professionallığın informatik keyfiyyətini artırmadan İKT-nin təhsil sisteminə səmərəli tətbiqinə nail olmaq qeyri -mümkündür. Bu səbəbdən müəllimlərin tək öz seçdikləri fundamental biliklər, pedaqogika və psixologiya sahəsində deyil, həm də informasiya sahəsində yenidən təlim alması olduqca aktuallaşır. Artıq yeni nəslin müəllimlərindən konkret öyrətdikləri fənnin struktur məzmununa və məqsədinə uyğun, uşaqların individual xüsusiyyətlərini nəzərə alan, şagirdlərin harmonik inkişafını mümkün edən texnologiyaları seçib tədrisdə tətbiq etmək tələb olunur”.

Pirizadə vurğulayır ki, qeyd edilənlər müəllimlər qədər valideynlərə də aid vacib bir məsələdir.

“Belə ki, məktəb mühitində İKT-dən istifadə edilməsi ev mühitində də valideyn tərəfindən şagirdlərə dəstək göstərilməsini bir növ qaçılmaz edir. Lakin hazırda şagirdlərin böyük əksəriyyətinin İKT bacarıqları valideynlərdən daha da yuxarı səviyyədədir. Bu da bəzi valideynlərin şagirdlərə dəstək və tədris prosesi çərçivəsində informasiya cəmiyyyətinə inteqrasiyasında zəif olmasına gətirib çıxarır”, - o əlavə edir.

Layihə rəhbərinin sözlərinə görə, əksər valideynlərin övladlarına İKT ilə bağlı dəstəkdə zəif olmasına bir neçə səbəblər var:

İKT bacarıqlarının olmaması;

İKT-nin inkişafın ayrılmaz hissəsi olmasını qəbul etməmək;

İKT-nin imkanlarını düzgün qiymətləndirməmək;

Texniki avadanlığın olmaması;

Övlada yetərincə zaman ayrılmaması.

Günel Pirizadə deyir ki, qeyd olunan problemlərin nəticəsində valideynlərin İKT bacarıqlarının aşağı olması, şagirdlərin dərsdən sonra İKT ilə bağlı hər hansı dəstək almamaqları və öyrəndiklərini bərkitmək üçün şərəatin olmaması ilə yanaşı digər problemlərə də yol açmış olur. “Belə ki:

Rəqəmsal informasiyalardan faydalanmaqda çətinliklər;

Göndərilən informasiyaların qəbul edilməməsi və vaxtında cavablandırılmaması;

Məktəbin tam rəqəmsal fəaliyyətə keçməsinə maneçilik;

Rəqəmsal bacarıqlara elmi və texnoloji istiqamətdən deyil, sosial şəbəkə və əyləncə baxımından yanaşma nəticəsində övladının İKT bacarıqlarının inkişafına mane olmaq;

Virtual aləmdə övladının təhlükəsizliyini qoruya bilməmək”.

Onun sözlərinə görə, layihə çərçivəsində pilot olaraq məktəb üzrə 200 valideynin məktəb icmasında sosial yönümlü layihəyə cəlb etməklə 9-11-ci sinif şagirdlərinin (20 şagird) köməyilə onlara İKT sahəsində bilik və bacarıqların aşılanması dəstək göstəriləcək: “Təklif etdiyimiz layihənin əsas məqsədi təhsilalanların (8-11-ci sinif şagirdləri) iştirakı və birbaşa dəstəyilə məktəb icmasında 200 valideynin İKT sahəsi üzrə bilik və bacarıqların inkişaf etdirilməsi istiqamətində onları sosial yönümlü layihəyə cəlb etməklə bu sahədə dəstək olmaq və onların məktəb həyatında iştirakının genişləndirilməsi nail olmaqdır”.

Pirizadə daha sonra layihədən gözlənilən əsas nəticələri sadalayıb:

“Valideynlərdə İKT bacarıqları formalaşır;

200 valideyn sosial yönümlü layihəyə cəlb olunur;

Valideynlər şagirdlərlə birgə məktəb həyatında iştirakını genişləndirir;

Ev tapşırıqlarının yerinə yetirilməsində övladına dəstək olur;

İnternet resurslardan səmərəli istifadə edə bilir;

Virtual aləmdə övladının fəaliyyətini izləyə bilir;

Məktəbin rəqəmsal fəaliyyətində iştirak edə bilir”.

Rasim

“AzPolitika.info”



Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol