Bəlucistanda Pakistan-İran sərhədində baş verən hücumlarda dörd təhlükəsizlik əməkdaşı öldürülüb.
Pakistan Silahlı Qüvvələrinin Xidmətlərarası İctimaiyyətlə Əlaqələr (ISPR) bölməsinin yaydığı məlumata görə, Bəlucistan əyalətinin Pəncqur bölgəsinin Çukab sektorunda Pakistan-İran sərhədində terror aktı zamanı təhlükəsizlik qüvvələrinin 4 əməkdaşı şəhid olub.
ISPR-ın məlumatında bildirilir ki, yaraqlılar sərhəddə keşik çəkən təhlükəsizlik qüvvələrinin karvanını hədəfə almaq üçün İran ərazisindən istifadə ediblər. Pakistan tərəfi İrandan onların ərazisində olan yaraqlıların tutulmasını istəyib.
Hadisəni pisləyən Baş nazir Şahbaz Şərif tvitter hesabında “Biz gözləyirik ki, İran öz torpaqlarının transsərhəd hücumlar üçün istifadə edilməməsini təmin edəcək” yazıb.
Prezident Arif Alvi də hücumu pisləyərək, bütün xalqın terrorla mübarizədə qərarlı olduğunu bildirib.
Keçən ilin oktyabrında İran hakimiyyəti Sistan-Bəlucistanın paytaxtı Zahedanda etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalardan sonra Taftanda Pakistanla sərhədi iki gün müddətinə bağlamışdı.
2021-ci ilin fevralında Sistan-Bəlucistanın Saravan bölgəsində şiddətli nümayişlər və hökumət idarələrinə hücumlardan sonra Pəncqurdakı sərhəd bağlanıb.
L.SƏMLA
AzPolitika.info


Şərhlər