“TERRORUN MƏSULİYYƏTİ İRANIN ÜZƏRİNDƏ QALIR” – “Gördüklərimiz hüquqa həqarət idi”

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, millət vəkili Sadiq Qurbanov Tehranda Azərbaycan Səfirliyinə qarşı edilən silahlı hücuma münasibət bildirib.

Deputat “AzPolitika.info”-ya açıqlamasında hadisəni “terror” adlandıraraq qeyd edib ki, yayılan videogörüntülər cinayətin planlaşdırılaraq həyata keçirilməsindən xəbər verir: “Əvvəla, terrorçu Azərbaycan Səfirliyinin binasına gəlir, kuvaltla qapıya zərbələr endirir, daha sonra avtomat silahdan atəşə tutur. Bundan başqa, səfirliyə məxsus avtomobili yandırmağa cəhd edir. Bu zaman binanın mühafizəsini təşkil edən İran polisinin əməkdaşı heç bir reaksiya vermir. Hətta biz görürük ki, o hadisə anında postdan uzaqlaşır. Normal qaydada polis nəfəri dərhal terrorçuya müdaxilə etməli, əraziyə polis naryadı çağırmalı, hətta üzərindəki silahdan istifadə etməliydi. Vyana Konvensiyasına görə, xarici səfirliklər, orada çalışan diplomatlar və onların ailələrinin təhlükəsiziliyi dövlət tərəfindən qorunur. Biz gördük ki, İran dövləti bu öhdəliyini yerinə yetirməyə cəhd belə etməyib”.

Sadiq Qurbanov hadisəyə İran hökumətinin verdiyi reaksiyanın adekvat olmadığını və bunun da terrorun həyata keçirilməsində xüsusi xidmət orqanlarının iştirakı ilə bağlı versiyaları gücləndirdiyini deyir: “İran Xarici İşlər Nazirliyi, digər rəsmi şəxslər terror aksiyasının miqyasını kiçildərək onu ailə-məişət səviyyəsinə endirməyə cəhd edirlər. Maraqlıdır, bu zaman cinayəti törədən şəxsin ifadələrinə əsaslanırlar və onu həqiqət kimi təqdim edirlər. Mən çox təəccüb elədim, terrorçu dövlət televiziyasına, başqa media orqanlarına sərbəst müsahibələr verir, bu zaman onu heç polis, təhlükəsizlik qurumlarının əməkdaşları müşayiət belə etmirlər. Daha sonra onun dediklərini tirajlayıb hadisənin əsas motivi kimi göstərirlər. Bu hüquqa həqarətdir. Cinayət şübhəlisi dərhal istintaq orqanları tərəfindən sorğuya alınmalıdır, daha zərərçəkmiş, əzabkeş kimi ictimaiyyətə tədim edilməməlidir. Hökumət bəyan etməlidir ki, cinayətin istintaqı aparılır, Azərbaycan hüquq-mühafizə orqanlarını da bu prosesdə iştirak etməyə dəvət edirik. Gördüyünüz kimi, bunların heç biri baş vermədi və bu da İran hakimiyyətinin hadisənin törədilməsində maraqlı olması barədə şübhələri artırır”.

Komitə sədri İran tərəfinin təqdim etdiyi “Yasen Hüseynzadə 9 aydır arvadını görə bilmir, Azərbaycan onun haqqında məlumat verməyib” arqumentini də gülünc adlandırır: “Necə ola bilər ki, dünyaya meydan oxumaq iddiasında olan İran dövləti Azərbaycandan öz vətəndaşı haqqında informasiya ala bilmir? Bu barədə müraciətlər olubmu, olubsa, nə zaman edilib, nə cavab verilib? Təəssüf ki, bu barədə məlumat yoxdur. Xatırladım ki, Ramil Səfərov Macarıstanda erməni hərbçini öldürmüşdü, bir müddət sonra Azərbaycan dövləti onu alıb gətirdi. İndi İranın belə bir imkanı yoxdurmu ki, 9 ayda xəbər alına bilməyən vətəndaşının ölkəyə qaytarılmasını təmin etsin?!”

Millət vəkili bildirir ki, ortada olan faktlar hadisənin ailə-məişət səviyyəsində törədilən cinayət olduğunu qəti şəkildə inkar edir: “Bu hadisə Azərbaycan Respublikasına qarşı terrordur, İran dövləti şəffaf istintaq aparmalı, Azərbaycan hüquq-mühafizə orqanlarının prosesdə iştirakını təmin etməli, cinayəti planlaşdıran, icra edən, yardım edən şəxsləri ən ağır şəkildə cəzalandırmalı, Azərbaycan hakimiyyətindən rəsmi qaydada üzr istəməlidir. Əks halda, bu terrorun məsuliyyəti birbaşa İran dövlətinin üzərində qalır”.

Rasim Əliyev

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar