Qəbələdə meşədə tapılan insan skeleti ilə bağlı bəzi təfərrüatlar məlum olub - VİDEO

Qəbələdə dünən meşədə tapılan insan skeleti ilə bağlı müəyyən detallar bəlli olub.

APA-nin Şirvan bürosu xəbər verir ki, qalıqların iki ay əvvəl itkin düşmüş qəbələli iş adamı Səyavuş Həmidova aid olduğu bildirilir. Bu, onun qardaşı tərəfindən də təsdiqlənib.

Bu gün Səyavuş Həmidovun ailə üzvləri və yaxınları qalıqların tapıldığı ərazidə olub, ona aid gödəkcə, telefon kartı və daraq tapıldığının da şahidi olublar.

Səyavuş Həmidovun qardaşı Mehdi Həmidov dünən tapılan meyit qalıqlarının qardaşına aid olduğunu və bu gün tapılan əşyaların da bunu sübut etdiyini vurğulayıb.

O, tapılan qalıqlarla bağlı ekspertizanın nəticələrinin yaxın günlərdə açıqlanacağını deyib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Mənsimov APA-ya bildirib ki, skeletin tapıldığı ərazidə aşkarlanan gödəkcə, telefon kartı və darağın itkin düşən Səyavuş Həmidova aid olduğunu bu gün ailə üzvləri təsdiq edib.

DİN əməkdaşı tapılan meyitin kimliyinin ekspertizanın cavabından sonra dəqiq bilinəcəyini açıqlayıb.

Qeyd edək ki, Qəbələ sakini, 1973-cü il təvəllüdlü Həmidov Səyavuş İbrahimxəlil oğlu ötən il noyabrın 29-da rayonda sahibi olduğu mağazadan çıxıb və geri qayıtmayıb.

Onun itkin düşməsi ilə bağlı Qəbələ Rayon Polis Şöbəsinə məlumat daxil olub, tapılması istiqamətində axtarışlara başlanıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar