“UKRAYNA MƏSƏLƏSİNDƏ CƏSARƏTLİ OLSAYDIQ...” – “Putin sonsuz sayda insanın həyatını məhv edib”

“Biz on illərlə Ukrayna və NATO məsələsində diplomatik qeyri-müəyyənlikdən istifadə etdik və bu, tam fəlakətlə nəticələndi”.

“AzPolitika.info” xəbər verir ki, bunu Böyük Britaniyanın sabiq Baş naziri Boris Conson “The Washington Post”-da dərc edilən məqaləsində yazıb.

Conson qeyd edib ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin qarşısını vaxtında almaq olardı. Lakin bunun üçün NATO dövlətləri Ukraynanı təşkilata qəbul edəcək cəsarət göstərməli idilər: “Əgər biz Ukraynanı NATO-ya cəlb etmək üçün cəsarət və ardıcıllıq göstərsəydik, bu fəlakətdən yayına bilərdik”.

Sabiq Baş nazirin fikrincə, NATO ölkələri sözdə bir, əməldə isə başqa mövqe göstərirdilər: “Biz illərlə ukraynalılara dedik ki, NATO-da “açıq qapılar” siyasəti yürüdürük və onlar öz talelərini özləri seçmək hüququna malikdirlər. Rusiyanın isə buna veto qoymaq haqqı yoxdur. Lakin eyni zamanda da Rusiyaya birmənalı şəkildə eyham vururduq ki, Ukrayna heç zaman alyansa qəbul edilməyəcək. Çünki bir çox alyans üzvləri öz veto hüquqlarını tətbiq edəcəklər. Nəticə - Avropada son 80 ilin ən pis müharibəsi. Rusiya Prezidenti Vladimir Putin sonsuz sayda insan həyatını, evləri, ümid və arzuları məhv etdi. Putin Ukraynaya onun NATO-ya qəbul olunmağa hazırlaşdığını düşündüyü üçün hücum etməyib. O, həmişə bilirdi ki, bu, az ehtimal olunur. O, Ukraynaya ona görə hücum etdi ki, biz Ukraynanın müdafiəsinə o qədər də ciddi yanaşmırdıq. O, belə hesab edirdi və buna dair xeyli sübutları var idi”.

Sabiq Baş nazir hesab edir ki, ukraynalılar NATO-nun verdiyi silahlardan bacarıqla istifadə edirlər və artıq bəzi şeyləri NATO Ukrayna hərbçilərinə deyil, əksinə, ukraynalılar NATO-ya öyrədə bilərlər. Conson sonda yazıb ki, NATO Ukraynanın müharibəni mümkün qədər qısa müddətdə başa vurması üçün ona hər cür yardım göstərməlidir.

C.Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

Roma 2023-02-04 15:12:59

Hamı bu kişi qeyrətdə olsaydı çoxdan Rusiyanın burnu ovulmuşdu...

Son yazılar