Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov Bakının relyefi və tektonik quruluşunun 9 mərtəbədən yuxarı binaların tikintisinə imkan vermədiyi barədə fikirlərin əsassız olduğunu bildirib.
Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini APA-ya müsahibəsində deyib ki, 2010-cu ilə qədər ölkə ərazisində 39 metrə qədər rabitəli dəmir-beton karkas binaların tikilməsinə icazə verilirdi: “Tikinti normaları təkmilləşdirildikdən sonra artıq 58 metr hündürlüyündə rabitəli dəmir-beton monolit karkas binaların tikintisinə icazə verilir. Bu gün hətta Azərbaycanda metal konstruksiyalar tətbiq etməklə 75 metr və daha hündür binaları da tikmək olar. Texniki baxımdan burada heç bir maneə yoxdur. Təki, hər şey norma və qaydalar çərçivəsində həyata keçirilsin. Geoloqlar ərazidə işlədikdən sonra müəyyənləşdirir ki, ərazidə hansı bala uyğun bina tikilməlidir. Artıq onun neçə mərtəbəli olmasının fərqi yoxdur. Əgər baş plan imkan verirsə, layihəçi 20-30, hətta 40-50 mərtəbəli bina da layihələndirsə, bunu tələb olunan bala hesablamalıdır. Bakıda yüksəkmərtəbəli binaların tikintisinə harada icazə verilib-verilməməsinə şəhərsalma nöqteyi-nəzərindən baxılır. Texniki baxımdan isə əgər layihələndirmə düzgün aparılıbsa və tikinti də layihəyə uyğun həyata keçirilibsə, bunun heç bir qorxusu yoxdur. Ötən illərdə Yaponiyada baş vermiş zəlzələ yəqin ki, yadınızdadır. 9 bala yaxın bir zəlzələ baş verdi və gördüyünüz kimi, ərazidə 70-90 mərtəbəli binaların heç biri uçmadı. Sadəcə alçaqmərtəbəli köhnə binalar dağıldı. İnsan tələfatı isə əsasən zəlzələnin yaratdığı sunamidən oldu. Deməli, layihələndirmə düzgün aparılıb və tikinti işləri də layihəyə uyğun icra edilib”.


Şərhlər
Əgər Bakıda 35 mərtəbəli binaların inşasının mümkünlüyü ilə bağlı fikirləri hər hansı sıravi yapon, sıravi ingilis, küçədənkeçən sıravi alman desə idi inanardım. Bunu binalarda seysmik təhlükəsizliyə cavabdehlik daşıyan bir qurumun məmuru deyirsə onun söylədikləri həqiqət olmuş olsa da belə mən inanmayacağam.Əvvəla, millətimə əla bələdəm. Onun məmurlarının isə dabbaqda gönünə bələdəm. Bu açıqlamadan dərhal sonra ilk olaraq ağlıma o gəldi ki, adamın kürkünə birə düşüb, ikinci ağlıma o gəldi ki, rəhbərlik tərəfindən təlimatlandırılıbdır. Üçüncü ağlıma o gəldi ki, ALLAH eləməmiş Bakıda zəlzəlkə olsa bu təminatı verənlər elə qaçıb aradan çıxacaqlar ki, biz onları yer kürəsinin heç bir yerində tapa bilməyəcəyik.Ey bütün məmurlar sizə o qədər inanmır, o qədər etibar etmirəm ki, cırıx çarığı belə yanınızda qoyub suya getmərəm.
Azərbaycandakı tikintini Yaponiya kimi inkişaf etmiş,həm də mağara təfəkkürlü k....ərdən uzaq bir dövlətlə müqayisə etmək doğru deyil.Birincisi,sementimiz gipslə qarışıqdır.İkincisi,beton töküldükdən sonra güenlərlə betonun üstünə su axıdılır ki,möhkəmlənsin.Armaturların tərkibi standarta uyğun deyil.Hansını deyim?
Bakı şəhərində indiyədək tikilən binaların 99.99 %-nin geoloji hesablanması aparılmayıb və buna da nəzarət olunmayıb. Bu günjü "səviyyəmizlə" heç 2 mərtəbəli bina da tikilməməlidir. Camaat yazıqdır, onların günahına girməyin
Xahiş edirəm mənim şərhimi verin.
Elxan m. hər yerdə şərt budaq cümləsi ilə danışırsınız. Əlbəttə Sizinlə razıyıq: "Təki, hər şey norma və qaydalar çərçivəsində həyata keçirilsin… Texniki baxımdan isə əgər layihələndirmə düzgün aparılıbsa və tikinti də layihəyə uyğun həyata keçirilibsə, bunun heç bir qorxusu yoxdur.". Elxan m., əzizim, axı reallıqda, bizim Bakı şəhərimizdə çox yerlərdə tikintilər layihəyə uyğun aparılmır və sakinlərin şikayətinə də baxılmır. Məsələn, Yasamal r. Şərifzadə 33 ünvanda tikilən 4 çoxmərtəbəli (18 mərtəbəli) binalarda ciddi texniki pozuntulara yol verilir. Sakinlərin etirazına fikir verilimir. Rayon icra başçısı Həsənov Elşad Eldar oğlu ilə görüşlərdə sakinlər bu məsələni vurğulayır, lakin Elşad m. diqqət vermir, tədbir görmür. Xahiş edirəm, səlahiyyətinizdən istifadə edərək Şərifzadə 33 ünvanda tikilməkdə olan binaların texniki tələblərə cavab verib-verimədiyinin yoxlanılması barədə sərəncam verəsiniz. Rayon icra başçısı Həsənov Elşad Eldar oğlu ekstremal hallarda həll qəbul etmək qabiliyyətinə malik olan adam deyil. Ondan icra başçısı olmaz! Onun təyinatı səhv təyinatdır.