Menu

Bəxtiyar Hacıyevin təşkilatı ofisini bağladı

17.11.2014, 09:46
Bəxtiyar Hacıyevin təşkilatı ofisini bağladı

Müsbət Dəyişiklik Gənclər Hərəkatı ofisini qeyri-müəyyən müddətə qədər bağlayır.

“Azadlıq” radiosu xəbər verir ki, təşkilatın həmtəsisçisi Bəxtiyar Hacıyev belə açıqlama yayıb. O, “Feysbuk” səhifəsində bunları yazıb: “Çox böyük təəssüf hissi ilə bildiririk ki, Azərbaycan hakimiyyətinin qeyri-hökumət təşkilatları qanunvericiliyinə etdiyi dəyişikliklər nəticəsində hərəkatımızın fəaliyyəti praktiki olaraq mümkünsüzdür. Müsbət Dəyişiklik Gənclər Hərəkatı ofisini qeyri-müəyyən müddətə bağlayır.

Hərəkatımız son illərdə bir çox maarifləndirici layihə reallaşdıraraq gənclərin ictimai fəallığının artırılması, cəmiyyətdə müsbət dəyişikliklərin həyata keçirilməsi üçün gənc liderlərin formalaşdırılması istiqamətində çalışıb. Müsbət Dəyişiklik Kitab Klubu, “Öyrən, liderlik et, xidmət göstər” seminarlar silsiləsi, “Birlik üçün oxu” kimi layihələrimiz gənclərin, cəmiyyətin müxtəlif kəsimlərinin marağını cəlb edib.

Lakin son zamanlar QHT qanunvericiliyinə edilən dəyişikliklər beynəlxalq donorların təsdiqlədiyi layihələrimizin reallaşdırılmasının qarşısını alıb. Ümid edirik ki, qısa müddətdə həm beynəlxalq donorların, həm də müstəqil təşkilatların fəaliyyətini imkansız edən dəyişikliklər aradan qaldırılacaq, QHT-lərin qeydiyyatı və qeydiyyatsız könüllü fəaliyyətin asanlaşdırılması istiqamətində ciddi addımlar atılacaq”.

ABŞ-ın Harvard Universitetinin məzunu olan Bəxtiyar Hacıyev 2011-ci il martın 4-də həbs edilib, hərbi çağırışdan boyun qaçırmada təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum olunub. 2012-ci il iyunun 4-də Ali Məhkəmə onun vaxtından əvvəl azadlığa buraxılması haqqında qərar qəbul edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol