Menu

Dağıntılar altında neçə gün sağ qalmaq mümkündür? – Dünya rekordu 14 gündür

10.02.2023, 14:35
Dağıntılar altında neçə gün sağ qalmaq mümkündür? – Dünya rekordu 14 gündür

Fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələdən artıq 105 saat keçib. Hələ də bölgədəki axtarış-xilasetmə birlikləri dağıntılar altında qalan insanları xilas etməyə çalışırlar. Lakin saatlar irəllilədikcə insanların yaşam şansı bir qədər də azalır.

Bəs bu cür təbii fəlakətlərdə uçqun altında neçə gün sağ qalmaq mümkündür?

“AzPolitika.info” Türkiyə mətbuatına istinadla xəbər verir ki, Təcili Tibbi Yardım Mütəxəssisləri Dərnəyinin rəhbəri Başar Cander bu barədə bildirib ki, insanların dağıntılar altında nə qədər sağ qalacaqlarıyla bağlı dəqiq nəsə demək mümkün deyil: “Bu, susuzluğa, aclığa və mühitə görə dəyişir. İnsan bədəni 9 gün susuzluğa tab gətirə bilər. Dağıntılar altından çıxarılanlara baxdıqda onların ciddi xəsarət almadıqlarını görürük. Əgər travma keçirsəydilər, bu qədər yaşaya bilməzdilər. Digər tərəfdən, soyuq hava maye itkisinə müsbət töhfə verir. Qida qəbulu olmadıqda isə orqanizmin suya ehtiyacı artır”. 

Qeyd edək ki, Türkiyədə dağıntılar altında ən uzun müddət sağ qalmağı bacaran şəxs Nurcan adlı tibb bacısı olub. 1992-ci ildə baş verən Ərzincan zəlzələsində çalışdığı xəstəxananın 3-cü mərtəbəsində olan və qaçmaq istəyərkən pilləkənlərin uçması nəticəsində 1-ci mərtəbəyə yıxılaraq beton bloklar arasında sağ qalmağı bacaran tibb bacısı 9 gün sonra dağıntılar altından xilas edilmişdi.

Təbii fəlakət zamanı dağıntılar altında sağ qalma rekordu isə Riko Dibrivel adlı şəxsə məxsusdur. O, 2010-cu ilin yanvarında Haitidə baş verən zəlzələdən 14 gün sonra sağ çıxarılmışdı.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol