Vladimir Putinin Avropadakı yaxın dostlarından biri sayılan İtaliyanın sabiq Baş naziri Silvio Berluskoni ölkənin hazırkı Baş naziri Corciya Melonini Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdüyü üçün tənqid edib.
“AzPolitika.info” xəbər verir ki, Lombardiyadakı səsvermə zamanı Avropa İttifaqının Brüsseldə keçirilən son sammitində Meloni ilə Zelenskinin görüşünə münasibət bildirən Berluskoni deyib ki, Ukrayna Prezidenti ilə görüşlərin əleyhinədir: “Mən heç vaxt Zelenski ilə görüşməzdim, çünki biz onun ölkəsinin xarabalığa çevrildiyinin, əsgərlərinin və mülki əhalisinin qətlə yetirildiyinin şahidi oluruq”. Bununla da Rusiya işğalına növbəti dəfə haqq qazandırmağa çalışan İtaliya siyasətçisi Ukraynanın bombalanmasına, dağıdılmasına, əhalinin qətlə yetirilməsinə görə məsuliyyəti Zelenski başda olmaqla, elə ukraynalıların özlərinin üzərinə atmış olub...
Məlum olduğu kimi, Berluskoninin Forza İtalia partiyası İtaliya hökumətində təmsil olunur. Buna görə də sabiq Baş nazirin bu açıqlaması hökuməti xoşagəlməz duruma salıb. Nəticədə hazırkı Baş nazir Corciya Meloni xüsusi bəyanatla çıxış etməli olub. Onun ofisinin yayımladığı bəyanatda İtaliya hökumətinin birmənalı olaraq, Ukraynaya “qəti dəstək verdiyi” bir daha təsdiqlənib. Elə Berluskonin partiyasından olan İtaliyanın XİN başçısı Antonio Tajani də bəyan edib ki, onun təmsil olunduğu partiya həmişə Ukraynanın müstəqilliyinin tərəfdarı olub.
C.Məmmədov
“AzPolitika.info”


Şərhlər