Menu

MH17 reysli təyyarənin qalıqları aparıldı

17.11.2014, 11:50
MH17 reysli təyyarənin qalıqları aparıldı

Bir neçə aylıq gecikmədən sonra yerli fəhlələr MH17 reysli təyyarənin qalıqlarını və insan cəsədlərini Şərqi Ukraynada separatçıların əlində olan bölgədən aparıblar.

Holland mütəxəssislərinin nəzarət etdiyi komanda diqqəti təyyarənin cəsədlərin tanınmaz halda olduğu hissələrinə yönəldiblər. Təyyarənin qalıqları və cəsədlər ekspertiza üçün Hollandiyaya göndəriləcək.

Xatırladaq ki, iyulda vurulan təyyarənin göyərtəsində 298 nəfər həlak olmuşdu. Onların əksəriyyəti holland vətəndaşı olub. Qəzada rusyönümlü qiyamçılar ittiham olunsa da, onlar məsuliyyəti öz üzərilərinə götürmürlər.

“Donetsk Xalq Respublikası”ndan olan fəhlələr holland ekspertlərinin nəzarəti ilə təyyarənin hissələrini kəsib kranla yük avtomobillərinə yükləyiblər. Qeyd edək ki, holland mütəxəssislər əvvəlcə qəzanın qalıqlarını təkcə özləri yığışdırmaq istəyirdilər. Öz təhlükəsizliklərindən ehtiyat etdikləri üçün sonradan razılığa gəldilər ki, bu işi qiyamçıların rəhbərləri ilə birgə həyata keçirsinlər. Qrabov kəndi yaxınlığındakı qəza bölgəsində təhlükəsizlik olmadığı üçün bu iş həftələrdir təxirə salınırdı. Yerli döyüşçülərlə razılıq noyabrın 16-dan qəza qalıqlarının aparılmasına şərait yaratdı.

“Həssas hissələr”

Hollandiyanın təhlükəsizlik məsələlərinin araşdırılması üzrə şurası bildirib ki, ekspertiza bir neçə gün çəkə bilər. Qalıqlar qəzanın əsl səbəbini tapmağa kömək edəcək.

Holland ekspertlər bildiriblər ki, qalıqların hamısı təmiz bərpa olunmayacaq. Əvəzində isə diqqət ən mühüm hissələrə yönəldiləcək.

ATƏT-in müşahidə qrupunun nümayəndəsi Maykl Boçurkiv BBC telekanalına bildirib ki, komanda təkər, qanad və yanacaq çənləri olan bölgəni diqqətlə araşdıracaq. Onun sözlərinə görə, həmin hissələrdə sərnişinlərin əksəriyyəti tanınmaz hala düşüblər. “Ona görə də aydın məsələdir ki, onlar təyyarənin ən həssas hissələrdir”, - o deyib.

Qəzada ölənlərin əksəriyyəti holland vətəndaşı olduğu üçün araşdırmalara holland hökuməti rəhbərlik edir. Sentyabrda hollandlar ilkin hesabatda bildirmişdilər ki, təyyarə yüksək sürətli obyektlə toqquşub. Buna baxmayaraq, onlar konkret şəkildə heç kəsi ittiham etməmişdilər.

Ukrayna və Qərb ölkələri iddia edirlər ki, təyyarəni ruslara məxsus raketlə separatçılar vurub. Rusiya isə bu ittihamları inkar edir.

Qeyd edək ki, MH17 Amsterdamdan Kuala Lumpura uçarkən qəzaya uğrayıb. Hadisə Kuala Lumpurdan Pekinə yola düşən Malayziya hava yollarına məxsus MH370 reysli təyyarənin yoxa çıxmasından bir neçə ay sonra baş verib. /eunews.az/

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol