ZƏLZƏLƏNİN DƏHŞƏTLƏRİ – Bəs niyə belə oldu?

6 fevral tarixində Türkiyədə baş vermiş dəhşətli zəlzələdən artıq 15 gün keçir. Ölənlərin sayı 41 mini ötüb, Allahdan onların hamısına rəhmət, yaralılara şəfa diləyirik, 7 minə yaxın bina yerlə yeksan olub, on minlərlə bina zərər görüb. Türkiyə iqtisadiyyatına milyardlarla ziyan dəyib, insan itkilərini isə heç bir pul-para rəqəmləri ilə ifadə etmək mümkün deyil.

Episentrləri Kahramanmaraş və Qaziantep vilayətlərində olan bu zəlzələlər ekspertlərin fikrincə, öz əhatə dairəsinə və dağıdıcılıq gücünə görə dünyanın ən böyük zəlzələlərindən biri kimi tarixə düşdü. Həqiqətən, təsəvvür edəndə adam dəhşətə gəlir. Azərbaycan Respublikasından böyük, təxminən 10-11 mln. insanın yaşadığı 110 min kv. km sahəni, 11 vilayəti və 10 böyük şəhəri əhatə edən çox böyük bir ərazi darmadağın olub.

Türkiyənin bu ağrıları, acıları bizləri də sarsıtdı. Deyirlər zaman acılara ən yaxşı məlhəmdir. Vaxt keçdikcə yaralar qaysaq bağlayır, insanlar özlərinə gəlməyə başlayır, taleləri ilə barışıb yaşamağa davam edirlər. Amma o dəhşətləri də unuda bilmirlər və beyinlərində çoxlu suallar arasında bir sual da dolaşır: bəs niyə belə oldu, yəni, niyə bu qədər dağıntı, insan tələfatı oldu?

Düşünürəm ki, ümumiləşdirsək, görərik ki, burada təbiət və insandan asılı iki böyük səbəb var.

Təbiətdən asılı səbəblər: Məncə, bu böyük səbəbin xüsusi çəkisi təxminən 50% olar. Öz növbəsində bu böyük səbəbi də iki yerə bölmək olar: 

1) Zəlzələ həddindən çox güclü idi – bunun səbəbkar çəkisini təqribən 30 % qiymətləndirmək olar. 

2) Şəhərlər seysmik aktiv zonada yerləşir. Bunun da səbəbkar çəkisi 20% kimi dəyərləndirilə bilər.

Qəbul etməliyik ki, elm, texnika, texnologiya nə qədər inkişaf etsə də, insan hələ ki, təbiət qüvvələri qarşısında acizdir.

Türkiyənin də coğrafi yerləşmə cəhətdən bəxti gətirməyib: üç böyük tektonik plitənin (Avrasiya, Afrika və Ərəbistan) qovşağında yerləşdiyindən və ərazisindən üç böyük qırılma (fay) zonası keçdiyindən, zaman-zaman bu plitələrin sərhədində faylar boyu baş verən tektonik hərəkətlər zəlzələlərin əmələ gəlməsinə səbəb olur. Sonuncu zəlzələ də Şərqi Anadolu qırılma zonasında baş verən tektonik aktivliklə əlaqədardır. Əslində, bu qırılma xətti Qırmızı dənizdən başlayaraq, Ölü dənizdən keçən məşhur fay zonasının şimalda, Türkiyə ərazisində davamıdır.

Keçək ikinci böyük, yəni insandan asılı səbəblərə. Bunları da iki yerə ayırmaq olar: 

1) Binaların tikintisindəki nöqsanlar.

2) İnsanların zəlzələyə hazırlıqsız olması.

Bu böyük səbəbin də xüsusi çəkisi təxminən 50% olar, amma burada nisbət fərqlidir. İnsanların zəlzələyə hazırlıqsız olması səbəbi ən aşağı, təqribən 5%-lə dəyəndirilərsə, deməli, ən böyük səbəb yəqin ki, 45%-lə binaların inşasında yol verilmiş nöqsanlardır. Dağıntıların miqyasının bu dərəcədə ağır olması və çox böyük sayda insan tələfatının baş verməsinin bu ən böyük səbəbini, məncə, xırdalamağa dəyməz, hamımız bilirik: layihə saxtakarlığından və tikinti icrasına nəzarətsizlikdən tutmuş, keyfiyyətsiz tikinti materiallarından və ucuz işçi qüvvəsindən istifadəyə qədər, nə qədər desən nöqsan var. İndi bu işdə günahı ehtimal olunan insanların 150-yə qədərini həbs ediblər, mühakimə edəcəklər. Onlar çox suallara cavab verməli olacaqlar. Bizim “novostroyka” tikib “qaz vurub qazan dolduranlar” və onlara icazə verən, himayədarlıq edənlər də bundan nəticə çıxarsalar, yaxşı olar.

P.S. Zəlzələ ərazisinin mərkəzində yerləşən Hatay vilayətinin Erzin şəhərində (rayon mərkəzi) 7-8 mərtəbəli binaların da olmasına baxmayaraq, bir bina belə bu zəlzələdən zərər çəkmədi və bircə insan itkisi olmadı. Onun bələdiyyə sədri xəbərlərdə müsahibə verirdi. Deməyinə görə, bir dənə də olsun tikinti layihəsinə rüşvət qarşılığında icazə verməyib.

Əsl vətənpərvərlik, bax, budur!

Eşq olsun belə bələdiyyə sədrinə!

Rəşid Fətəliyev,

H.Əliyev adına Coğrafiya İnstitutunun dosenti, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru

635x100

Şərhlər

dadaşyev 2023-02-22 01:11:03

Türkiyədə inşaat sektoru kimi ağır iş yoxdur.Ən çox istismar edilən fəhlələr bu sektordadır,bunu bütün Türkiyə bilir.Naz-nemət içində böyümüş,ömründə bir kubiki burdan alıb ora qoymamış,əli balta-çəkic-sement görməmiş pambıq cücə kimi yumşaq patronlar fəhləyə gün ərzində dinclik vermədən elə işlədirlər ki,yazıq fəhlənin az qalır beli qırılsın.Təsəvvür edin ki,iş zamanı fəhlə ikicə dəqiqəlik oturub nəfəsini dərəmməz,patron görsə o saat anqırar.Yəni yorulsa da həmişə ayaq üstə olmalıdır fəhlə.Daha patron qanmır ki,bu digər işlərə bənzəməz,bu sektorda fəhlə bütün gücünü sərf edir,ona hərdən beşcə dəqiqəlik də olsa nəfəs dərmək lazımdır,dincini alandan sonra yaxşı işləyəcək.Amma yox,olmaz,fiziki zəhmət nədir bilməyən patron sinirlənə bilər.Bax bu gün zəlzələdən darmadağın olmuş evlər həmin o yorğun,əzgin,bir dəqiqə belə dinclik verilməyən,səhərdən axşama kimi eşşək kimi işlədilərək beli qırılanların tikdikləri evlər deyilmi?O cür işlədilən fəhlələrin tikdiyi evlər bundan artıq olmayacaq ki.Budur,bu gün həmin o patronlar ard-arda tutulmaqdadırlar o cür donqili tikilən evlərə görə.İşə və işçilərə adam kimi yanaşaydılar,evlər normal tikiləydi,tutulmayaydılar.

Mubariz 2023-02-21 16:55:56

Sağ olun ,bir nəfər ağıllı insanın rəyini verdiniz . Allah müsəlmanlardan bezib , bütün qələtləri edirlər ,sonrada deyirlər Allah kərimdir ,Ölkəni çapıb - talayırlar ,satırlar ,çirkaba batırlar ,bəla gələndə Allahın bildiyi işdir deyib keçinirlər , Bizim « məhkəmələr » ə belə günahkarları buraxır ,malını qaytarır və deyirlər -biz heç nə edə bimərik Allah özü bilər ,bunların cəzasını verər

Son yazılar