İranın Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Şəmxani noyabrın 16-da jurnalistlərə açıqlamasında ölkəsinin Qərblə apardığı nüvə müzakirələrindən danışıb.
“Media forum” saytının məlumatına görə, Əli Şəmxani deyib ki, danışıqların nəticə verməsi üçün tərəflər arasında imzalanacaq razılaşmada İranın sanksiyalarla bağlı istəyi nəzərə alınmalıdır: “Hesab edirik ki, yekun nüvə razılaşmasında sanksiyaların biryolluq ləğvi məsələsi qeyd olunmalıdır. Biz bundan əvvəl də bildirmişik ki, İranın bu günə qədər apardığı nüvə proqramı dinc məqsəd daşıyıb.
Güman edirik ki, müzakirə tərəfləri müştərək bir proqram çərçivəsində xoş niyyətlə hərəkət etsələr və götürdükləri öhdəlikləri yerinə yetirsələr, nüvə danışıqlarında yekun razılaşmanın əldə olunması mümkündür”.
İranla 5+1 qrupu (ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin və Almaniya) arasında aparılan danışıqların noyabrın 24-nə qədər nəticə verə biləcəyi gözlənir. Qərb, o sıradan da ABŞ hökuməti bundan əvvəl bildirib ki, nüvə müzakirələrinin vaxtının yenidən uzadılmasını istəmir.


Şərhlər