“SARKİSYAN TÜLKÜ KİMİ QAÇIB GİZLƏNMİŞDİ...” – Xocalı soyqırımının canlı şahidi, keçmiş hərbi pilot danışır (FOTO)

“Ermənilər tərəfindən törədilən Xocalı faciəsi ağlagəlməz qəddarlığı və qeyri-insani cəza üsulları ilə vəhşiliyin son həddi idi”.

“AzPolitika.info” xəbər verir ki, bunu keçmiş hərbi pilot Bayram Muxtarov deyib.

Xocalı soyqırımının canlı şahidlərindən olan pilot bildirir ki, erməni cəlladları mülki əhaliyə, silahsız adamlara avtomat silahlarla yanaşı toplardan və ağır zirehli texnikadan istifadə ediblər. “366-cı motoatıcı alayın şəxsi heyətini və texnikasını cəlb etməklə əliyalın insanları qırıb-çatandan sonra, bunlar azmış kimi, cəsədlərə belə işgəncələr verirdilər”, - o əlavə edib.

“Bu faciənin səhərisi günü mətbuatda cəmi 2 nəfərin öldürüldüyü haqda məlumat yayılmışdı. Ağdamda olan heyət komandiri Kazım Abbasov səhərisi Bakıya uçub əli çata bilən bütün mətbuat orqanlarına çatdırmışdi ki, Xocalıda 2 yox, yüzlərlə azərbaycanlı qətlə yetirilib”.

Keçmiş pilot vurğulayır ki, Birinci Qarabağ müharibəsindəki uğursuzluqlarımızın əsas səbəbi daxili və xarici siyasətdə baş verən hərc-mərclik, eyni zamanda Rusiyanın Ermənistana böyük dəstəyi ilə bağlıdır. B.Muxtarov xatırladır ki, Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan bu alçaqlıqlarını yada salıb, öyünmüşdü: “İkinci Qarabağ müharibəsində ermənilərlə təkbətək döyüşdə Sarkisyan kimi şərəfsizlər tülkü kimi qaçıb gizləndilər. Mən Şelli kəndinin üzərindən uçub gedərkən onların xarabalıqda ev tikib yaşadıqlarını gördüm. Ətrafı təmizləmədən, kol-kosun içində yaşamaq tülküyə xas xüsusiyyətdir... O zaman guya Xocalıdan dinc insanların keçməsi üçün dəhliz saxlamışdılar. Onları səsgücləndiricilər vasitəsi ilə danışıb aldatmışdılar ki, buradan keçə bilərsiz. Amma insanlar ora çatanda hamısını gülləbaran edib qırmışdılar. Biz həmin ərazilərdən vedrələrlə giliz yığmışdıq, hətta qətlə yetirilən insanların cəsədlərini yenidən güllələmişdilər. İndi bizim ekofəallar Laçın yolunda dinc aksiya keçirib Qarabağda baş verən qanunsuzluqlara etirazlarını bildirirlər. Rusiya sülhməramlıları da ermənilərin yanındadır, amma dünyaya car çəkirlər ki, guya azərbaycanlılar onların yollarını bağlayıblar. Amma hər gün oradan yüzlərlə maşın keçir. Siz indi bizim onlara qoyduğumuz yola baxın, bir də o şərəfsizlərin Xocalıda dinc insanları aldadıb qırdıqları dəhlizə...”

B.Muxtarov deyir ki, 44 günlük müharibədə ordumuzun və Ali Baş Komandanın xalqla vəhdəti öz gücünü göstərdi: “Vətənə məhəbbət, düşmənə nifrət təbliğatı xüsusi ilə cavanlarımıza elə bir ruh verdi ki, hamımız bir yumruq kimi birləşərək düşməni məğlub etdik. Bu təbliğatda Milli Aviasiya Akademiyasının Müzey rəhbəri Firəngiz xanım və onun komandasının xüsusi xidmətlərini qeyd etmək istərdim. Cavan ömrünü Vətən uğrunda qurban vermiş tələbəm Fuad Məmmədovun timsalında bütün şəhidlər qarşısında baş əyirəm”.

Keçmiş pilot əlavə edir ki, təyyarəçilər həmişə xəritə ilə işlədiklərindən vətənimizin sərhədlərini çox dəqiqliklə bilirlər: “Qarabağ məsələsində bizə çatmayan o idi ki, öz torpaqlarımızda bizə sərhəd çəkilmişdi. Belə ki, Ağdamdan Xocalıya uçanda çox ehtiyatlı olmalı idik. Sanki hansısa ölkənin sərhədini pozurmuşuq kimi... Əskəran tərəfdən bizi vurmasınlar. Xankəndi üzərindən keçərkən daha diqqətli olmalı idik… Yadıma gəlir, Malıbəylidən Şuşaya uçarkən vertalyotun pilot tərəfdən “blister” deyilən yan şüşəsi texniki nasazlıqdan göydə açılıb Xankəndi tərəfə düşmüşdü. Sonradan ermənilər Viktor Polyaniçkodan tutmuş Mixail Qorbaçova qədər gedib çatan hay-küy qaldırmışdılar ki, azərbaycanlılar üstümüzə bomba tökürlər. Halbuki, mütəxəssislər bilirlər, blistersiz uçmaq pilota nə qədər çətinliklər yaradır”.

Bayram Muxtarov deyir ki, o “Xocalı” deyəndə şəhid Əlif Hacıyevi xatırlayır: “Çünki onunla hava limanının komendantı kimi bir neçə əməliyyatda olmuşduq və aramızda şəxsi münasibətlər yaranmışdı. Bir dəfə Qarabağda xüsusi komitənin başçısı Viktor Polyaniçko ilə birgə Salatın Əsgərovanın qatilləri güman olunan iki nəfəri Bakıdan Xocalıya aparmışdıq. Elə oldu ki, Polyaniçko ətrafındakı adamlarla düşüb getdi və o iki nəfəri qandalsız şəkildə vertolyotun içində saxladılar, biz isə silahsız idik. Mən onda gördüm ki, onlar hər fürsətdən həyasızcasına necə istifadə edirlər. Bizə təklif etdilər ki, birimizi buraxın, gedib sizə erməni konyakı gətirək. Əlifgilin yuxarıdan gələnlərlə məşğul olduqlarını uzaqdan görürdüm. Cəld gedib ona dedim ki, o yaramazlar vertolyotdadırlar, biz də silahsız. Tez mənə bir silah verdi ki, hələlik onların yanında olun, Polyaniçkonu ötürüb gəlirəm. Sonradan gəlib konyak təklif edən dığanın arxasından bir təpik vurub apardılar...” 

O, xatırlayır ki, yerli əhalidən başqa həmin illərdə Xocalıya Ermənistandan məcburi köçkünləri və Məhsəti türkləri yerləşdirilmişdi: “Xocalı blokada vəziyyətində olduğuna görə camaatı Ağdama bazarlığa və başqa ehtiyacları üçün aparıb-gətirirdik. Həm də şəhərdə aparılan tikinti işləri üçün, xüsusən də məktəb tikintisinə lazım olan materialları daşıyırdıq. Yadımdadır, bu işə Mübariz adlı şəxs rəhbərlik edirdi. Xocalının icra başçısı Elman Məmmədovla da görüşlərimiz olurdu. Yerli sakinlərdən “Mixaylo” ləqəbli Tofiq Hüseynovla yaxınlığımız olub. Biz üzərimizə düşən tapşırıqları canla, başla yerinə yetirirdik. Sanki Vətən naminə pilotlarımız arasında yarış gedirdi”.

B.Muxtarov bildirir ki, 1992-ci il yanvarın 28-də Şuşanın Xəlfəli kəndi yaxınlığında heyət üzvləri Viktor Seryoqin, Səfa Axundov və Ərəstun Mahmudov olan sərnişin dolu vertolyot vurulduqdan sonra daha ehtiyatlı olmağa məcbur olublar: “Belə ki, vacib və bahalı texnikanı qorumalı idik ki, düşməni sevindirməyək. Çünki onlar əvvəllər xəlvəti kiçik çaplı avtomat silahlardan atəş açırdılarsa, sonralar raketlər işə düşdü. 1992-ci il mart ayının əvvəlindən Xocalı qurbanlarının Bakıya daşınmasında bütün Zabrat aviasiya heyəti aktiv iştirak etdi. Bakı xəstəxanalarında yerlərin çatışmazlığına görə yaralıları Ələt qəsəbəsinə və Sumqayıt şəhərinə çatdırırdıq”.

B.Muxtarov qeyd edir ki, “Qarabağ” komitəsinin və Azərbaycan Müdafiə Nazirliyinin sifarişi ilə Qarabağa və Ermənistanla sərhəd olan cəbhə bölgələrinə “Mİ-8” helikopterində 400-dək xüsusi təyinatlı uçuş yerinə yetirib. 1991-ci il iyulun 20-də Goranboy rayonunun Todan kəndində mühasirəyə düşmüş polis dəstəsini xilas edərkən erməni snayperi tərəfindən başından güllə yarası alıb, Gəncə şəhəri Təcili Tibbi Yardım Xəstəxanasında və sonra Bakı şəhəri M.İ.Qədirli adına xəstəxanada müalicə alıb, sağalandan sonra işinə qayıdıb: “Yaralanarkən yanımda o zaman Daxili İşlər nazirinin müavini, general-mayor Ramiz Məmmədov, sonradan Müdafiə naziri olmuş Dadaş Rzayev, “Qarabağ” komitəsinin nümayəndəsi Cümşüd Nuriyev, jurnalist Vahid Mustafayev və başqaları var idi”.

O, bildirir ki, Azərbaycan EA-nın aparıcı elmi işçisi, tarix elmlər doktoru, hərbi aviasiya polkovniki Rizvan Zeynalov da “Azərbaycanın Milli Qəhrəmanları” kitabında bu haqda yazıb. B.Muxtarov müəllifdən sitat gətirir: “Bir dəfə yaralı döyüşçüləri daşıyarkən güclü atəşə məruz qalan vertolyot zədələnmiş, ikinci pilot Bayram Muxtarov yaralanmışdı. Buna baxmayaraq, K.A.Abbasov uçuşu davam etdirmək qərarı verdi. Elə bu an ermənilər raket buraxdılar, amma Abbasovun zədəli vertolyotla etdiyi aldadıcı manevr nəticəsində raket hədəfə dəyməyib yan keçdi…”

Rasim Əliyev

“AzPolitika.info”

635x100

Şərhlər

Tarix Əsarət 2023-02-27 14:08:43

Dəyərli məqalədən Hocalı xilaskarlarının qəhrəmanlıqları qürur verirlər! Təəssüf ki, hiyləgər və yırtıcı tülküləri nəinki, mühakimə etmişik, Zəfər eyforiyası tam əldən buraxmışıq? Şəhidlərin RUHLARI şad olsun! Artıq, 31 il keçib və biz nə vaxt onların doğma yuva və son məkanlarını ziyarət edib, halallıq soracağıq?

Cəmşid Dərələyəzli 2023-02-26 09:53:25

Xocalı faciəsi baş verəndə Gəncədə yaşayırdım. Faciənin ikinci günü İşlədiyim zavodda derhal pul yardımı yığıldı, zavodun digər bir rəsmisi ilə, həmin yardımı Ağdamda faciənin qurbanlarından sağ qalanlara çatdırmaq üçün, sabahı Ağdama yola düşdük. Ağdama çatanda şəhərin girəcəyində hər kəsin işində- gücündə olduğunu və hətta dükanlarında musiqinin səsini verənləri gördüm (bu məsələ təbii ki ayrı bir mövzunun söhbəti). Fikirləşdim ki, yəqin hadisə biz eşitdiyimiz qeder de deyil. Sonra biz rayonun şəhər məscidinə üz tutduq. Oraya çatan da sanki yer də göy də qan ağlayırdı. Faciənin boyutunu məhz o gün orada gördüm. Bəlkə də həyatımda o günkü qədər sarsınıtı və ümidsizlik keçirməmişdim. Meyidlər gəlirdi parçalanmış, sağ qalançıldırmış ata gəlirdi oynaya-oynaya. Çünki, təzə gəlini, 5 qızı ermənilərin əlində qalmışdı. Kişi gəlirdi gözlərinin qabağında ailəsini, körpə uşağını diri tonqala atmışlar. Gözlərdə yaş da qurumuşdu həmin gün. Diller tutulmuşdu, nitqlər bağlanmışdı. O anda yalnız düşüncelerimden bir şey keçirdi. Ki, Allah seni kahr etdin Azərbaycan kişiliyi. Bu biqeyretliyin vebalını nası ödeyeceksen sen. Artıq o gün oraya neye getdiyimiz, ne apardığımız de öz əhəmiyyetini itirmişdi. Günün sonunda apartığımız yardım paketlərini meyidlərin ayaqları altına səpib oradan uzaqlaşdıq. O gün, bu gün Xocalı adı gələndə damarlarımda qanım donur. Bəli yeni nəsillər o günü, o faciəni unutmamalıdırlar. Düşmənlə sülhə getsək də, hələlik birgə yaşayışı qəbul etsək də inanmamalıyıq. Çünki, tarixən millətimin belə razılaşmaları çox olub, amma sonra tez unutduğumuz üçün həmin faciələri, bax beləcə təkirar-təkirar yaşamağa məcbur qalmışıq. Allah şəhidlərimizə rəhmət eyləsin.

Son yazılar