TÜRKİYƏDƏ YATMIŞ VULKANLAR ZƏLZƏLƏDƏN OYANA BİLƏRMİ? – Alim izah edir

Rəşid Fətəliyev,

H.Əliyev adına Coğrafiya İnstitutunun dosenti, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru

Nə yatmısan, qoca vulkan, səninləyəm! 

(Məmməd Araz)

Yazının başlığı sizi təəccübləndirməsin, həqiqətən, vulkanların da qocası, cavanı olur, yatmışı və oyağı olur. Elmi dildə desək, bütün vulkanlar püskürmə fəallıqlarına görə sönmüş və aktiv (fəaliyyətdə olan) vulkan olaraq iki yerə bölünür. Holosen dövründə, yəni son 11 min il ərzində heç olmasa bir-iki dəfə püskürmüş vulkanları “yatmış vulkanlar” adlandırır və onları da ikincilərə, yəni fəaliyyətdə olan vulkanlar sırasına aid edirlər. Beləliklə, yatmış vulkanlar, onların oyanması və ya püskürməsi elmi cəhətdən normal anlayışdır.

Türkiyə ərazisində baş vermiş güclü zəlzələlərdən sonra avterşoklar hələ də davam etməkdədir, indiyə kimi 10 mindən artıq nisbətən aşağı maqnitudalı zəlzələ qeydə alınmışdır. Bəs bu zəlzələlər Türkiyədəki yatmış vulkanları oyada bilərmi? İndi bu sual xeyli aktuallaşıbdır, çünki həm Türkiyə, həm də qonşu ölkələrin ərazilərində yatmış çoxlu vulkan ocaqları mövcuddur.

Aydınıq olsun deyə, burada bildirmək yerinə düşər ki, Türkiyə, İran və Ermənistan ərazisində maqamatik, yəni maqma mənşəli, Azərbaycan, Gürcüstan və Rusiya ərazilərində isə əsasən palçıq vulkanları qeydə alınmışdır.

Mövzu ilə əlaqədar son günlər Rusiya mətbuatındakı bəzi yazılar və alimlərlə müsahibələr diqqətimi çəkdi. Məsələn, 12 fevralda Rusiya Elmlər Akademiyası Geologiya İnstitutunun elmi işlər üzrə müavini, geologiya-mineralogiya elmləri doktoru Vasiliy Lavruşin “Podmoskovye seqodnya” internet qəzetinə müsahibsində zəlzələlərin Rusiya ərazisinə təsirinə dair sualları cavablandırarkən bildirib ki, Türkiyədəki zəlzələlərin təsirindən Krasnodar vilayətinin Taman yarımadasında yerləşən palçıq vulkanlarının oyanması mümkündür. Digər bir rus alimi, Kuban Dövlət Universitetinin Neft geologiyası, hidrogeologiya və geotexnika kafedrasının müdiri, geologiya-mineralogiya elmləri namizədi, dosent Tatyana Lyubişina da təqribən həmin fikri səsləndirib və Kubanda olan palçıq vulkanlarının zəlzələdən sonra aktivləşməsinin mümkünlüyündən danışıb. Göstərilən ərazidə təxminən 30-a yaxın palşıq vulkanı mövcuddur.

Dünyada mövcud olan 2000-dən artıq palçıq vulkanının xeyli hissəsi isə (təxminən 350 ədəd) ölkəmizin ərazisində, xüsusən onun şərq hissəsində, Abşeron - Qobustanda yerləşir. Elə isə, bu zəlzələlərin bizim palçıq vulkanlarına təsiri ola bilərmi və onların oyanması, yəni püskürməsi nə dərəcədə mümkündür? Araşdıraq.

İlkin olaraq onu demək lazımdır ki, gücləri müvafiq olaraq 7.7 və 7.6 maqnitudalı zəlzələlərinin episentrləri (Kahramanmaraş və Qaziantep) Rusiyanın Taman yarımadasından təxminən 1000 km, bizim palçıq vulkanları bölgəsindən isə daha uzaqda, təxminən 1300 km məsafədə yerləşir və onların buralara təsir ehtimalı azdır. Baxaq görək, olkəmizin baş seysmoloqu bu haqda nə deyir. Zəlzələ baş verən gün, yəni fevralın 6-da AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində keçirilən mətbuat konfransında Xidmətin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli də bildirib ki, qardaş ölkədə baş verən zəlzələ Azərbaycandakı seysmik stansiyalar vasitəsi ilə qeydə alınıb, eyni zamanda, zəlzələnin episentrinin Azərbaycandan məsafə baxımından uzaq olduğunu qeyd edən baş direktor həmin zəlzələnin Azərbaycandakı zəlzələ ocaqlarına təsiri olmadığını bildirib. Məsələ aydındır, demək, həmin zəlzələ ocaqları çox uzaqda yerləşdiyindən Azərbaycan ərazisində olanlara heç bir təsir göstərə bilməz, yəni onları oyandıra bilməz. Bu fikir palçıq vulkanı ocaqları üçün də keçərlidir, deyə bilərik.

Bəs zəlzələ episentri yaxınlıqda olarsa, onda necə?

Azərbaycan geologiya elminin patriarxlarından biri, AMEA-nın Geologiya və Geofizika İnstitutu Palçıq vulkanologiyası şöbəsinin müdiri, geolologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev ümumiyyətlə, zəlzələlərin palçıq vulkanlarına təsirini mümkün hesab edir və 7 fevral 2023-cü ildə bu mövzuda Oxu.Az-ın jurnalisti Könül Cəfərlinin suallarını cavablandırarkən - “Bu, (yəni zəlzələlər –R.F) mütləq palçıq vulkanlarını oyada bilər”- demiş və bildirmişdir ki, “2000-ci ilin noyabr-dekabr aylarında Xəzərdə baş verən zəlzələnin afterşoku 2001-ci ildə həm quruda, həm də dənizdə hiss olundu. Biz zəlzələni hiss etdik. O zəlzələlərin nəticəsində 2001-ci ildə Şərqi Azərbaycanda - Abşeron yarımadası, Qobustan, Şamaxı ərazilərində 16 vulkan püskürməsi baş verdi.” Hörmətli professor qeyd edib ki, ölkəmizdə ortalama 4-5 baldan yuxarı yeraltı təkanlar olarsa, uzun müddət yatmış, enerji toplamış palçıq vulkanlarına 100 faiz təsir göstərəcək.

Palçıq vulkanlarından bəhs etdik, bəs daha böyük və dağıdıcı olan əsl vulkanlar, yəni maqmatik mənşəli vulkanlar necə, zəlzələdən oyana bilərmi? Ümumiyyətlə, zəlzələ və vulkan ocaqlarının dünya üzrə yayılma sahələri təxminən üst-üstə düşür (bax xəritəyə). Xəritədən də göründüyü kimi, bu təbiət hadisələrinin ən çox baş verdiyi ərazilər iri tektonik plitələrinin sərhədləri boyunca uzanıb gedən tektonik qurşaqlardır. Bu qurşaqlar yer qabığındakı çoxlu sayda dərin çatlar və qırılmaların toplusundan ibarətdir. Onlardan ən böyüyü “Odlu qurşaq” adlanan və Sakit okean hövzəsini əhatə edən, digəri isə Avropada Priney dağlarından başlayıb, Aralıq dənizi, Türkiyə, Qafqaz, İran, Əfqanistan, Çin, Hindistan və Cənub-Şərqi Asiya ölkələrini əhatə edən və minlərlə kilometr məsafədə uzanan Alp - Himalay cavan dağəmələgəlmə (orogen) qurşağıdır. Bu tektonik aktiv qurşaqlarda milyon illərdir ki, bir-birləri ilə qonşuluqda “yaşayan” minlərlə vulkan və zəlzələ ocağı var. Onların qarşılıqlı təsiri alimlər tərəfindən illərdir ki, araşdırılsa da, birinin digərinə təsiri mexanizmi tam olaraq hələki, müəyyən edilməmişdir.

Alimlərin apardığı tədqiqatlar göstərir ki, güclü zəlzələlərdən sonra bəzi vulkanlarda, hətta zəlzələ ocağından 100 km-ə qədər məsafədə yerləşən vulkanlarda oyanma, aktivlik halları müşahidə edilmişdir. Məsələn, Oksford Universitetinin (Böyük Britaniya) vulkanoloqları 2009-cu ildə aydınlaşdırmışlar ki, 8 ballıq zəlzələlərdən sonra 12 ay ərzində Çilidə olan vulkanların püskürmə tezlikləri xeyli artmışdır. 1991-ci ildə Fillippində baş vermiş 7.7 ballıq zəlzələdən sonra 100 km uzaqda yerləşən Maunt Pinotubo vulkanı püskürmüşdür. Hətta, Yaponiyanın məşhur Fudzi vulkanının 1707-ci ildə püskürməsinin Houey bölgəsində baş vermiş 8.6 maqnitudalı çox güclü zəlzələnin təsiri ilə bağlı olduğu ehtimal edilir. Belə ki, vulkan 49 gün sonra pükürmüşdür və s.

Yaponiya vulkanlar və zəlzələlər ölkəsi olduğundan burada onların öyrənilməsinə xüsusi önəm verilir. Xirosimo Universitetinin professoru Atsuko Namikinin rəhbərliyi ilə bir qrup yapon aliminin güclü zəlzələlərin vulkan ocaqlarını aktivləşdirməsinə dair aparmış olduğu elmi araşdırmaların nəticələri haqqında 2016-cı ildə “Sciense” jurnalında məlumat verilmişdir. Onlar mövcud təsir mexanizmlərdən fərqli “qaynayan maqmanın sıçraması” («splashing of boiling magma») mexanizmini təklif etmişlər.

Deyilənləri yekunlaşdırsaq, bu qənaətə gəlmək olur ki, güclü zəlzələlər prinsip etibarılə ətraf ərazilərdəki vulkanları oyada bilər, yəni onların püskürməsinə səbəb ola bilər. Elə isə, Türkiyə ərazisində mövcud olan qədim vulkanların sonuncu zəlzələlərdən sonra oyanması ehtimalı nə qədərdir? – Bir mənalı demək mümkün deyil, amma Konya Texniki Universitetinin professoru, doktor Kürşad Asan bir neçə il öncə Türkiyə ərazisindəki 14 sönmüş vulkandan 10-nun əslində yatmış vulkan olduğunu, onlardan bəzilərinin zəlzələnin baş verdiyi fay (qırılma) zonasının yaxınlığında yerləşdiyini və nə zamansa püskürəcəyini bildirmişdir. Tarixi və elmi mənbələrdə hazırkı Türkiyə ərazisində olan Sübhandağ vulkanının e.ə. 8050-ci ildə, Erciyesin-e.ə.6880-ci ildə, Nəmrud dağının -1692-ci ildə, Ağrıdağın -1840-cı ildə, Tendürəyin – 1855-ci ildə və s. püskürməsi haqqında məlumatlar yer almaqdadır.

Maraqlıdır ki, Türkiyədə bu məsələ həmişə diqqətdə saxlanılır. Belə ki, bir il öncə Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz Böyük Millət Məclisində çıxışı zamanı 12 vulkanın püskürməsinə qarşı 30 ssenari işlənib hazırlanması haqqında məlumat vermişdi. Deməli, yatmış vulkanların püskürmə ehtimalı həmişə olub, indi də var və bu son dağıdıcı zəlzələlərdən sonra daha da şiddətlənibdir.

Ümumiyyətlə, güclü vulkan püskürmələri də zəlzələlər kimi çox böyük dağıdıcılıq qabiliyyətinə malik təbiət hadisələridir. Eramızın əvvəllərində - 79 -cu ildə Vezuviy vulkanının püskürməsi nəticəsində qədim Romanın Pompey şəhərinin əhalisi ilə birlikdə büsbütün məhv olduğunu tarix kitablarından və filmlərdən yəqin ki, bilirsiniz. Belə fəlakətlərlə üzləşməmək üçün hər bir vəziyyətə hazır olmaqda fayda var. Ən əsası isə Tanrının qəzəbinə tuş gəlməmək üçün hərə öz yerində doğru düzgün olmalıdır.

Allah hamımızı qorusun!


635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar