İranın dini lideri Əli Xameneinin Azərbaycandakı sabiq nümayəndəsi, təxribatçı mövqeyinə və İranın gizli maraqlarına xidmət etdiyinə görə ölkədən qovulan Əli Əkbər Ocaq Necat bu günlərdə dünyasını dəyişən ilahiyyatçı Hacı Şahin üçün İranın Qum şəhərində anım məclisi təşkil edib.

“AzPolitika.info” xəbər verir ki, tədbirdə danışan Ocaq Necat Hacı Şahinin Nəcəfdə, Qumda təhsil almasa da, İrandan gələn ruhanilərdən dərs aldığını iddia edib. Yenə dini məzhəbçiliyi xüsusi qabardan Ocaq Necat guya Azərbaycan möminlərinə canıyananlıq nümayiş etdirərək, Hacı Şahinin vaxtsız vəfatına kədərləndiyini əlavə edib.

Ümumiyyətlə, İranın din xadimlərinin Azərbaycanın dini mühitinə ziyanlı təsiri, dini məzhəbçilik pərdəsi altında İranın molla rejiminin təbliğatını yayması heç kimə sirr deyil. İndi isə Azərbaycanda tanınmış və əhalinin, möminlərin bir hissəsi tərəfindən rəğbət bəslənən bir ilahiyyatçısına anım mərasimi keçirməsi, onun biliklərini, yaxud xidmətlərini az qala İrandan gələn mollaların adına çıxması bir daha ondan xəbər verir ki, molla rejimi hər fürsətdən istifadə etməyə, Azərbaycanda “suları bulandırmağa” çalışır. Elə Hacı Şahinin vəfatından və dəfnindən də İran tərəfindən bu cür məqsədlər üçün istifadə cəhdləri görünməkdədir.

“AzPolitika.info”