“BUNSUZ İRƏVANLA DANIŞIQLARIN MƏNASI YOXDUR...” - “Dialoqa əsas maneə erməni birləşmələridir”

Martın 6-da Prezident İlham Əliyev ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononu qəbul edib.

İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycanla Ermənistan rəhbərlərinin görüşünün nəticələrindən məmnunluğunu bildirib və göstərdiyi davamlı səylərinə görə ABŞ Dövlət katibi Entoni Blinkenə təşəkkürünü ifadə edib.

Söhbət zamanı Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsi üzrə danışıqlar prosesi ətrafında fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, Avropa İttifaqının Cənubi Qafqaz üzrə təmsilçisi Tovio Klaar da regiona səfəri çərçivəsində Bakıda olub və ölkə rəhbərliyi ilə danışıqlar aparıb.

Son illər müəyyən fasilələrlə Azərbaycanla Ermənistan həm Rusiya, həm də Avropa İttifaqının vasitəçiliyi ilə sülh danışıqları aparır. ABŞ Brüssel formatını dəstəkləyir. Amma ötən ilin sonlarından etibarən hər iki danışıqlar dayanıb.

Bununla belə, ötən ay Avropa İttifaqı Şurası "sabitliyə töhfə vermək" məqsədilə Ermənistana mülki missiya göndərib. Üstəlik, fevralın 18-də Münhendə Azərbaycan Prezidentinin ABŞ Dövlət katibi Entoni Blinken və Ermənistan Baş naziri Nikol Paşinyan ilə birgə görüşü olub. Görüşdən sonra tərəflər danışıqlarla bağlı, əsasən, nikbin fikirlər dilə gətiriblər.

Bunun ardınca, ötən həftə Rusiya Xarici İşlər naziri Sergey Lavrov Azərbaycanda olub və burada da sülh danışıqları müzakirə edilən məsələlər sırasında olub.

Amma dünən, martın 5-də Qarabağda baş verən insident, atəşkəsin pozulması, hər iki tərəfdən ölən və yaralananların olması vəziyyəti yenidən gərginləşdirib. Bəs, yaranmış bu durum sülh danışıqlarına necə təsir edə bilər?

Politoloq Fərhad Məmmədov “AzPolitika.info”ya şərhində bildirib ki, Avropa İttifaqı (Aİ) və ABŞ-ın xüsusi nümayəndələri ilə Bakıda keçirilən danışıqların əsas mövzusu Qarabağda qalan ermənilərlə dialoqun mövzusu deyil, sülh müqaviləsinin mətni, danışıqların şərtləridir: “Əlbəttə, dünənki hadisənin nəticəsi olacaq. Aİ və ABŞ nümayəndələri də bunu bilirlər. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlara, eləcə də Bakı və Xankəndi erməniləri arasında dialoqun aparılmasına əsas maneə erməni silahlı qüvvələrinin Qarabağ ərazində olması, ümumilikdə bölgənin hərbiləşdirilməsidir. Ermənistan Silahlı Qüvvələrinin qalıqları Qarabağdan çıxarılmadan nə sülh müqaviləsi prosesi, nə də Bakı və Xankəndi erməniləri arasında dialoq nəticə verəcək. Diplomatik müstəvidə bu həssas proseslərin gedişi zamanı eskalasiya nümunələri çox olub”.

Politoloq vurğulayıb ki, nəzarət-buraxılış məntəqəsinin yaradılması və Azərbaycanın sərhədə tam nəzarət etməsi danışıqlarda nəticələrin əldə olunması üçün zərurətə çevrilir. Onun sözlərinə görə, bunsuz Ermənistanla danışıqlar aparmağın, Qarabağ erməniləri ilə dialoqun heç bir mənası yoxdur: “Yerdə vəziyyətin dəyişməsi danışıqlarda irəliləyişlərə gətirib çıxarır. Təəssüf ki, son iki ilin təcrübəsində yalnız cəbhədə verilən itkilər Ermənistanın mövqeyində konstruktivliyin artmasına gətirib çıxarır. Vasitəçilər konkret nəticələrin əldə olunmasında maraqlıdırlarsa, bu barədə düşünməlidirlər”.

Rasim

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar