Menu

Kiyevə “F-16-lar” nə zaman göndərilə bilər? - Daha 10 ukraynalı pilot ABŞ-a aparılır

07.03.2023, 16:08
Kiyevə “F-16-lar” nə zaman göndərilə bilər? - Daha 10 ukraynalı pilot ABŞ-a aparılır

Xəbər verdiyimiz kimi, ən azı iki ukraynalı pilot hazırda ABŞ-da Arizona ştatının Tucson şəhərindəki hərbi bazada uçuş simulyatorları üzrə təlim keçir. Bu təlimlərin məqsədi ukraynalı pilotların müasir Qərb təyyarələrində, o cümlədən “F-16” qırıcılarında təlim proqramının nə qədər vaxt aparacağını müəyyən etmək və pilotların bacarıqlarını qiymətləndirməkdən ibarətdir.

“AzPolitika.info” xəbər verir ki, CNN telekanalının özəl mənbələrə istinadən ukraynalı pilotların Arizona Milli Qvardiyasının “F-16” qırıcılarını idarə etmək üçün təlimlər üzrə ixtisaslaşan 162-ci Qırıcı Qanadı tərəfindən yoxlanıldığını bildirib. Bu barədə iki ABŞ rəsmisi bildirib..

Martda daha 10 ukraynalı pilotun belə sertifikatlaşdırma üçün ABŞ-a gələcəyi gözlənilir.

Ukrayna bundan əvvəl Qərb ölkələrini döyüş təyyarələri verməyə çağırıb. Hazırda heç bir ölkə Kiyevi döyüş təyyarələri ilə təmin etməyib.

Xatırladaq ki, yanvarın sonundan etibarən Ukraynaya NATO qırıcılarının verilməsi məsələsi müzakirə edilir. İndiyədək Fransa və Hollandiya hakimiyyəti Ukraynaya döyüş təyyarələrinin tədarükünə icazə verib. Almaniya kansleri Olaf Şolz münaqişənin daha da genişlənməsinin qarşısının alınmasının vacibliyini əsas gətirərək Ukraynaya döyüş təyyarələrinin tədarükündən imtina edib.

ABŞ prezidenti Co Bayden də əvvəllər belə bir ehtimalı nəzərdən keçirmədiyini bildirib. Eyni zamanda, “The New York Times”ın yazdığına görə, ABŞ prezident administrasiyası üçüncü ölkələr vasitəsilə Amerikanın F-16 qırıcılarının Kiyevə veriləcəyini istisna etməyib.

Fevralın sonunda ABŞ dövlət katibinin müavini Viktoriya Nuland bildirmişdi ki, Vaşinqton Ukraynaya dördüncü və ya beşinci nəsil qırıcı təyyarələrin verilməsi imkanını müzakirə edir. Eyni zamanda o, Kiyevin ehtiyaclarını qiymətləndirdikdən sonra ehtimal olunan tədarüklə bağlı qərarın veriləcəyini açıqlayıb.

Rusiyanın işğalından sonra Ukrayna demək olar ki, bütün döyüş təyyarələrini itirib. Ukrayna hakimiyyəti dəfələrlə bəyan edib ki, Rusiyanın təcavüzünə qarşı uğurla mübarizə aparmaq üçün Ukraynaya ən azı 180 qırıcı daxil olmaqla döyüş təyyarələri lazımdır.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol