PUTİN KİMƏ VƏ NƏYƏ ARXAYINDIR? – Rusiya bundan sonra Çinin müttəfiqi yox, vassalı ola bilər...

Bir il öncə Vladimir Putin başda olmaqla rusiyalıların böyük əksəriyyəti Ukraynaya çox asanlıqla qalib gələcəklərinə tam əmin idilər. Onlar hesab edirdilər ki, Rusiya bütün parametrlərə görə Ukraynadan xeyli üstündür. Belə düşünmələrinin səbəblərindən biri də Rusiya ordusu haqqında yaradılan əfsanə ilə bağlıdır.

Çeçenistan və Gürcüstan üzərində qələbə qazanılması, Krımın ilhaqı, Donbas bölgəsinin bir hissəsinin işğal olunmasından sonra ruslar artıq yerə-göyə sığmır, özlərindən razı şəkildə, təkəbbürlə deyirdilər ki, Ukraynanı qısa bir zamanda öz orbitimizə qatacağıq. Amma zaman və tarix onların yanıldığını göstəridi.

Hazırda Rusiya informasya vasitələri pafosu kənara qoyub, tam olmasa da müəyyən reallıqları səsləndirməyə başlayıblar. Heç şübhə yoxdur ki, onlar bunu özbaşına etmirlər, Kremldən aldıqları xüsusi göstəriş əsasında çalışırlar.

Ukrayna tərəfinin verdiyi bəzi məlumatları Rusiya tərəfi də təsdiq edir və bundan irəli gələrək vəziyyət barədə müəyyən nəticə çıxarmaq mümkündür. Söhbət Rusiya ordusunun döyüş potensialının hansı səviyyədə olmasından gedir. Kremlin təlimatı əsasında fəaliyyət göstərən KİV-lər və ya analitiklər ordudakı neqativ hallardan danışsalar da, problemin dərinliyinə girmirlər və günahı kənarda axtarırlar. İstəyirlər ki, ictimai fikir hədəfdən yayınsın və Putin ittihamların fövqündə dursun.

Ancaq Kremlin təbliğat maşını büdcəsinə milyardlar axıdılan böyük ordudan blitskriq gözləndiyi bir vaxtda, onun niyə belə aciz duruma düşməsini müzakirə etmək istəməz. Yoxsa, söhbətin bir ucu əsl səbəbkara doğru gedib çıxa bilər.

Üç aydır ki, Rusiya ordusu müharibədən əvvəl 70 min əhalisi olan Baxmut şəhərinin ələ keçirilməsi üçün bütün gücünü səfərbər etsə də, hələ ki, bir şey alınmır. Putin bu müharibəni hansısa kiçik şəhərin zəbt olunmasından ötrü 30 minə yaxın canlı qüvvə itirmək üçün başlamamışdı. Təbii ki, o, bunu ağlına da gətirməzdi, lakin indi mövcud reallıqla barışmaq məcburiyyətindədir.

Əlbəttə, hələ ki, Rusiya ordusunun döyüş imkanları tükənməyib və Hərbi Sənaye Kompleksi müharibə üçün lazım olan silah, sursat və mərmilər istehsal edə bilir. Amma unutmayaq ki, Rusiya hərbi sənayesi 1300 kilometrlik cəbhə boyunca gedən intensiv döyüşlər üçün ehtiyac duyulan sayda hərbi texnika, artilleriya qurğusu, mərmi istehsal edə bilmir. Rusiya ordusu ciddi “mərmi aclığı” problemi ilə qarşılaşıb. Keçən ilin yayında gün ərzində 50 mindən artıq mərmi istifadə edən Rusiya ordusu hazırda ən yaxşı halda gündə 20 min mərmi sərf edir.

Səbəb təkcə zavodların istehsal imkanlarının məhdudluğu ilə əlaqədar deyil. Bu, birbaşa ölkənin iqtisadi potensialından asılıdır. Rusiyanın istifadə etdiyi silahların böyük bir hissəsinin sovet dönəmindən qalması faktını da unutmayaq. İndi onlar da tədricən sıradan çıxır.

Maraqlıdır ki, Rusiya özünün tərifli “İskander” operativ taktiki raketlərinin çoxunu müharibənin ilk aylarında istifadə edib. İndi məlum olur ki, ”İskander” ballistik raketləri gözlənilənin əksinə olaraq, hədəfləri həmişə dəqiq vurmur. İyirmi il öncə kimsə təsəvvürünə gətirə bilməzdi ki, özünü dünya arenasında əsas geosiyasi oyunçulardan biri hesab edən Rusiya nə vaxtsa İrandan ballistik raket verməsini xahiş edə bilər. Deməli, belə görünür ki, Rusiya Pitinin rəhbərliyi altında özünün Sovet İttifaqından qalma elmi-texniki potensialını da tədricən itirib. Rusiyadan beyin axını davam edir. Amma müharibə başlamamışdan öncə hamı Rusiyanın son illərdə hərbi sahədə mühüm texnoloji yeniliklər əldə etməsini düşünürdü.

Burada əsas səbəb istər Rusiya, istərsə də Qərb KİV-lərinin Rusiya hərbi texnologiyasının inqilabi yüksəlişindən bəhs etmələri ilə bağlıdır. Vladimir Putin şəxsən özü böyük monitor önündə dayanaraq, əldə etdikləri son hərbi-texnoloji nailiyyətləri ictimaiyyətə təqdim edirdi. Onun “Sirkon”, ”Sarmat”, ”Kinjal” raketləri, ”Su-57” təyyarəsi və “analoqu olmayan” “Armata” tankı barəsində fəxrlə danışması PR kampaniyasından başqa bir şey deyilmiş. Əlbəttə, heç kim Rusiyanın böyük nüvə arsenalına malik olmasını inkar edə bilməz, lakin yaxşı baxsaq görərik ki, əslində bütün bunların hamısı sovet dövründən qalma mirasdır və onların üzərində sadəcə, təkmilləşdirmə aparıblar. Amma bəzi hallarda PR kampaniyası əyani şəkildə fiaskoya uğrayıb. Məsələn, ”Admiral Kuznetsov” aviadaşıyıcısının aqibəti doktda yatıb qalmaq oldu...

Vladimir Putin bütün bunların reallıq yox, təbliğat olduğunu bilmirdi? Sözsüz ki, bilirdi, amma o, düşünürdü ki, qüdrətli görsənməlidir, əks təqdirdə onunla hesablaşmazlar. Onun müharibədən öncə NATO-ya göndərdiyi ultimatumu yadımıza salaq. Həmin ultimatumda deyilirdi ki, NATO 1997-ci ildəki sərhədlərinə geri qayıtmalıdır, yoxsa Rusiya ciddi tədbirlər görməyə məcbur olacaq. Sovet İttifaqını böyrü üstə qoyan Qərb dünyası Putinin ultimatumundan qorxub geri çəkiləcəkdimi? Putin bilirdi ki, bu, mümkünsüz bir işdir. Çünki SSRİ ilə müqayisədə Rusiya xəstə distrofiki xatırladır. Kreml Ukraynaya müdaxilə etmək üçün illərdir müəyyən bir bəhanə, əsas hazırlayırdı, NATO-ya ultimatum verilməsi də bu planın tərkib hissəsi id.

Rusiya bir dövlət kimi bəlkə də tarixinin ən mürəkkəb və taleyüklü dönəmindən keçir. Kreml zəif vaxtlarında Qərblə qarşıdurmadan həmişə çəkinib. Müharibə indiki Rusiyanın daha zəif olduğunu açıq nümayiş etdirir. Bəs görəsən, Vladimir Putin nəyə, kimə arxayındır? Çinəmi? Putin blitskriqlə qələbə qazanacağına da arxayın idi. Bu, artıq avantüradır. Rusiya bundan sonra Çinin müttəfiqi yox, vassalı ola bilər.

Vaqif Nəsibov

“AzPolitika.info”

635x100

Şərhlər

Roma 2023-03-11 04:44:11

Putinin "arxası və arxayın olmasının səbəbkarları": marqo+tiqran simonyanlar, vova salavey, şeynin, skayobova, norkin, baqdasar+zatulyan+miqranyan+babayan və s...

Son yazılar