MƏN İSRAİLİ NECƏ GÖRDÜM?... – “Onun bütün yolları sülhdür” və ya “Tanrının şəhəri” olan müqəddəs torpaqlardan reportaj

Əslində İsrailə səfər etmək çoxdankı arzum idi, illərdi edilən dəvətləri bir an içində toplayıb 44 günlük Vətən müharibəsində, ondan əvvəl və sonra da daima yanımızda olan dost, qardaş – Yaxın Şərqin ən gözəl ölkəsinə üz tutdum.

İsrail deyəndə ilk ağla gələn göydələnlərilə Təl-Əviv, Hayfa, Ölü dəniz, müqəddəs məkanlar, ziyarətgahlar, qədim şəhərlər və nəhayət, Qüds (Yerusəlim) olur. İsrail tək bununla bitmir, ölkənin o qədər görməli, gəzməli, ziyarət edilməli yerləri var ki... Bir ay belə bu ölkəni tanımağa yetməz.

Hazırda münaqişə vəziyyətində olsa da, İsrail dünyanın ən inkişaf etmiş ölkəsidir. Gözəl, möhtəşəm ölkədir. Həm təhlükəsiz, həm də təhlükəli. Təhlükəsizdir – dövlət insanlarının yaxşı yaşaması, sabitliyini, təhlükəsizliyini təmin etmək, firavan həyat sürməsi üçün hər şey edir. Təhlükəlidir – çünki bir yandan Qəzza zolağından HƏMAS ara-sıra, qəfildən, müxtəlif vaxtlarda İsrailin müxtəlif istiqamətlərinə raketlər atır. O HƏMAS ki, silah-sursatı, maddi dəstəyi gizli və açıq yolla İrandan alır...

Bu arada İsarildə olduğum bir ay ərzində axşam saatlarında Qəzza zolağından İsrailin cənubuna atılan raketlərin şahidi oldum. Təbii, “Dəmir günbəz” hava hücumundan müdafiə sistemi tərəfindən bunun qarşısı alınaraq raketlər zərərsizləşdirildi. Yerli vətəndaşlar deyir ki, Qəzzadan dayanmadan raket atılanda, vəziyyət daha da ciddiləşəndə Azaka – həyəcan siqnalı verilir, bütün ölkə vətəndaşlarının mobil telefonlarına sığınacaqlara keçmələri üçün sms göndərilir. Bu zaman köhnə binalarda yaşayan insanlar binaların zirzəmilərinə enir. Son 20 ildə tikilən bütün binaların hər mənzilində bir otaq raketə davamlı hazırlanıb. Otağın qapısı və bir pəncərəsi dəmirdən, divarın betonu isə qalın hörülüb. Həyəcan siqnalı zamanı bütün ailə məhz həmin otağa yığılır. Təhlikəsiz otaqlar otellərdə və digər obyektlərdə də hazırlanıb. 

Bundan əlavə, orda olduğum zaman müxtəlif günlərdə müxtəlif şəhərlərdə terror aktları törədildi, 14 ailənin üzvü – aralarında 3 uşaq, bir ailənin iki övladı da daxil olmaqla, terrorun qurbanı oldu. Məhz bu hadisələrdən sonra ölkə parlamentinin Qanunvericilik işləri komitəsi tərəfindən təklif qədul edildi - İsrail vətəndaşlarına qarşı terror törədən şəxslər edam olunacaq...

İsrailin bir sıra şəhərlərində olsam da, şahidi olduğum olaylar üzündən ölkənin dörd bir yanını gəzmək mümkünsüz oldu.

Yəhudilər deyir ki, onlar sülh, dinclik şəraitində yaşamaq istəyir, Fələstin xalqına qarşı heç bir pis niyyətləri yoxdur. Elə fələstinlilər də eyni fikri deyir. Bildirirlər ki, onlar olmazsa, dolanışıq, biznesləri yaxşı getməz, israillilərin hesabına ailələrini saxlayırlar. Belə ki, İsraillə sərhəd olan bəzi şəhərlər var ki, mərkəzə getməmək şərtilə israillilər alış-veriş üçün bu sərhəd şəhərlərə gedir. Şəhər mərkəzində İsrail dövlət nişanlı avtomobillərlə görünmək isə təhlükəlidir. Qiymətlər İsraildən ucuz olduğu üçün alış-veriş zamanı onların güzəştə getmək fikirləri olmur. İsraildən Fələstinə sərhəddi keçmək üçün post açıqdır. 

Amma qarşı tərəfdən gələn bütün avtomobillər İsrail sərhəddçiləri tərəfindən ciddi yoxlanılır, sənədlərə, avtomobillərin içinə baxılır. Əcnəbi vətəndaş gördükdə isə onun nə üçün qarşı tərəfə keçdiyi, nə alıb-apardığı sorğu-sual edilir. Sərhədçilər arasında ingilis, rus dilini bilənlər olduğundan əcnəbilərə sorğu-sualı cavablandırmaq çətin olmur. Sərhəddə Fələstin tərəfdə bu ölkənin vətəndaşlarına məxsus avtomobillər sıralanıb. Bunlar iş vizası ilə İsrailə işləməyə gələnlərin avtomobilləridir. Özəl şirkət tərəfindən əvvəlcə yoxlanılıb, etibar edilib işə götürülən insanlardır. Şirkət avtomobili onları səhər saatlarında sərhəddən götürür, iş bitdikdə yenidən sərhəddə geri gətirir.

...İsraildə oğlanlar kimi qızlar da orta məktəbi başa vurduqdan sonra hərbi xidmətə yollanır: qızlar üçün 2, oğlanlar üçün 3 il. Hərbi xidməti başa vurduqdan sonra hökumət onlara bəlli bir məbləğdə pul verir. Əsgərliyini başa vuran gənclər həmin pulla evlənə, ali təhsilinin ödənişini edə, ya da şəxsi biznesini qura bilər. Əri dünyasını dəyişən, ərindən boşanan qadınları hökumət ayda bir dəfə ərzaqla təmin, pul yardımı edir.

İsraildə gediləcək eyni istiqamət üçün vaxt fərqli ilə bir neçə avtomobil yolları fəaliyyət göstərir: kiçik avtomobillər üçün ödənişsiz və ödənişli, avtobuslar üçün digər yollar. Ödənişli yollarda işıqfor, təhlükəsizlik kameraları, yol polisləri yoxdur, sürücülər avtomobili istədikləri sürətlə sürə bilər. Şəhərdən-şəhərə keçiddə kamera avtomobilin nömrə nişanını yaddaşa qeyd edir, ay sonu ödəniş ödəmək üçün sahibinin ünvanına məktub göndərir. Magistral yollar enli, rahat, düz döşənmiş asfalt örtüyündən ibarətdir.

Ölkənin bütün rəsmi orqanlarında, ticarət mərkəzlərində, özəl ofislərdə, çimərliklərdə, dəniz kənarında, xəstəxanalarda, poliklinikalarda, kafe-restoranlarda Wi-Fi xidməti pulsuzdur.

“Şabbat Şalom”

Şabat - yəhudilərin bütün işlərindən imtina edib istirahət etdiyi gündür. Dini qanunlara görə, şabat cümə axşamı gün batmazdan bir neçə dəqiqə əvvəldən şənbə gecəsi səmada üç ulduz görünənə qədər qeyd olunur. Şabatdan əvvəl küçələrdə pulsuz şamlar paylanılır. Şabat cüt şam yandırmaq və xeyir-dua verməklə daxil olur. Şabatda gün batana kimi Tövrat oxuyur, sinaqoqa gedirlər. Yəhudilər şabata ciddi riayət edir, bütün günlərini Allaha həsr edir, ailə ilə vaxt keçirir. Ev və təsərrüfat işləri, yeməklərin hazırlanması, çirkli əşyaların yuyulması şabatdan əvvəl edilir, elektrik əşyalara toxunulmur. Polis, yanğınsöndürmə idarələrindən, xəstəxanalardan başqa hər yer bağlı olur. Taksi və şəxsi avtomobillərdən başqa dövlət və özəl müəssisələr, dükan-bazarlar, kafe-restoranlar, ictimai nəqliyyat işləmir. 

Şabatda qəbiristanlıqlar belə ziyarət edilmir. Şəhər bom-boş olur, sakitlik hökm sürür. Şabat günləri axşamlar restoran-kafelər açıq olarsa, sahibləri əvvəlcədən dövlətə müəyyən məbləğdə rüsum ödəməlidir, əks təqdirdə cərimə olunurlar. Böyük şəhərlərdə rus marketləri fəaliyyət göstərir. Şabat günü bu dükanları açanlar yerli icra orqanlarından icazə almaqla yanaşı dövlətə rüsum da ödəyir. İnanclı yəhudilər, ümumiyyətlə yəhudilər bu dükanlara girmir. Bu dükanlarda donuz əti və donuz ətindən hazırlanan ət məhsulları olduğundan onlar nə donuz əti yeyir, nə də bu dükanlardan ərzaq alır. 

Bura Rusiyadan və digər ölkələrdən gələn yəhudi və qeyri-yəhudilər baş çəkir. Yəhudi dinində donuz əti, yağı haram buyrulub, onlar heç vaxt donuz əti və yağından istifadə edilən məhsullar yemir. 

İsraildə halal olan məhsulların üzərində “koşer”, “kaşar” sözləri yazılır ki, həmin sözlər də yəhudi dilində “halal” mənasını verir. Ümumiyyətlə, ət və ət məhsullarını süd və süd məhsulları ilə birgə qəbul etmirlər. Ət yeməklərində bitki yağlarından istifadə edilir. Süd məhsullarını qəbul etdikdən 2 saat sonra ət yeməkləri, ət yeməklərindən 5-6 saat sonra süd məhsullarını yemək olar.

İstaildə evlərin giriş qapısının sağında qapı dirəyinə mezuza yapışdırılır. İçində Tövratdan götürülmüş xüsusi ayələr rabin tərəfindən əl ilə yazılaraq onun içinə yerləşdirilir. Hər bir yəhudi evdən çıxıb evə girərkən barmaqları ilə mezuzaya toxunur və onu öpür.

İsrail vətəndaşlarının demək olar ki hamısı işləyir, bir çox ailələr var ki, 14 yaşlı övladları səhər məktəbə, günortadan sonra işə gedir. Bu ölkədə iş tapmaq çətin deyil. İsrail bərəkətli ölkədir. İşləmək, yaşamaq, toplamaq üçün hər şey var. Buna görə də, bu ölkəyə leqal və qeyri-leqal yolla, turist kimi gəlib işləyib, geri dönməyib uzun illər qaçaq yaşayan, saxta sənədlər düzəldən insanlar az deyil. Vizanın vaxtı bitdikdə polisə yaxalananlar müxtəlif bəhanələr, yalanlar uydurur. 

Əvvəldən məqsədləri qalmaqdırsa, ölkəyə giriş edən andan vəkil tutur, pul verir ki, yaxalanacağı təqdirdə özlərini müdafiə edə bilsin. Yaxalananlar öz ölkəsi əleyhinə ittihamlar səsləndirir, yalan ifadələr verir. Bu ittihamlar ya səsli olaraq qeyd olunur, ya da yazılı olaraq vəkilə, onun vasitəsilə də məhkəməyə göndərilir. Məhkəmə qərar çıxarır: ya özü bilet alıb ölkəsinə göndərilir, ya da əli qandallanaraq hava limanına gətirilib, oradan da deport olunur. Təəssüf ki, aralarında Azərbaycan vətəndaşları da az deyil.

Netanyanın “Hamei Qaaş”ı

İsrail tək dənizi ilə deyil, həm də Netanyadakı “Hamei Qaaş” isti su bulağı ilə də məşhurdur. Belə yerlər orada onlarladır. Təl-Əvivdən avtomobillə 15 dəqiqəlik məsafədə yerləşir. Mərkəz 18 hektar ərazini əhatə edir, ətrafı açıq atmosferlə, sonsuz yaşıl çəmənliklərlə əhatə olunub. Böyük şəhərin yaxınlığında yerdən axan isti və təbii bulaqlar çıxır. Minerallar və duzlarla zəngin suyu olan “Hamei Qaaş” Avropanın digər isti su bulqalarından heç də geridə qalmır. Hovuzların divarlarından və dibindən onlarla reaktiv axır ki, dəriyə müalicəvi, sakitləşdirici və canlandırıcı təsir göstərir, sağlamlıq, bədən və ruh üçün çox vacib olan sakitliyi və tarazlığı bərpa edir.

“Tanrının şəhəri” –  Qüds 

İsrailə gedib Qüdsü (yəhudilər Yerusəlim adlandırır-red.) görməmək günah olar. Təl-Əvivdən bu müqəddəs məkana avtomobillə 1 saat məsafədir. Bu qədim şəhərə giriş və çıxışı ciddi tıxaclarla keçməli olursan. Hazırda Müqəddəs Şəhərdə Məbəd dağı ətrafında İsrailin aparıcı arxeoloqları tərəfindən bir neçə yerdə qazıntı işləri aparılır. Şəhər günün 24 saatı insan izdihamı ilə qaynayır. 

Qüds duyanın ən qədim şəhərlərindəndir. Hər üç səmavi din olan İudaizm, İslam və Xristianlıq üçün müqəddəs şəhər hesab olunur. Yəni bura yəhudi, müsəlman və xristianlar üçün müqəddəs yerdir. 

Köhnə Şəhərdə yəhudilərin “Ağlama divarı”nı, müsəlmanların “Əl-Əqsa” məscidini, xristianların “Müqəddəs Məzar Məbədi”ni ziyarət etmək üçün dünyanın dörd bir yanından insanlar bura axışır. Hər bir insan üçün ömründə bir dəfə də olsa bu müqəddəs məkana gəlməyə dəyər. Ətraf təhlükəsizlik kameraları, polislərlə doludur. Hiss olunur ki, şəhər yüksək səviyyədə qorunur. Məbəd kompleksinə bir neçə qapıdan daxil olmaq olur. Və daxil olarkən üst-başın, əşyaların mühafizəçilər tərəfindən ciddi yoxlanılır.

“Ağlama divarı”- Məbəd dağının qərb tərəfində yerləşən qədim yəhudi məbədi divarının qalıqlarıdır. Yəhudilər üçün müqəddəs hesab edilir. Buna “Qərb divarı” da deyirlər. Kişilərlə qadınların bir yerdə ibadət etməməsi üçün “Ağlama divarı”nın ortasından arakəsmə qoyulub.

Əraziyə daxil olarkən kişilər başlarına kipa qoymalı, qadınlar başlarını örtməlidir. Yəhudilər “Elohim” deyə dua edirlər. Yazdıqları və ya onlara əmanət edib verilən məktubları ziyarətçilər gətirib divarın dəliyinə qoyur. Allaha dua edir, ağlayır, arzularının həyata keçməsini diləyirlər. Divara tıxanan kiçik həcmli arzu məktubları qəbul etmək üçün dəliklər o qədər də çox deyil. Yerə tökülənləri onlarladır. İnsanlar başlarını divara söykəyib ağlayaraq Allaha dua edərkən, quşlar başları üstə ya dövrə vurar, ya da ətrafdakı binaların damından tamaşa edər. İnanclı insanlar deyir ki, bu quşlar insanlar ordan ayrılandan sonra ya divardakı, ya da yerə tökülən məktubları dimdiklərinə alıb uçar, hardasa dimdiklərindən yerə buraxırlar. Əlbəttə, o qədər məktubu quşların aparması qeyri-mümkündür. Müxtəlif vaxtda təmizlik zamanı divarın dibinə tökülən məktublar yığılıb ərazidən kənar, təmiz bir yerə aparılıb tökülür. Əgər bura ziyarət şabat vaxtına düşərsə, elektron cihazdan istifadə etmək qadağan edilir.

Əl-Əqsa Məscidi - Müsəlmanlar üçün ən müqəddəs yerlərdən biri “Həram əs-Şərif” məscidinin yerləşdiyi müqəddəs məbəd kompleksi. Əl-Əqsa məscidi müsəlmanların ilk qibləsidir. Qüds müsəlmanlar üçün Məkkə və Mədinədən sonra üçüncü müqəddəs şəhərdir. Əl-Əqsa məscidinə gedilən yol üstüörtülü bazardan keçir. Məscidə ancaq müsəlmanlar buraxılır. 

Orda olduğum müddətdə qarşı tərəfə keçmək istəyən qeyri-müsəlman qadın turistlər buraxılmadı. İsrail polisləri haradan gəldiyini, müsəlman olub-olmadığını soruşur. Sonra kəlimeyi-şəhadəti oxutdurur, lazım olduqda pasportuna baxır, sonra buraxır. Bir addımlıqda ərəb mühafizəçi gözləyir. O da eyni sualları verir, Fatihə surəsini oxutdurur. Bunlar tam deyil, sən nə qədər də qapalı geyinsən, bu mühafizəçinin xoşuna gəlməyə bilər, məsələn, bütün saçını və bədənini, ayaqlarını örtən hicab geyinməyən müsəlmanlar əraziyə buraxılmır. 

Bəndənizin bəxtinə məscidə günorta namazında daxil olmaq düşdü. Məscidin bir tərəfində kişilər, digər tərəfində qadınlar dua edir, namaz qılır, içəri ziyarətçilərlə doludur. Hər gün müsəlmanlar burda 5 dəfə namaz qılmağa gəlir.

“Müqəddəs Məzar Məbədi” və ya “Müqəddəs Məzar Kilsəsi - bəzən Məsihin Dirilmə (Anastasis) Kilsəsi də deyirlər. Qüdsün Köhnə Şəhərinin şimal-qərb məhəlləsində yerləşir. Bu böyük kilsə İsa peyğəmbərin çarmıxa çəkildiyi, dəfn edildiyi və sonra dirildildiyi yerdə tikilib. Müqəddəs Kitaba görə İsanın məzarı çarmıxa çəkilmə yerinə yaxın idi və buna görə də kilsənin həm xaçın, həm də məzarın yerini əhatə etməsi planlaşdırılırdı. Kilsənin daxilindəki xristianlar üçün müqəddəs sayılan həmin məkanı ziyarət etmək istəyənlər uzun-uzadı saatlarla növbə gözləyir. Həmin məkanın daxili çəkməyə icazə verilmir. Kilsənin girişinində yerdə böyük daş var. Hamı əlini, baş yaylığını və əl dəsmalını daşa sürtərək, daşın arasından göz görməyəcək qədər süzülən suya çəkir...

...Bu müqəddəs məkanın, məbəd kompleksinin aurası o qədər gözəldir ki, təsəvvür etmək mümkün deyil. Üç dinin peyğəmbərlərinin ayaq izləri var burada. Bu müqəddəs məkan üçün hər din özünəməxsus sözlər deyir. Məbəd dağı ətrafında Həzrəti Adəmin məzarının olduğuna inananlar var. Rəvayətlərə görə, dənizin suyu çəkiləndə Nuh peyğəmbərin gəmisi burda lövbər salıb.  Müsəlmanlar Həzrəti İbrahimin oğlu Həzrəti İsmayılı, yəhudilər digər oğlu Həzrəti İsaqı burada qurban verməyə hazırlaşdığına inanırlar. 

Süleyman peyğəmbər bu qayada tez-tez Allah yolunda qurbanlar kəsib. Davud və Süleyman peyğəmbərlər burada Allaha dualar edib. 

Həzrəti Məhəmməd merac gecəsi burada 124 min peyğəmbərə, qayanın altındakı mağarada isə 4 böyük peyğəmbərə namaz qıldırıb göylərə merac edib, Allah qatına yüksəlib. Allah digər peyğəmbərləri - Həzrəti Zəkəriyyəni, Həzrəti Yəhyanı, Həzrəti İsanı, Məryəmi də bu torpaqda şərəfləndirib. 

Yəni, Qüds müsəlmanlar üçün Əl-Əqsa məscidinin yerləşdiyi, Məhəmməd Peyğəmbərin Meraca yüksəldiyi, xristianlar üçün İsa peyğəmbərin son günlərini yaşadığı, həvarilərlə gizli görüş keçirdiyi, çarmıxa çəkildiyi və zühur etdiyi, yəhudilər üçün  Süleyman peyğəmbərin sarayının olduğu, Davud peyğəmbərin şöhrət qazandığı şəhərdir. Qüdsü 10 gün gəzmək yetməz. Bura bir tarixdir, dünyada yeganə şəhərdir ki, bütün dövlətlərin tarixini burada görmək mümkündür.

“Onun bütün yolları sülhdür”

İsraillilər inanclı insanlardır, bu ölkədə ziyarət ediləsi yerlər çoxdur. Ziyarətgahlara şəxsi minik maşını və avtobusla, qatarla getmək mümkündür. İsrailin cənubunda yerləşən Netivot 1956-cı ildə salınıb, şəhər İncilin şərəfinə “Onun bütün yolları sülhdür” adlandırılıb. İlk sakinlər Mərakeş və Tunis, 1990-cı illərdə Rusiya və Efiopiyadan gələn mühacirlərdir. Netivot yəhudi mistiklərinin evi və məşhur ziyarət yeri kimi tanınır. Buranı “İsrailin Varanasi” adlandırırlar. Bu şəhərdə israillilərin, turistlərin daha çox getdiyi məşhur ziyarətgah Mərakeş əsilli kabalist İsrail Abuhatzeira - Baba Salinin məzarıdır. 

Onun sağlığında möcüzələr yaratmaq qabiliyyəti olduğu deyilir. 1984-cü ildə vəfat edən Baba Salinin dəfnində 100 mindən çox insan iştirak edib. İnanclı insanların sözlərinə görə, Baba Sali ziyarətgahında edilən dualar həyata keçir, xəstələr şəfa tapır, övladsızlar övlad sahibi olur. Onun Netivotdakı məzarlığı İsraildə məşhur ziyarət yerinə çevrilib. Netivotla Qəzza zolağı arasında məsafə 13 km-dir. 2008-ci ildən Netivot Qəzzadan Qrad raket hücumlarının hədəfi olub. 2012-ci ildə şəhərdə məktəb yaxınlığında raket partladılıb. Bunları nəzərə alaraq, insanlar ziyarətgaha avtobuslarla, kolektiv şəkildə getməyə üstünlük verir.

“Müjdə Kilsəsi”-İsanın gəliş müjdəsi

“İsrailin ərəb paytaxtı” kimi tanınan tarixi Nazaret, İsrailin şimalındakı ən böyük şəhərlərindəndir. Sakinləri əsasən İsrailin müsəlman və xristian ərəb vətəndaşlarıdır. Nazaretlə Təl-Əviv arasındakı məsafə 1 saat 20 dəqiqədir. Nazaret xristian ziyarətinin mərkəzi olub, burada Bibliya hadisələrini xatırladan bir çox ziyarətgah var.

“Müjdə Kilsəsi” (“Annunciation Kilsəsi”) Yaxın Şərqdə ən böyük xristian ibadət yerlərindən biri hesab olunur. Kilsənin nəhəng günbəzi bütün şəhərə hakimdir. 1950-60-cı illərdə on il ərzində inşa edilib, II Vatikan Şurası başa çatdıqdan sonra tamamlanıb. Katolik ənənəsinə görə məhz bu kilsənin tikildiyi mağarada Cəbrayıl mələk Məryəmin gözünə görünərək İsaya hamilə qalacağını və dünyaya gələcəyini deyir. Kilsə Məryəmin evinin yeri olaraq tikilib. Həzrəti İsanın uşaqlığı bu şəhərdə keçib. Arxeoloji qazıntılar zamanı orada aşkar edilən mağarada b.e.ə.III əsrə aid daşdan bünövrə və Cəbrayılın “Salam Məryəm” sözləri yazısı tapılıb. Ağ günbəz ziyarətçilərə Məryəmlə əlaqəli ənənəvi təmizliyin simvolu olan zanbaq ləçəklərini xatırladır. Rəvayətlərə görə, İmperator Konstantin I tərəfindən “Müjdə Kilsəsi” Yerusəlimdəki “Müqəddəs Məzar Kilsəsi” ilə eyni vaxtda tikilib. Bəzi ehtimallara görə, kilsə hələ 570-ci ildə mövcud olub.

...Sonluq və son evimiz olan məzarlıq

“Apple” şirkətinin yaradıcısı Stiv Cobsun bir sözü vardı: “Mən qəbiristanlıqda ən zəngin insan olmaq istəmirəm”. Amma 10 il bundan əvvəl başlayaraq İsrailin Petah-Tikva şəhərinin kənarında “Yarkon” qəbiristanlığında minlərlə insan, yəqin ki, zənginlər üçün son istirahət yeri olan müasir, hündürmərtəbəli qəbiristanlıq tikilib və tikilməkdə davam edir. 

İsrailin əsas mərkəzi magistral yolunun kənarındakı çox səviyyəli formada tikilən bu hündürmərtəbəli binanın ilk baxışdan ölülərin evi olduğuna heç kim inanmaz, ta ki içəri girib gəzib ziyarət etməyənə qədər. 4-5 mərtəbəli binanın içi təmizdir, qəbrlər səliqəli yerləşdirilib. Hər mərtəbənin yanlarında təmiz havanın daxil olması üçün dəliklər açılıb. Deyirlər bütün bunların mənbəyi yer olmamasıdır. İsraildə torpaq bahadır, hətta yaşadığın binanın, evin belə torpaq rüsumu ödənilir. Yəhudi dəfnlərinə nəzarət edən yarı rəsmi təşkilat olan Təl-Əviv dəfn cəmiyyətinin ravini Yaakov Ruza bildirib ki, yeni dəfn formaları aparıcı yəhudi ultra-pravoslav xadimləri tərəfindən təsdiqlənib. Bu arada Qüdsdə dəfn cəmiyyəti hətta ölülər üçün daha çox yer tapmaq üçün faktiki yeraltı mağara qazmağı planlaşdırır. Şəhərin yəhudi dəfn cəmiyyətinin meneceri Çananya Şahor demişkən, Allah bizə torpaqları ölmək üçün yox, yaşamaq üçün verib. Allahın bizə verdiyi torpaqlarda şükür edərək yaşayan, bəxş etdiyi bu müqəddəs torpaqlara yenidən ziyarət etmək ümidi ilə...

Laçın SƏMLA

Bakı-İsrail-Bakı

AzPolitika.info


















635x100

Şərhlər

L.S. 2023-03-16 13:33:56

Həzrəti İbrahimin İsmayıldan sonra digər qadından doğulan İshakı da qurban kəsmək istəyib, burada söhbət İshaqdan gedir, tarixi yaxşı oxuyun.

Vahid 2023-03-16 10:43:28

Hezreti İbrahim(a s) oğlu İsmayıl(a.s)-i qurban kesmek istedi, İshak( a.s)-ı yox.

Son yazılar