İSVEÇİ UDMAĞIN “HAQQI”... - Və “parlayan” cəmiyyətin sönük futbolu...

Yox, nəyi bacarmasaq da, baş verənlərin mahiyyətinə, səbəbinə baxmadan axına qoşulub “küyə getməyi”, əlimiz və gücümüz çatanın “qabırğasına döşəməyi”, əzib linç etməyi yaxşı bacarırıq. Azərbaycanın futbol millisinin İsveçə dünənki böyük hesablı məğlubiyyətinə cəmiyyətdə və sosial şəbəkələrdəki reaksiyalar da bunu bir daha sübut etdi. Tənqidin, rişxəndin, təhqirin, söyüşün biri heç bir qəpik də deyil. Axı, futbolçu, baş məşqçi kimdir ki?

Onu söyməyə nə var - büdcəni talayan, haqqını yeyən icra başçısı, gömrük rəisi, hakim, polis rəisi, prokuror, deputat, nazir və s. deyil ki, qorxasan, yaxud məddahlıq edəsən...

Cəmiyət olaraq öz taleyimizə biganə olduğumuz halda, futbolçularımızı Azərbaycan adına fədakarlıq, cəsarət, peşəkarlıq göstərməməkdə qınamağımız, yumşaq desək, bir az qüsurlu görünür. Görəsən, dünən uduzan futbolçunu, məşqçini söyən, yerdən yerə vuran jurnalist, həkim, müəllim, aktyor, sürücü və digər peşə sahibləri özlərini İsveçdə eyni peşələrlə məşğul olan isveçli ilə həm peşəkarlığı, həm bilik və bacarığı, həm gəlirləri, həm də digər maddi və qeyri-maddi keyfiyyətlərinə görə müqayisə edə bilərmi? Futbol açısından bu müqayisələr qüsurlu görünə bilər. Ancaq aşağı-yuxarı mütənasiblik eynidir.

Necə jurnalistiksə, ziyalıyıqsa, deputatıqsa, naziriksə, sürücüyüksə, polis, hakim, prokuror, vergi işçisiyiksə, elə də futbolçuyuq! Demək olar, çoxumuz məlum səbəblərdən övladımızın prokuror, hakim, polis rəisi, icra başçısı, bəd ayaqda gömrük, yaxud vergi işçisi olmasını istəyirik. İndi isə övladını futbola qoyan kişilərin hazırda Azərbaycan adına meydanda top qovan uşaqlarına və onların əsil-nəcabətinə uduzduqları üçün söyürük...

Nədə İsveçdən, Avstriyadan, hətta Lüksemburqdan üstünük ki, futbolda üstün ola bilməməyimizə bu qədər aqressiv münasibət göstəririk? 100 kriteriya üzrə uduzduğumuz bir ölkəyə futbolda da uduzmağımızın nəyi qeyri-təbiidir? İsveç kimi ölkəyə təkcə futbolda yox, başqa sahələrdə də uduzmamağın haqqı böyükdür və biz təəssüf ki, bu haqqı ödəyə biləcək səviyyədən hələ çox uzağıq....

Səthi bir müqayisə aparaq. Son hesabatlara görə Azərbaycanla demək olar, eyni sayda əhaliyə malik olan İsveçin Ümumi Daxili Məhsulu 551 milyard dollardır. Azərbaycanda bu göstərici heç 80 milyard da deyil. İsveçdə orta aylıq əmək haqqı 3600 avrodur. Ömrü boyu işləməyən, dövlətə bir qəpik vergi ödəməyən isveçli belə ayda minimum 560 avro müavinət alır. Azərbaycanla müqayisə edilməyəcək bu cür göstəriciləri saydıqca bitməz.

İsveç universitetləri dünyanın ən aparıcı elm ocaqları sırasındadır, İsveç alimləri bütün dünyaya səs salan elmi araşdırmalar, kəşflər sahibidir. İsveç iqtisadiyyatı nümunəvi iqtisadiyyatlardan sayılır, İsveç cəmiyyəti, onun siyasi sistemi, seçki sistemi ən demokratik və inkişaf etmiş sistemlərdən biridir və sair. Bəs bizim təhsilimiz, səhiyyəmiz, elmimiz, iqtisadiyyatımız, siyasi mühitimiz – nəyimiz İsveçdən üstündür ki, futbolumuzun uduzmasına bu qədər “faciəvi” münasibət göstəririk? Nəyimiz İsveçlə müqayisə ediləcək səviyyədədir və ümumiyyətlə, belə ölkələrlə müqayisə olunacaq səviyyələrə çatmaq üçün nə edirik?

Bu futbolçu uşaqları, gəncləri biz yetişdirmişik, isveçli futbolçunu isə İsveç cəmiyyəti, dövləti, məktəbi, biznesi, idman strukturları və sair. Ona görə təkcə 41 yaşlı Zlatan İbrahimoviçin qiyməti bizim millinin oyunçularının ümumi qiymətindən dəfələrlə yüksəkdir.

Futbolçu Maştağanın pomidor, göyərti “parniklərində” yetişmir axı. Azərbaycanda nəinki paytaxtda, hətta bölgələrdə, ucqar kəndlərdə on qarış boş torpaq, qanqallıq belə tapıb, futbol oynamaq mümkün deyil. Hər yer qarış-qarşı satılıb və mənimsənilib. Nə futbol məktəbi var, nə onu lazımi səviyyədə maliyyələşdirən biznes və dövlət strukturlarI nə də bu işlərə can yandıran ayrı-ayrı fəallar. Hər rayonda bir idman olimpiya kompleksi tikməklə iş bitmir. Xüsusilə də bu komplekslərin iş və fəaliyyət “prinsipləri” nəzərə alındıqda...

Bəli, elə kasıb Afrika ölkələri var ki, yığmaları yaxşı oyun göstərir, nəticə əldə edir və sair. Adətən belə ölkələrin pis-yaxşı milli yığmaları olsa da, klub çempionatları yox səviyyəsindədir. Eləyə qalsa, zaman-zaman Azərbaycanın da məsələn, İsveçrə kimi yığmalar üzərində qələbələri olub. Ancaq belə uğurlar dayanıqsız, müvəqqəti, tez parlayıb tez də sönən olur.

Əlbəttə, bizim də öyünəcəyimiz, qürurlanacağımız nələrimizsə var və bunlar az deyil. Ancaq onların içərisində futbol hələ ki, yoxdur və bu gedişlə nə zamansa olacağı heç üfüqdə də görünmür...

Odur ki, içimizdə tam başqa səbəblərdən yığılan mənfi enerjini, məyusluğu, hirsi, hiddəti Azərbaycan adına pis-yaxşı top qovan, yıxılan, duran, zədələnən, bir sözlə əziyyət çəkən uşaqların üzərinə tökmək doğru olmaz. Bəli, bu mənzərə xoş deyil, könül istər ki, Azərbaycanın adı, bayrağı olan hər yerdə yalnız qələbələr olsun, ya da ən azından bu cür məğlubiyyətlər olmasın. Ancaq bunun baş verməsinin günahkarı təkcə meydandakı 11 nəfər və bir baş məşqçi deyil...

Futbolçunu söyməklə, linç etməklə, alçaltmaqla sabah dönüb bundan daha yaxşı oyun göstərməyəcək. Bunun yolu tamamilə başqa və daha uzundur.

Bir də kaş elə uduzduğumuz tək futbol olaydı... Hərdən özümüzə ürək-dirək verməyimiz də lazımdı. Məsələn, futbolumuz olmasa da, yolumuzu və qapımızı kəsdirən “Formula-1”-imiz var...

Cəlal Məmmədov

“AzPolitika.info”  

635x100

Şərhlər

dadaşyev 2023-03-28 22:05:52

Dediklərin çox doğrudur,Cəlal kardeşim.Amma Xorvatiyanın ÜDM-i bizdən,sadəcə,iki dəfə çoxdur,əhalisi isə 5 milyon da deyil.Bununla belə futbolla dünyada ad qoydular qısa zamanda.Bizimlə də eyni vaxtda müstəqillik qazanıblar.Və ya Kamerun.Bədbəxt bir Afrika respublikası.Əhalisi bizdən üç dəfə çox,ÜDM isə bizdəkindən də azdır.Amma futbolu adam kimi oynayırlar.Braziliya,Argentina inkişaf etməkdə olan ölkələrdir,adambaşına düşən gəlir bizdəkindən də azdır,amma uşaqdan da soruşsan Braziliya,Argentina deyə bir ölkə tanıyırsanmı,o saat Pele,Maradona deyəcək.Futbolu adam kimi oynayan ölkələr bütün dünyada sevilir uşaqdan böyüyə.Heç şübhə etmirəm ki,əgər biz futbolu adam kimi oynaya bilsəydik,Braziliya kimi,Argentina kimi,Xorvatiya kimi,bu gün bizə düşmən ölkələrdə heç olmasa futbola görə kifayət qədər rəğbət qazanardıq.Bizdə futbol bu gedişlə mümkün deyil,çünki futbola sel kimi pul axdığından məşqçi bədbəxt müxtəlif zənglərə,tapşırıqlara əsasən komandaya “futbolçu” götürməli olur,ona görə də faciəli uduzanda danışarkən qulağını qaşımaqla məşğul olur.Niyə?Çünki millət söyür,onun da qulağı cingildəyir,ona görə qaşıya-qaşıya durur.Yeri gəlmişkən,mən də xeyli söymüşəm məşqçini.Yəni qulağını qaşıtdıranlardan biri də mən olmuşam.Atatürk deyib ki,ordu müharibəni uduzursa,günah əsgərdə deyil,ordu komandanındadı.Adamda bir utanan sifət olar yau kardeşim.Bunun üzü utanmadı,qulağını qaşıya-qaşıya durdu.Bacarammırsansa,istefa ver,yoxsa sən də Tağı müəllimsənmi,deyəsən lazım gəlsə hörmətli cənab Prezidentimiz məni işdən azad edər?Yau kardeşim,hörmətli cənab Prezidentimizin onsuz da işi başından aşır,kafedra müdirini dəmi,baş məşqçini dəmi o işdən çıxarmalıdır?Onda rektor nəyə lazımdır,milli komandanın böyüyü nəyə lazımdır?Allah Allah!Kim işinin öhdəsindən gəlmirsə özü öz ərizəsini yazıb çıxammırmı işdən?Yoxsa Əliqulu Baloğlanoviç kimi öləndə də gərək əliniz telefon trubkasında olsun?

Oxucu 2023-03-28 15:47:49

Sonuncu abzası oxuyanda bilmədim gülüm,yoxsa ağlayım!

Resad Akber 2023-03-28 14:02:16

Əhsən. Yazı çox xoşuma gəldi. Bizdə çarəsi söymək ən böyük çarədi. Hər şeydə uduzduğun birinə futbolda uduzmağın niyə qəbahət olsun axı))))))))))))))) Sözə görə təşəkkür edirəm bu yazını yazan şəxsə.

Cavan 2023-03-28 14:01:44

Doğrudur qardaş,tam doğrudur.

Müzəffər 2023-03-28 13:56:17

Taleimizə biganəliyi yaradan,bunun üçün sosioloq və politoqlara səfər edən bu rejim deyilmi?Hansı sahədə onkişaf var? Təhsildə,tibbdə,sənayedə,nəqliyyatda,elmdə,ya gündəlik həyarda? Bütün bunların arxasında hakimiyyətin başıpozuqıuğu durmurmu?

Son yazılar