ABŞ Avropanın neft-qaz bazarını ələ keçirib – Rusiyanın payı necə bölünüb?

ABŞ Rusiyanı əvəz edərək Avropa Birliyinin əsas neft ixracatçısı olub.

“AzPolitika.info” xəbər verir ki, bu barədə “Eurostat”ın çərşənbə axşamı yaydığı məlumatda bildirilir. Qeyd olunur ki, dekabr ayında AB-nin neft idxalının 18 faizi ABŞ-dan gətirilib.

Müharibəyə qədər Avropanın ən böyük neft tədarükçüsü olan Rusiyanın payı ötən ilin yanvarında 31 faizdən dekabrda 4 faizə düşüb. Bir il əvvəl ABŞ-ın payı 13 faiz idi. Norveç 17 faizlik payla Avropa İttifaqı ölkələrinin ikinci ən böyük neft tədarükçüsü olub.

Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya birbaşa müdaxiləsi bir çox Avropa dövlətlərini Kremli müharibə üçün valyutadan məhrum etmək üçün Rusiyadan neft, təbii qaz və kömür idxalını azaltmağa məcbur etdi. Dekabr ayında Avropa İttifaqı tankerlərlə daşınan Rusiya neftinin idxalına qadağa qoyub və Rusiyadan ixrac edilən neftin qiymətlərinə tavan müəyyən edib. Hazırda bir barel 60 dollardır.

Aİ Rusiyadan təbii qazın idxalını da kəskin şəkildə azaldıb. İdxal ötən ilin birinci rübündəki 31 faizdən dekabrda 19 faizə düşüb. Avropa İttifaqının əsas qaz tədarükçüsü kimi Rusiyanın yerini Norveç tutub. Aİ ölkələrinin istehlak etdiyi qazın 31 faizi hazırda Norveçdən idxal edilir. ABŞ təbii qazın ikinci ən böyük ixracatçısı oldu. Aİ-nin təbii qaz idxalının 20 faizi onların payına düşür.

“2022-ci ilin sonunda ABŞ, Norveç və Qazaxıstan Aİ ölkələrinin ən böyük neft tədarükçüləri olub. Bununla da Aİ neft bazarında dəyişən vəziyyətə uyğunlaşmaq və praktiki olaraq Rusiya neftindən asılılıqdan xilas olmaq qabiliyyətini nümayiş etdirib”, – Eurostat-ın bəyanatında deyilir.

Rusiya keçən il Hindistana və Çinə neft ixracını nəzərəçarpacaq dərəcədə artırıb, bu ölkələr onu əhəmiyyətli endirimlə alıb. Rusiyanın energetika naziri Nikolay Şulqinovun sözlərinə görə, ixrac edilən neftin ümumi həcmini artırmağa nail olublar. Bununla yanaşı, Energetika Nazirliyi 2023-cü ildə Rusiyada neft və qaz hasilatının Avropa ölkələri tərəfindən satınalmanın azalması səbəbindən azalacağını proqnozlaşdırır.

Rasim

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar