Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov noyabrın 18-i Milli Məclisdə, 2015-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib ki, neftin qiymətinin kəskin şəkildə aşağı düşəcəyini göstərən tutarlı əsaslar yoxdur:
“2008-ci ildə neftin qiyməti 150 dollardan 35 dollara enmişdi. Amma Azərbaycan iqtisadiyyatında ciddi təlatümlər olmadı. Qarşıdakı ildə neftin qiyməti 60-70 dollara düşsə belə, Azərbaycanın gəlirləri xərclərindən çox olacaq”.
“Media forum” saytının məlumatına görə, Elman Rüstəmov deyib ki, ölkədə yoxsulluğun həddi aşağı düşüb: ”Hazırda Azərbaycan yoxsulluğun ən aşağı olduğu 25 ölkədən biridir. Eyni zamanda Azərbaycan inflyasiyanın ən aşağı olduğu ölkələrdən biridir. Manatın məzənnəsi sabitdir. Hökumət məzənnənin sabit saxlanmasına böyük əhəmiyyət verir. Əhalinin pul gəlirləri inflyasiyanı üstələyir. Bu siyasət davam etdiriləcək”.
Mərkəzi Bankın İdarə Heyətinin sədri əhaliyə kreditlərin verilməsinə qoyulan məhdudiyyətlərə də toxunub. O qeyd edib ki, 2015-ci ildə bank kreditləri 15 faiz artıb: “Mərkəzi Bank 2014-cü ildə istehlak kreditlərinin artımının tənzimlənməsi ilə bağlı tədbirlər görüb. Əhali və dövlət adından çıxış edən Mərkəzi Bank balanslı mövqenin tərəfdarıdır. Biz əhalinin istehlak kreditlərinə olan tələbatını qəbul edirik. Amma maliyyə savadlılığı yüksək olmadığına görə həddən artıq borclanma fəsadlar törədir. Banklar öz stabilliyini itirə bilərlər. 2014-cu ilin 9 ayında istehlak kreditlərinin həcmini iki dəfə aşağı salmışıq. 2013-cü ildə bu rəqəm 30 faiz olub. Bu il isə 15 faizə çatır. Bu da biznes kreditlərinin artım faizinə bərabərdir”.


Şərhlər