“ORDUMUZ BU ƏRAZİLƏRİ NƏZARƏT ALTINA GÖTÜRÜB” - Hərbi ekspert açıqladı

“Sonrakı mərhələdə həmin bölgədə nəzarət-buraxılış məntəqəsi qurulacaq”

Xəbər verildiyi kimi, Azərbaycan Silahlı Qüvvələri Laçın yolundakı hakim yüksəklikləri və sərhədboyu geniş sahələri nəzarətə götürüb.

Müdafiə Nazirliyinin açıqladığı məlumata əsasən yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələr nəzarətə götürülüb.

Qeyd edək ki, erməni mənbələr bu addımı Laçın yolunun Ermənistanla sərhəddə başlanan hissəsində nəzarət-keçid məntəqəsinin qurulması kimi dəyərləndirrirlər. Bu informasiya rəsmi olaraq təsdiqlənməsə də, iddia olunur ki, Azərbaycan ordusuna məxsus 10-dan çox “Ural” maşını var və Azərbaycan əsgərləri yolda səngər qazmağa, mühəndislik işləri aparmağa və nəzarət məntəqəsi qurmağa hazırlaşır.

Erməni “Teleqram” kanalında paylaşılan məlumatda bildirilir ki, Azərbaycan Ermənistana Laçından keçən əvvəlki yolun bir hissəsindən müvəqqəti istifadəyə icazə verib. İrəvan aprelin 1-nə qədər Qarabağla Ermənistanı birləşdirən yolu inşa etməli, əvvəlki yol da tamamilə Azərbaycanın nəzarətinə keçməli idi. Lakin Ermənistan tərəfi yeni yolu inşa etməyib, Azərbaycan isə qoyulan vaxta uyğun həmin yolu bağlayaraq, nəzarət məntəqəsi yaradır.

Bu mövzuyla bağlı hərbi ekspert Elxan Şıxəliyev “AzPolitika.info”-ya şərhində bildirib ki, Müdafiə Nazirliyinin açıqladığı məlumatlardan aydın olur ki, ordumuz Laçın yolu başda olmaqla çox geniş bir ərazini nəzarətə götürüb: “Ermənistanla şərti sərhəddə olan bölgəmiz Silahlı Qüvvələrimiz tərəfindən birbaşa əməliyyat nəzarətinə götürülüb. Bildiyiniz kimi, üçtərəfli bəyanata əsasən Laçın istiqamətində olan 5 kilometrlik zolaq Rusiya sülhməramlılarının nəzarəti altında olmalı idi. Ancaq burada şərti sərhədlə beş kilometr məsafədə yerləşən ərazidə bir boşluq var idi. Həmin o boşluqdan da Ermənistan silahlı qüvvələri bizə qarşı təxribat və diversiya əməliyyatları həyata keçirə bilirdi. Digər tərəfdən, ermənilər həm də Laçın yolundan qeyri-qanuni daşımalar həyata keçirirdilər. Rusiya sülhməramlıları isə ermənilərin bu fəaliyyətlərini görməzdən gəlirdilər”.

“Ordumuz Laçın rayonunda dediyimiz şərti sərhəddə olan bu əraziləri nəzarət altına götürüb. Bir neçə gün öncəki əməliyyatda 2054 metr hündürlüyü olan yüksəkliyi nəzarətə götürən zaman da dedim ki, bu bizim keçici hədəflərimizdir. Keçici hədəf o deməkdir ki, bu əməliyyatın ardınca şərti sərhədlərimiz nəzarətə götürülməli idi. Artıq bundan sonrakı mərhələdə həmin bölgədə nəzarət-buraxılış məntəqəsi qurulacaq”- deyə, ekspert əlavə edib.

E. Şıxəliyevin sözlərinə görə, nəzarət-buraxılış məntəqəsi ilkin mərhələdə Rusiya sülhməramlıları ilə birgə təşkil olunacaq: “2025-ci ildən sonrakı mərhələdə bu məntəqə birtərəfli qaydada Azərbaycan tərəfinə keçəcək. Biz siyasi və hərbi olaraq strateji hədəflərimizə yaxınlaşırıq. Görünən odur ki, Azərbaycanın siyasi iradəsi bu nəzarət- buraxılış məntəqəsinin qurulması və sərhəddəki boşluqların nəzarətə götürülməsi üzərində idi. Bu gün etibarilə Silahlı Qüvvələrimiz bunu təmin etmiş sayılırlar”.

E. Bəyməmmədli

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar