Mart ayında keçən aylarla müqayisədə Ukraynada müharibənin davam etdirilməsini dəstəkləyən rusiyalıların sayı azalıb.
“AzPolitika.info” xəbər verir ki, Rusiyanın “Levada” mərkəzinin keçirdiyi yeni sorğunun nəticələri dərc edilib.
Nəticələrdən görünür ki, mart ayında fevralla müqayisədə Rusiya ordusunun Ukraynadakı fəaliyyətini dəstəkləyən respondentlərin sayı 48 faizdən 41 faizə düşüb. Yəni, hər 10 rusiyalıdan 6-sı müharibənin əleyhinədir.
Əhalinin müharibəni dəstəkləyən hissəsinin 79 faizi yaşlı nəsil və informasiyanı yalnız Rusiya telekanallarından alanlardır. Ukraynadakı savaşın əleyhinə çıxanlarınsa əsas hissəsi gənclər və qadınlardır. Şəxsən Putinin fəaliyyətini kəskin şəkildə pisləyənlər respondentlərin 26 faizini təşkil edir.
Sorğunun nəticələrindən belə görünür ki, ümumilikdə Rusiya cəmiyyətində Ukraynadakı müharibəyə maraq olduqca aşağıdır. Belə ki, rəyi soruşulanların yalnız 21 faizi, yəni hər 10 rusiyalıdan cəmi ikisi müharibə ilə bağlı xəbərləri diqqətlə izlədiklərini bildiriblər.
Qeyd edək ki, hazırda Rusiyada keçirilən sorğulara etimad səviyyəsi kifayət qədər aşağıdır. Hesab olunur ki, total nəzarət və repressiyalar şəraitində insanlar çox zaman suallara obyektiv şəkildə cavab verməyə, düşündüklərini söyləməyə qorxurlar.
“AzPolitika.info”


Şərhlər