Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovun ermənistanlı həmkarı Edvard Nalbandyanla görüşü ancaq hər iki tərəfin razılığı ilə baş tuta bilər.
Bunu İsveçrənin ATƏT yanındakı daimi nümayəndəliyinin mətbuat katibi Roland Bless Ermənistan və Azərbaycan XİN rəhbərləri arasında ATƏT-in Nazirlər Şurasının iclası çərçivəsində baş tutacaq görüş barədə SalamNews-un sorğusunun cavabında deyib.
Məlumatda qeyd olunub ki, İsveçrə sədrliyi ATƏT-in Nazirlər Şurasının Basel iclası çərçivəsində nəzərdə tutulan Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşlərini lazımı şərtlər ilə təmin etməyə hazırdır: “Azərbaycan və Ermənistan xarici işlər nazirləri, Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında görüş ancaq hər iki tərəfin razılığı ilə ola bilər. Bizim XİN rəhbərlərinin görüşlərinin konkret proqramı yoxdur. Onlar birbaşa hökumətlər arasında razılıq əldə ediblər”.
Xatırladaq ki, ATƏT-in Nazirlər Şurasının iclası dekabrın 4-5-də İsveçrənin Basel şəhərində keçiriləcək.


Şərhlər