Bir neçə gün əvvəl Qazaxıstanın şimalındakı Petropavlovsk şəhərində 19 “fəal” öz “müstəqilliklərini” elan edib və “Xalq Şurasını” çağırdıqlarını açıqlayıblar. Separatçılar bildiriblər ki, Qazaxıstan dövlətinə etibarları yoxdur, ona görə də “müstəqilliklərini, sərbəstliklərini və suverenliklərini elan ediblər”. Separatçılar Qazaxıstanın təhsil, qida məhsulları və səhiyyə sisteminə qarşı çıxdıqlarını da bildiriblər. Onlar bununla bağlı xüsusi mətn yayıblar.
Politoloq Elxan Şahinoğlu hesab edir ki, bu hadisə SSRİ dağıldıqdan sonra Qazaxıstanın şimalında belə hallar bir neçə dəfə baş verib, hər dəfə separatçılığın qarşısı alınıb.
Onun sözlərinə görə, indi durum fərqlidir: “Kreml Rusiyanın perimetri boyu “rus dünyasını” formalaşdırmağa çalışır və birinci Ukraynadan başlayıb. Kreml paralel olaraq ətrafındakı digər ərazilərə də boylanır. Ona görə də Qazaxıstanda separatçıların kiçik otaqdan fəaliyyətə başlamaları təhlükənin miqyasının az olduğu anlamına gəlmir. Ukraynada da hadisələr belə başlamışdı. Yaxşı xatirimdədir, 2014-cü ildə Donetskdə yerli universitetlərin birində çalışan professorla söhbətim olmuşdu. O mənə deyirdi ki, Donetskdə separatçılar yerli əhali arasında dayaqlara malik deyildilər, onların mitinqlərinə heç 100 nəfər çıxmırdı. Ancaq vəziyyət bir anda dəyişdi, elə mən orda olarkən inzibati binalar ələ keçirildi, Rusiyanın müdaxiləsi və yerli əhalinin Ukrayna əleyhinə qızışdırılması vəziyyəti hazırki həddə gəlib çatdırdı”.
Politoloq əmindir ki, Qazaxıstan üçün də sanki eyni ssenari hazırlanıb: “Əhalisinin 60 faizə yaxını rus olan Petropavlovsk şəhəri Rusiya ilə sərhəddən 40 kilometr cənubda yerləşir. Ona görə nə qədər ki, Petropavlovsk şəhərinin 19 “fəalı” işi böyütməyiblər və bölgədə ikinci Donbass yaratmayıblar, Astana məsələni həll etmək məcburiyyətindədir”.
Rasim
“AzPolitika.info”


Şərhlər
Cənab Rasim ,təkcə Qazağıstanda deyil ,bu proses bizdə də başladı ,hələlik rus orduuna döyüşçü yığırlar ,sonra isə həmin adamlarla çaxnaşma salacaqlar , hüquq- mühafizə orqanları necə ki İran barədə gecikdi ,indidə rusa görə səsləini çıxartmırlar