“Bələdiyyələrlə bağlı çox mühüm fərman və sərəncamlar var. Ancaq icra olunurmu? 15 yanvar 2001-ci ildə "Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında" Qanunun tətbiq edilməsi barədə Prezidentin fərmanı var. Hələ indiyə kimi əmlak bələdiyyələrə verilməyib. Bakı bələdiyyələrinə torpaqların xəritəsi belə verilməyib”.
“AzPolitika.info” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Etibar Əliyev “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunda dəyişikliklərin müzakirəsi zamanı bildirib.
Millət vəkili əlavə edib ki, bələdiyyələr sənədsiz evlərdən vergi yığa bilmir: “Seçildiyim Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində 6000-dən çox sənədsiz ev var. Mədən vergisi bələdiyyələrdən alınaraq Dövlət Vergi Xidmətinə verilib. Bələdiyyələrə əmlak və torpaq vergisi qalıb. Torpağın 1 sotuna tutulan vergi 60 qəpikdir. Bu vəsaitlə yerli idarəetmə qurumunu necə saxlamaq olar?”

Etibar Əliyev daha sonra vurğulayıb ki, təmsil etdiyi Suraxanı rayonuda 20 ilə yaxın müddətdə dərəbəylik hökm sürüb: “Mən açıq danışacağam. Biz çox vaxt ictimai maraqları şəxsi maraqlara qurban veririk. Adını çəkdiyim bu rayonda 5 il icra başçısı işləmiş Hacıbala Abutalıbov və ondan sonra 14 il bu rayona rəhbərlik etmiş İlqar Abbasov nə qədər torpaq varsa, hamısını ya satıb, ya da zəbt ediblər. Onlara qoşulanlardan 30 il Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin sədri Mayis Məmmədov və Hacıbala Abutalıbovun qardaşının kürəkəninin adlarını çəkmək olar. Bir rayonu 4 nəfər işğal edib. Təsəvvür edin, 222000 əhalisi olan rayonda bir peşə məktəbi yoxdur, lakin onlarla pab-restoranlar, qəlyanxanalar, diskoteka klubları var. Peşə təhsilinə tələbatı hamı bilir. Ancaq bu adamların əlindən gələcəkdə peşə təhsili məktəbinin tutumuna uyğun torpaq sahəsi tapmaq mümkün olmayacaq. Qaraçuxur və Yeni Günəşlini Hacıbala Abutalıbov, İlqar Abbasov, Mayis Məmmədov və Abutalıbovun yaxın qohumu hasara alıblar. Milyonlarla manata evtikənlərə satırlar. Bu, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə səlahiyyətlərini aşma halıdır, həmin torpaqların necə zəbt olunması araşdırılmalıdır. Məncə, belə hallar başqa rayonlar üçün də xarakterikdir. Belə olan halda hansı bələdiyyə torpaqlarından danışmaq olar”.

Deputat vurğulayıb ki, əvvəldən belə adamların əlindən bələdiyyələr zəlil günə qalıb. Onun sözlərinə görə, bu şəxslərin əməllərindən ölkəyə böyük zərbələr dəyir. “Birini deyim: Məsələn, Avropa Birliyinin ekspertləri Avropa Şurasına üzv ölkələr də daxil olmaqla qitə üzrə bələdiyyələrin inkişafına dair indeks hazırlayıb. Reytinqə tək Azərbaycanın adı daxil edilməyib. Aydındır, reallıqda mövcud olmayan bir institutu inkişaf edən sistemlərin içərisinə niyə əlavə etsinlər? Bunun izahını kimdən soruşaq?” - deyə, millət vəkili sual edib.
Rasim
“AzPolitika.info”

Şərhlər
Başqa dövlətlərdən fərqli olaraq Azərbaycanımızda nə qədər yırtıcılıqla məğşul olursansa bir o qədər bacarıqlı titulu qazanırsan, buyur masanın yuxarı başına. İnzibati davranışa yol verirsənsə qanunvericilik sənin inzibati məsuliyyətini müəyyən edir, hərəkətin çərçivədən kənara çıxırsa, artıq cinayət məsuliyyəti ortaya çıxır. Hətta ehtiyatsızlıqdan kiçik bir əmələ görə cinayət məsuliyyəti yarandığı halda bizim məmurlar iri cinayətlərinə görə məsuliyyətdən yayınmağı bacarırlar. Bunun səbəbi nədədir? Ondadır ki, bu cinayətkarları cəzalandırmalı oıan insanlar özləri onların bir tayıdır. Bunlara misal MTN-in vəzifəli şəxslərinin məhkəmə işlərini gətirmək olar, Görünüb ki, məhkəmə araşdırması keçirilir, təqsirləndirilən şəxslərin dairəsi, əməllərinin ağırlıq dərəcəsi müəyyən edilir, ona uyğun da cəza təyin olunur. Əslində nə baş verir? Cəza təyin olunur, bir müddər sonra əmlak müsadirəsiu ləğv olunur (sən demə bu əmlak təqsirləndirilən şəxsə vərəsəlik qaydasında keçib), məhkum olunmuş şəxs xəstəlik adı ilə məsuliyyətdən azad edilir. Seçkilədrəki kimi karusel prinsipi həyata keçirilir. Korrupsiyaya qarşı mübarizxə ilə bağlı qanunlar qəbul edilir, dövlət proqramları hazırlanır, dövlət başçısı öz siyasi iradəsini ortaya qoyur, əməlimizdə bütün bunlara əhəmiyyət verməyib cinayət əməllərimizi davam etdiririk. Deputatımız hamının bildiyi cinayətləri dilə gətirir. Bu çox yaxşı. Ay hörmətli deputat, çıxış yollarını nədə görürsən, bir dəfə də olsun prokurorluq qarşısında hansısa cinayət əməlləri barədə məsələ qaldırmısanmı? Bir Parlamentin binasında deputatlar əlbəyaxa davaya çıxırlarsa (Hüseyn Abdullayev), deputat öz həmkarının məsuliyyət məsələsini gündəmə gətirirsə, burada artıq sözə ehtiyac qalmır. Bizim səviyyəmiz budur. Bir sözlə unikal xalqıq.
Heç başa düşə bilmirik hansı səbəbə görə Abutalıbovu Məhkəmə qarşısına çağırılmayıb. Bu nə sirrdir? O milyonlarla pul mənimsəyib!
Bu qədər faktlar qarşılığında Hacıbala Abutalıbov niyə sorğuya cəlb edilmir? Bunun əsaslı izahı varmı?