“Ölkə başçısı cənab İlham Əliyevin təhsilə qayğısı bütün dünya üçün örnəkdir. Prezidentin ali təhsilə verdiyi dəyər insan kapitalının inkişafı ilə mütənasibdir. Ulu Öndərimiz Heydər Əliyevin və Prezident İlham Əliyevin ali məktəblərdə etdikləri çıxışlar rektorlar üçün əsl dərsdir. Tədris və tədqiqatlar üçün misilsiz mənbədir. Təəssüflər olsun ki, bu dərslərdən nəticə çıxarmayanlar da var”.

“AzPolitika.info” xəbər verir ki, bunu millət vəkili, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Etibar Əliyev “Feysbuk” səhifəsində yazıb.

Deputatın qeydlərinin təqdim edirik: “Ali təhsil üzrə görkəmli mütəxəssis Filip Altbaxın "Sürətli universitetlər" kitabını oxudum. Altbax yeni yaranmış sürətli inkişaf edən 8 universiteti təhlil edib. O, universitetləri inkişafdan qalan və sürətli inkişaf edən qruplara bölüb. Azərbaycanda yeni yaranmış universitetlərimizin içərisində sürətli inkişaf yoluna çıxanlar var. Bizdə universitet reytinqlərindən biri hər il ali məktəblərə daxil olan Prezident təqaüdçülərinin sayı ilə müəyyən olunur. 2021/2022 tədris ilində 105 Prezident təqaüdçüsünün seçdikləri Ali məktəblərin siyahısı: 

Bakı Ali Neft məktəbi - 31

Azərbaycan Tibb Universiteti - 23

ADA Universiteti - 12

Bakı Dövlət Universiteti - 10

İqtisad Universiteti-UNEC - 9

Dövlət İdarəçilik Akademiyası - 7

Xüsusi Təyinatlı Universitetlər - 7

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti - 2

Naxçıvan Dövlət Universiteti-2

Fransız-Azərbaycan Universiteti-UFAZ - 1

Bakı Mühəndislik Universiteti – 1

F.Altbax qeyd edir ki, universitet rəhbəri həm də müdrik olmalı və innovativ ideyaları tətbiq etməyi bacarmalı, demokratik iş metodunu üstün tutmalıdır. Düşünürəm ki, yeni nəsil ali məktəblər - Bakı Ali Neft Məktəbi və ADA Universiteti xarici mütəxəssislərin tədqiqatları üçün nümunə ola bilərlər. UNEC və Bakı Dövlət Universitetinin rəhbərləri inkişaf naminə əllərindən gələni əsirgəmirlər. 

Köhnə universitetlər sırasında Neft və Sənaye Universitetinin vəziyyəti acınacaqlıdır. İnkişafdan qalmaq rektor bacarıqsızlığı, ayrı - seçkilik yaratmaq, qohumbazlıq və regionçuluqla sıx bağlıdır. Bir də imitasiya etmək "ustalığı" birmənalı şəkildə dövləti və cəmiyyəti aldatmaqdır. Müdrik rektor həm də avtoritar idarəçilikdən uzaq olmalıdır. Elmi Şuranı öz çirkin əməllərinə bəraət qazandırmağa yönəltməməlidir. Bu, Şura üzvlərini təhqir etməkdir. Elmi Şura rektora deyil, rektor Elmi Şuraya tabedir. Müdrik rektor yüzlərlə müəllimə 1000 manat mükafat yazıb, sonra onu nağd pul şəklində geri ala biməz, bunu həqarət sayar”.

“AzPolitika.info”