ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) internetə sızıdırılan məxfi sənədlərindən bir sıra yeni məlumatlar ortaya çıxıb.
“AzPolitika.info” ABŞ-ın “The New York Times” nəşrinə istinadla xəbər verir ki, məxfi sənədlərdə Rusiyada hakim təbəqə arasında daxili qarşıdurmanın artdığı və ABŞ kəşfiyyatının Rusiyadakı mühüm qurumlara necə sızdığına dair məlumatlar var.
27 səhifəlik yeni məxfi sənədlərdə Rusiya daxilində Ukrayna müharibəsi ilə bağlı əvvəllər düşünüldüyündən çox daha böyük daxili qarşıdurmanın olduğu bildirilir. Rusiya kəşfiyyatının müharibədə həlak olan rus əsgərlərinin sayı ilə bağlı yalan məlumatlar verən orduyla problemlərinin olduğu vurğulanır.
Həmçinin sənədlərdə Rusiya lideri Vladimir Putinin Ukraynada döyüşən “Vaqner” muzdlu qruplaşmasının başçısı Yevgeni Priqojinlə müdafiə naziri Sergey Şoyqu arasında yaranmış böhranı həll etmək üçün şəxsən müdaxilə etdiyinə dair məlumatlar var. Məxfi sənədlərdə Putinin 13 aydan artıq müddətdə Ukraynada hərbi qələbə qazana bilməməsinə Moskvadakı daxili gərginliyin səbəb olduğu iddia edilir.
Yeni sənədlər ABŞ kəşfiyyatının Rusiya kəşfiyyat bölmələrinin və ordusunun demək olar ki, hər bir elementinə sızdığını və kök saldığını ortaya qoyub. Qeyd olunub ki, ABŞ kəşfiyyatının Rusiya daxilində olması sayəsində Vaşinqton Moskvanın Ukrayna müharibəsi ilə bağlı planlarını əvvəlcədən öyrənə bilib.
“AzPolitika.info”


Şərhlər