Menu

ABŞ “F-16”-lar üçün Türkiyəyə proqram satacaq – 259 milyon dollar dəyərində

19.04.2023, 12:44
ABŞ “F-16”-lar üçün Türkiyəyə proqram satacaq – 259 milyon dollar dəyərində

ABŞ Prezidenti Co Baydenin administrasiyası aprelin 17-də Konqresə Türkiyəyə onun “F-16” qırıcıları donanmasının təzələnməsi üçün Ankaraya ümumi dəyəri 259 milyon dollar olan avionika proqramları paketinin satılacağına dair bildiriş verib.

”AzPolitika.info” “Röyter” agentliyinə istinadla xəbər verir ki, Türkiyə aviasiyası üçün modernizasiya paketinin verilməsinə dair qərar ABŞ Konqres komitələri başçılarının qeyri-rəsmi razılığı əsasında qəbul olunub. Lakin buna baxmayaraq NATO üzvü Türkiyənin milyardlarla dollarlıq “F-16” qırıcılarının alınmasına dair istəyi Konqresin müqavimətinə görə hələ də reallaşmamış qalır. Amma Konqres indi sözügedən avionika paketinə dair qərarı təsdiqləsə, bu, son illərdə Türkiyəyə hərbi avadanlığın ilk satışı olacaq.

ABŞ Dövlət Departamentinin sözçüsü deyib: “Türkiyə NATO-nun köhnə və dəyərli müttəfiqidir və Bayden administrasiyası onun “F-16” donanması avionikasının müasir səviyyədə təkmilləşdirməsini dəstəkləyir”.

Sözçü əlavə edib ki, Türkiyə “F-16” donanmasının təkmilləşdirilməsi Türkiyə və NATO-nun kommunikasiyalar sahəsində uyğunluğunu yaxşılaşdıracaq, xüsusən də təyyarələrin relyeflə toqquşmadan yayınması sistemini gücləndirəcək.

“Röyter” qeyd edir ki, “F-16” donanmasının modernləşdirilməsinə dair razılaşma Ankara Finlandiyanın NATO üzvlüyü üçün yaşıl işıq yandırandan dərhal sonra əldə olunub. Bu da bildirilir ki, razılaşmanın əldə edilməsinə, habelə Türkiyə və onun qonşusu Yunanıstan arasında gərginliyin azalması yol açıb.

Bu da xəbər verilir ki, Türkiyə ilə razılaşmanın rəsmi tərəfi “Lockheed Martin Corp” şirkəti olacaq. Bu razılaşma Türkiyəyə yeni “Lockheed Martin” F-16 qırıcılarının və onlar üçün 80 modernləşdirmə dəstinin 20 milyard dollarlıq paketini əhatə etmir. Türkiyə bu qırıcıların satışını 2021-ci ilin oktyabrında sifariş edib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol