Rusiyanın Baltik Donanmasına məxsus gəmi Skandinaviya ölkələri və Finlandiya ətrafındakı sularda dəniz kabellərinin və qaz kəmərlərinin xəritələşdirilməsi ilə məşğuldur.
"AzPolitika.info” “Radio Svoboda”ya istinadla xəbər verir ki, bundan Rusiya ilə NATO arasında tammiqyaslı hərbi toqquşma zamanı istifadə oluna bilər. Bu xətlər Danimarka, Norveç, Finlandiya və İsveçin ictimai yayımçıları tərəfindən çəkilmiş “Kölgələrin müharibəsi” sənədli filmində təsvir edilib.
Jurnalistlər qrupu Rusiyanın "Admiral Vladimirski" okeanoqrafik gəmisinin radio danışıqlarını ələ keçirərək oradan göndərilən mesajlar əsasında onun fəaliyyətinin xəritəsini tərtib edib. Gəmi ekipajının Baltik və Şimal dənizlərində külək stansiyalarının, qaz kəmərlərinin, elektrik və internet kabellərinin xəritəsini çəkdiyi məlum olub.
NATO kəşfiyyat xidməti ekspertləri kinorejissorlara bildiriblər ki, hərbi blokla Rusiya arasında müharibə olarsa, rus gəmiləri belə xəritələrdən istifadə edə bilər. Xəritələr daimi yenilənmə tələb edir. Filmdən belə çıxır ki, onların mövcudluğu Rusiya donanmasına Skandinaviya ölkələrinin kritik infrastrukturuna zərbə vurmağa imkan verə bilər.
Norveç Milli Radiosunun, İsveç Televiziyasının və Finlandiyanın Yle teleradio şirkətinin jurnalistləri Rusiya gəmilərinin marşrutlarını öyrənərək onlardan son 10 ildə kəşfiyyat missiyaları üçün istifadə olunduqlarını müəyyən ediblər. Filmin ekspertləri bildirilrər ki, 50 marşrutu müəyyənləşdiriblər, onların sayı potensial olaraq 100-dən çox ola bilər.
"Admiral Vladimirski" gəmisi 1975-ci ildə Şeçin şəhərində inşa edilib. Bu, Akademik Krılov layihəsinin xidmətdə qalan yeganə tədqiqat gəmisidir. Rusiya donanmasının tədqiqat gəmiləri həm hərbi, həm də mülki missiyaları yerinə yetirir.
“AzPolitika.info”


Şərhlər