Xəbər verdiyimiz kimi, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub. Bu haqda məlumatı Dövlət Sərhəd Xidməti yayıb. Bildirilib ki, bu barədə Rusiya sülhməramlı kontingenti və Rusiya-Türkiyə Monitorinq Mərkəzinin komandanlıqlarına məlumat verilib.

Hərbi ekspert Ədalət Verdiyev  bildirib ki, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması Ermənistandan Azərbaycan ərazilərinə silah-sursat, şəxsi heyət, texnika, mina və digər avadanlıqların çatdırılmasının qarşısını maksimum məhdudlaşdırmağa imkan verəcək.

edalte.jpg (248 KB)

“Bu isə rusların müvəqqəti nəzarətində olan ərazilərdə hələ də qalmaqda olan 10 minə yaxın erməni silahlısının Azərbaycana qarşı müqavimət potensialını zəiflədəcək və nəticə etibarilə ərazilərin silahlılardan təmizlənməsi prosesini sürətləndirəcək”, - hərbi ekspert əlavə edib.

Qeyd edək ki, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması Qarabağdakı terrorçu-separatçı rejimi şoka salıb, hazırda burada ciddi təşviş hökm sürür.

Musavat.com erməni mediasına istinadən bildirir ki, Azərbaycan Dövlət Sərhəd Xidmətinin məlumatından sonra separatçı rejimin başçısı Arayik Arutyunyan “təhlükəsizlik şurasının iclasını” çağırıb.

Qarabağ ermənilərini illərdir girovluqda saxlayan quldur rejimin başçısı Azərbaycanı 2020-ci il Üçtərəfli Bəyanatının müddəalarını “növbəti dəfə kobud şəkildə pozmaqda və Həkəri körpüsünü bağlamaqda ittiham edib. Ərazinin “Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonası” olduğunu xatırlatmaqla şantaja cəhd göstərib.

Erməni mediası bildirib ki, Arutyunyan Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb. İslasda son hadisələr və “hakimiyyət orqanlarının” müvafiq hərəkətlərinin müzakirə olunacağını yazıb.

“Hadisələrlə bağlı daha ətraflı məlumatı bir az sonra açıqlayacağıq. Zəhmət olmasa rəsmi elanlara əməl edin və dəqiqləşdirilməmiş məlumatları yaymayın”, - panik ovqatda olan ermənilərə xitabən bildirilir.