Xəbər verildiyi kimi, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ötən gün ABŞ dövlət katibi Entoni Blinkenin dəvəti əsasında Amerika Birləşmiş Ştatlarına işgüzar səfərə yollanıb.
ABŞ Dövlət Departamentinin Mətbuat Xidmətindən verilən məlumata görə, E. Blinken bu axşam Vaşinqtonda Azərbaycanın xarici işlər naziri C. Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı qəbul edəcək. Həmçinin ABŞ dövlət katibinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında üçtərəfli danışıqların olması da planlaşdırılır.
Görüş çərçivəsində Azərbaycanla Ermənistan arasında “sülh sazişi” layihəsi üzrə danışıqların növbəti raundunun keçirilməsi nəzərdə tutulub.

Bu barədə politoloq Elxan Şahinoğlu “AzPolitika.info”-ya şərhində bildirib ki, Vaşinqton formatı hər iki tərəf üçün də faydalıdır: “Azərbaycan üçün ona görə faydalıdır ki, ABŞ Rusiyadan fərqli olaraq bölgədə sülh və əməkdaşlığın olmasını istəyir. Ən vacibi isə Qarabağ məsələsinə toxunmur. Vaşinqtondakı görüşü Ermənistan üçün də faydalı hesab etmək olar. Onusuz da Laçında yaradılan sərhəd- buraxılış məntəqəsindən sonra bu məsələ bitib. Ermənistan nə qədər tez Azərbaycanla sülh sazişi imzalasa, ərazi bütövlüyünü tanısa onun üçün bir o qədər xeyrdir. Biz sülh sazişi olmadan da yaşaya bilərik. Bizim əsəs məsələlərimiz Qarabağdadır. Yaxın vaxtlarda bu məsələləri də həll edəcəyik. Amma Ermənistan üçün daha böyük təhdidlər var”.
“Bu istiqamatdə danışıqlar davam edəcək. Artıq “sülh sazişi” istiqamətində yol xəritəsi ilə bağlı məsləhətləşmələrin aparılacağı bildirilir. Yol xəritəsi ilə bağlı fikir mübadiləsinin dərinləşməsi müsbət bir amildir. Bu zaman məlum olacaq ki, biz hansı addımlarla sülhə doğru gedəcəyik. Hesab edirəm ki, Vaşinqton görüşündə ortaq məxrəcə gəlinməsə də, dialoqun davam etdirilməsi bölgədə sülhü yaxınlaşdıra bilər”,-deyə politoloq bildirib.
Elvin
“AzPolitika.info”

Şərhlər