Bir neçə gün öncə Skandinaviya ölkələri telekanallarına müsahibə verən Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Ordusunun gözlənilən əks-hücumunun hədəfləri sırasında Krım yarımadasının da olduğunu bəyan etmişdi.
“AzPolitika.info” xəbər verir ki, Ukrayna Prezident Ofisinin sabiq müşaviri, tanınmış ekspert Aleksey Arestoviç Krımın azad olunmayacağı təqdirdə, əks-hücumun əhəmiyyətinin olmayacağını bildirib.
O, deyib ki, əsas hədəf Krım olmalıdır və onun azad olunması kifayət qədər realdır: “O zaman əks-hücumun nə manası olardı? Əlbəttə, bu, realdır. Onu da nəzərə alın ki, Krımda oturan Rusiya qruplaşmasının yarısı 1941-ci ildən qalan tüfənglərlə silahlanmış “mobiklər”dir. Krımı onlar müdafiə edəcəklər...”
Arestoviç xatırladıb ki, tarixdə Krımı hücumdan uğurla müdafiə etmək heç kimə nəsib olmayıb: “Quru yolu olmadan Krımı müdafiə etmək mümkün deyil. Əgər qoşunlar yeganə quru yolundan daxil olurlarsa, Krımı saxlamaq mümkünsüzdür. Krım körpüsü? Onu darmadağın edəcəyik. Bütün bunlar müəyyən şərtlər daxilində mümkündür. Həmin şərtləri isə biz indi “rəsmiləşdiririk””.
Xatırladaq ki, son günlər Krım ərazisində tez-tez partlayışlar baş verir. Mayın 1-də Sevastopoldakı hərbi obyektlər yenidən Ukrayna dronlarının hücumuna məruz qalıb. Aprelin 29-da böyük yanacaq terminalının partladılmasından sonra isə Rusiya hərbi gəmilərini yanacaqla təmin etmək çətinləşib.
“AzPolitika.info”


Şərhlər