Menu

14 yaşı tamam olan hər bir şəxs Azərbaycana sadiqlik andı içəcək

19.11.2014, 17:12
14 yaşı tamam olan hər bir şəxs Azərbaycana sadiqlik andı içəcək

Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu günki iclasında “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsinin müzakirəsi keçirilib.

SalamNews xəbər verir ki, qanuna dəyişikliklərlə bağlı komitə sədi Əli Hüseynli məlumat verib.

İclasda, qanuna yeni 15-1-ci maddənin əlavə edilməsi təklifi irəli sürülüb. Yeni maddəyə görə, “Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmiş və ya vətəndaşlığa bərpa edilmiş və 14 yaşı tamam olmuş şəxs Azərbaycanın dövlət dilində Azərbaycan Respublikasına sadiq qalacağı barədə aşağıdakı məzmunda and içir.

"And"da deyilir :“Mən, (Soyadı, Adı, Atasının adı) Azərbaycan Respublikasının vətəndaşı olaraq hər hansı xarici dövlət qarşısında onun vətəndaşlığı ilə bağlı öhdəliklərimin olmadığına, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabe olacağıma, Azərbaycan dövlətinə sədaqətlə xidmət edəcəyimə, onun müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qoruyacağıma, Azərbaycan Respublikasının adət-ənənələrinə və mədəniyyətinə hörmət edəcəyimə and içirəm”.

Andiçmə təntənəli şəraitdə Azərbaycan Respublikasının Dövlət Bayrağı önündə Konstitusiyaya əl basmaqla həyata keçirilir.

And içən Azərbaycan vətəndaşı andın mətnini imzalayır və bu sənəd müvafiq icra hakimiyyəti orqanında saxlanılır.

Müzakirələrdən sonra qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol