Çərşənbə günü keçirilən NATO-nun Helsinki sammitindən sonra Danimarka, İslandiya, Norveç, Ukrayna, Finlandiya və İsveç liderləri Ukraynanın Avropa və Avro-Atlantik məkana inteqrasiyası istiqamətindəki səylərini dəstəklədiklərinə dair birgə bəyanat yayıblar.
“AzPolitika.info” “Evropeyska Pravda” nəşrinə istinadla xəbər verir ki, Avropanın şimal dövlətlərinin və sammit iştirakçılarının birgə bəyanatında deyilir ki, Ukraynanın və onun xalqının gələcəyi Avro-Atlantik ailədədir: "Avropa İttifaqı Ukraynanın Avropa perspektivini artıq tanıyıb və ona namizəd ölkə statusu verib. Skandinaviya Aİ ölkələri üzvlük danışıqlarının tez başlaması tələblərinə cavab vermək üçün lazımi islahatların aparılmasında Ukraynaya güclü dəstək verəcək".
Skandinaviya ölkələri Ukraynaya mülki yardım göstərməyə davam edəcəklərini vəd ediblər. Ukraynanın Avro-Atlantik məkana inteqrasiyasına gəlincə, Helsinki Sammitinin iştirakçıları birgə bəyanatında Şimali Atlantika Alyansının mexanizmləri vasitəsilə Kiyevə gələcək hərbi yardımı dəstəklədiklərini yazıblar.
Ukrayna Rusiyanın irimiqyaslı hərbi təcavüzü ilə əlaqədar 2022-ci ilin sentyabrında NATO-ya qəbul üçün sürətləndirilmiş prosedur tələbi ilə İttifaqa müraciət edib. Helsinkidə Avropanın şimal dövlətləri alyansa gələcək üzvlük yolunda Ukraynanı dəstəklədiklərini bir daha təsdiq ediblər.
NATO-nun iyulda Vilnüsdə keçiriləcək sammitində Ukraynanın təhlükəsizlik məsələlərinin müzakirə olunacağı gözlənilir.
Vladimir Zelenski Helsinkidə deyib ki, İsveç alyansa qoşulduqdan sonra Ukrayna NATO-nun növbəti üzvü olmalıdır. Ukrayna lideri Helsinkidə Şimali Avropa ölkələrinin liderləri ilə brifinqdə çıxış edib. Zelenski aprel ayında Finlandiyanı NATO-nun 31-ci üzvü olması münasibətilə təbrik edib. O, həmçinin İsveçə üzvlük prosedurunu tez bir zamanda başa çatdırmağı arzulayıb.
"Sizinlə birlikdə NATO 32 üzvdən ibarət olacaq. Ukrayna 33 üzv ola bilər və olmalıdır. Mən belə düşünürəm və bunu ölkəmiz üçün çox arzulayıram", - Zelenski bildirib.
Rasim
“AzPolitika.info”


Şərhlər