Menu

Vaşinqtonda tərəflər nələrdə razılığa gələ bilməyiblər? - Deputatın ehtimalı

05.05.2023, 15:52
Vaşinqtonda tərəflər nələrdə razılığa gələ bilməyiblər? - Deputatın ehtimalı

“ABŞ-ın paytaxtı Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında keçirilmiş görüş çox yaxşı bir gedişatdır”.

“AzPolitika.info” xəbər verir ki, bunu Milli Məclisin deputatı Erkin Qədirli "Turan"a açıqlamasında bildirib.

"Özü də hələ belə şey olmayıb ki, dörd gün ard-arda xarici işlər nazirləri oturub danışalar. Görünür, həqiqətən, müsbət dinamika var, çünki əks təqdirdə bu qədər uzun müddət danışmazdılar. Ortada, ola bilsin ki, hansısa sənəd layihəsi də var"- deyə, o, əlavə edib.

Deputat vurğulayıb ki, tərəflərin nədə razılığa gəldiyini, nədə isə gəlmədiyini söyləmək çətindir, amma güman etmək olar: "Çox güman ki, Ermənistan hələ də Qarabağda yaşayan ermənilər üçün beynəlxalq təhlükəsizlik formatını tələb edir. Biz buna yol verə bilmərik və prezident dəfələrlə deyib ki, Qarabağdakı ermənilərin təhlükəsizliyini Azərbaycan özü təmin edəcək və heç bir beynəlxalq müşahidədən söhbət gedə bilməz".

Deputatın fikrincə, digər məsələ 1991-ci ilin sərhədləri ilə bağlı ola bilər: "Düzdür, Nikol Paşinyanın özü də dilə gətirib ki, 1991-ci ilin sərhədlərinə qayıdaq, amma burada konkret nə nəzərdə tutulduğunu özü açıqlamır. Çünki həmin sərhədlərə görə, bizim Ermənistanda anklavlarımız olub - Qazaxın yeddi və Naxçıvanın bir kəndi. Bu səkkiz kəndi Ermənistan qaytaracaqmı? Bunu demək asandır, əməl etmək çətin olacaq".

E.Qədirlinin əlavə vurğulamasına görə, üçüncü məsələ Zəngəzur dəhlizinin açılmasıdır: "Bununla bağlı Ermənistan öz öhdəliyini icra etmir və əvəzində Laçın yolu üçün status tələb edir, halbuki, Laçın yolu Azərbaycanın suveren ərazisidir".

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol