Rusiyalı yazıçı Zaxar Prilepinə sui-qəsd olub. Özünü yazıçı, filosof kimi təqdim edən və Rusiyada qatı ultramillətçi və anti-Ukrayna baxışları ilə tanınan Zaxar Prilepinin avtomobili partladılıb. 

"AzPolitika.info" Rusiya mətbuatına istinadla xəbər verir ki, əsl adı Yevgeni olan Prilepinə sui-qəsd cəhdi Nijni Novqorodda baş verib. Yazıçının olduğu “Audi Q7” markalı avtomobil Nijeqorod vilayətinin Bor şəhərində hərəkətdə olan zaman partladılıb. Nəticədə Prilepin ağır yaralanıb. Onun sürücüsü və mühafizəçisi həlak olub. Həmin şəxsin Aleksandr adlı Ukrayna vətəndaşı olduğu bildirilir. Prilepin bu gün Donetskdən gəlirmiş. Avtomobildə onun qızının da olduğu, lakin partlayışdan az əvvəl avtomobildən düşdüyü bildirilir.

Prilepinin vəziyyətinin ağır olduğu, hazırda həkimlərin onun təxliyəsi üçün helikopter gözlədiyi qeyd olunur.

Ukrayna mətbuatı isə yazır ki, partlayış yerində böyük çala əmələ gəlib. Həmçinin, Prilepinin əsas etibarilə ayaqlarından ağır yaralandığı qeyd olunur. Ancaq onun "mətbuat xidməti" Prilepinlə bağlı guya "hər şeyin qaydasında olduğunu" xəbər verib. 

Məlumat üçün bildirək ki, Z.Prilepin Rusiyada ultramillətçi, hətta faşist hərəkatlarının əsas "filosoflarından" və liderlərindən biri sayılır. O, öz siyasi karyerasını Rusiya Millətçi-Bolşevik Partiyasında başlayıb. Hazırda Kremlin əsas təbliğatçılarından biri sayılan Prilepin Ukraynaya qarşı işğalçılıq müharibəsinin ən alovlu tərəfdarlarındandır. Hələ 2014-cü ildə Krım və Donbass işğal olunanda həmin ərazilərdə "fəaliyyətə" başlayan Prilepin qondarma "dxr"-in başçısı Aleksandr Zaxarçenkonun müşaviri vəzifəsini alıb. Zaxarçenko barədə kitablar yazan, hətta film çəkən Prilepin 2018-ci ildə "dxr" başçısı məhv ediləndən sonra Rusiyaya qayıdıb. 

Rusiya ultramillətçilərinin əsas ideoloqlarından sayılan Prilepin son günlərə qədər işğal altındakı ərazilərə tez-tez səfərlər edib və hətta orada öz qərargahlarını qurub. Onun əsas "işi" Putin hakimiyyətini və Rusiya işğalını dəstəkləməklə yanaşı, Rusiyadan işğal olunmuş ərazilərə müxtəlif yönümlü "kadrları" cəlb etmək olub. Ancaq göründüyü kimi, onun bu "missiyası" yarımçıq qaldı və bir çox mətbu orqanlar iddia edirlər ki, bu işdə də Darya Duqina və Vladlen Tatarski sui-qəsdlərində olduğu kimi, Ukrayna xarici kəşfiyyatının rolu olub...

"AzPolitika.info"