KONSTİTUSİYA MƏHKƏMƏSİNİN QƏRARI ÇAŞQINLIĞA SƏBƏB OLUB – Vərəsə hansı halda vəfat edən şəxsin ipoteka borcunu ödəməlidir?
Məlum olduğu kimi, artıq Azərbaycanda vəfat edən şəxsin ipoteka krediti borcunu vərəsələri ödəyəcək. Konstitusiya Məhkəməsinin qəbul etdiyi qərara əsasən, Mülki Məcəlləyə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar.
Həmçinin, Mülki Məcəllə və “İpoteka haqqında” qanuna uyğun olaraq, əsas öhdəlik üzrə borclu, o cümlədən əsas borclunun ölümü halında vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə (əsas öhdəlik pozulduqda) kreditor ipoteka predmetinə tutmanın yönəldilməsi barədə iddia qaldıra bilər.
Qeyd edək ki, Konstitusiya Məhkəməsinin bu qərarı çaşqınlıqla qarşılanıb və ötən gündən bəri sosial şəbəkələrdə geniş şəkildə müzakirə olunmağa başlayıb. Bəzi sosial şəbəkə istifadəçiləri bu məbləğin həyat sığortası vasitəsilə qarşılanmalı olduğunu, bəziləri də vəfat edən şəxsin illər ərzində topladığı pensiya kapitalının vərəsələrə verilməli olduğunu bildiriblər.
“AzPolitika.info” mövzunun aktuallığını nəzərə alaraq, səsləndirilən fikirlər və müvafiq qanunun mahiyyəti ilə bağlı kiçik bir araşdırma aparıb.
Ümumiyyətlə ipoteka krediti nədir? Hansı şərtlərlə verilir?
İpoteka krediti – yaşayış sahəsi almaq üçün müvəkkil bankın verdiyi və həmin yaşayış sahəsinin ipotekası ilə təmin edilən borcdur. İpoteka krediti İpoteka Fondu ilə müqaviləsi olan müvəkkil bank tərəfindən kreditora təqdim edilir.
İpoteka kreditinin verilməsinə dair bir sıra şərlər və tələblər var:
- Kredit Azərbaycan manatı ilə verilməlidir;
- Kredit Azərbaycan Respublikasının vətəndaşına verilməlidir;
- Kredit, üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış, habelə, qabaqcadan qeydiyyata alınmış yaşayış sahəsinin, o cümlədən AR-nın Mülki Məcəlləsinə uyğun olaraq barəsində təminat qeydi aparılmış tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin bağlı olduğu payın alınmasına verilməlidir;
- İpoteka kreditləri üzrə ödəniləcək aylıq məbləğ borcalanın (borcalanların) aylıq məcmu gəlirinin 70%-dən çox olmamalıdır;
- Borcalanın (borcalanların) və onun ailəsinin həyatı və fəaliyyəti ilə əlaqədar müntəzəm ödənişlər hər bir ailə üzvünün saxlanılması üçün xərc ölkə üzrə müəyyən olunmuş yaşayış minimumunun 50 faizindən az götürülə bilməz;
- Kreditin son ödəniş tarixinə borcalanın (borcalanların) yaşı qanunvericiliklə müəyyən olunmuş pensiya yaş həddindən çox olmamalıdır;
- Kredit yaşayış sahəsinin ipotekası ilə təmin olunmalıdır;
- İpoteka ilə yüklü edilən yaşayış sahəsi İpoteka və Kredit Zəmanət Fondu tərəfindən təsdiq olunmuş siyahıya daxil olan və onunla əməkdaşlığa dair müqavilə bağlamış müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilməlidir;
- İpoteka saxlayanın hüquqları qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmalıdır;
- Kredit üzrə əsas borc və hesablanmış faizlər hər ay bərabər hissələrlə (annuitet ödənişlər) ödənilməlidir;
- Borcalan ölüm və əmək qabiliyyətinin itirilməsi hallarından, ipoteka ilə yüklü edilmiş yaşayış sahəsi isə bazar qiyməti əsas götürülərək, ipoteka ilə təmin edilən kreditin həcmindən az olmamaq şərtilə, sığortalanmalıdır;
Onu da qeyd edək ki, ipoteka kreditinin maksimal məbləği 150000 AZN, güzəştli ipoteka kreditinin maksimal məbləği isə 100000 AZN-dir. Həmçinin ipoteka kreditinin verilməsinin maksimal müddəti 25 il, güzətli ipoteka kreditinin verilməsinin maksimal müddəti 30 ildir.
Həyat sığortası nədir?
“Sığorta fəaliyyəti haqqında” Qanununun 14.2-ci maddəsində qeyd olunur ki, həyat sığortasının 5 növü var:
1. Həyatın yaşam sığortası;
2. Həyatın ölüm halından sığortası;
3. Əmək qabiliyyətinin sığortası
4. Sağalmaz xəstəliklərdən sığorta;
5. İcbari həyat sığortası.
Məlum məsələdir ki, kredit götürən, xüsusən də ipoteka krediti götürən şəxslər uzun müddətli kredit ödəmələri etmək məcburiyyətindədirlər.
Əgər bu müddət ərzində ipoteka krediti götürən şəxsin həyatında gözlənilməz bədbəxt hadisə baş verərsə, onun ailə üzvləri üçün çətin vəziyyət yarana bilər. Məhz bu kimi halların aradan qaldırılması məqsədi ilə bəzi sığorta şirkətləri ipoteka krediti üzrə borcalanın həyat sığortası məhsulunu təklif edir. Bu məhsulun digər bir adı isə kredit həyat sığortası adlanır.
Kredit həyat sığortası olan şəxs əmək qabiliyyətini itirərsə və ya vəfat edərsə kredit müqaviləsi üzrə onun qalıq borcuna bərabər məbləğ sığorta şirkəti tərəfindən ödənilir. Qeyd edək ki, 18-65 yaşları arasında olan hər hansı istehlak və digər krediti götürən bir şəxs bu sığorta növü üzrə sığortalana bilər.
Bəs vərəsə hansı halda vəfat edən şəxsin ipoteka borcunu ödəməlidir?
Bu mövzuyla bağlı maliyyə bazarı üzrə ekspert Əkrəm Həsənov “AzPolitika.info”-ya şərhində bildirib ki, Konstitusya Məhkəməsinin müvafiq qərarıyla bağlı ötən gündən bəri bir sıra yanlış fikirlər səsləndirilir: “İlk öncə onu qeyd edim ki, müvafiq qanun təkcə ipoteka kreditlərinə aid edilmir. Məsələn, kimsə ev almaq istəyir, kredit götürür və həmin evi də girov qoyur. Bu, ipoteka krediti adlanır. Biri də var ipoteka. Yəni, siz istənilən təyinata görə, kredit götürürsünüz və bunun qarşılığında evinizi və ya torpaq sahənizi banka girov qoyursunuz. Konstitusiya Məhkəməsinin qərarı bu hallara da şamil edilir və burada ümumiyyətlə həyat sığortası yoxdur. Həyat sığortası yalnız bankın tələb etdiyi kreditlər də məcburidir. Azərbaycanda verilən kreditlərin 99%-də isə həyat sığortası tələb olunmur. Lakin təbii ki, şəxsin həyat sığortası varsa, sığorta şirkəti həmin məbləği kreditora ödəməlidir”.
Ekspert qeyd edib ki, vərəsə yalnız vəfat edən şəxsin mirasını qəbul etdiyi halda tələb olunan ödənişi etməyə məcburdur: “Vərəsə kimdir? Vərəsə vəfat edən şəxsin əmlakını qəbul edən şəxs hesab olunur. Müvafiq qanunda vərəsələr yalnız miras kimi qəbul etdikləri əmlak həddində məsuliyyət daşıyırlar. Yəni, əgər vəfat edən şəxsin mirası varsa, onun həddində borcu ödəyəcəklər. Miras yoxdursa, heç bir ödəniş etməyəcəklər. Və ya vərəsə həmin mirası qəbul etməyə də bilər. Bu zaman da o, hər hansı vəsait ödəməyəcək. Məsələn, vəfat edən şəxsin 100 000 manat borcu varsa, bu məbləğdən vərəsəyə 50 000 manatlıq bir avtomobil qalıbsa, o, yalnız həmin 50 min manatı ödəyəcək. Əgər istəmirsə, bu avtomobildən imtina edib, həmin məbləği ödəməyə də bilər”
“Pensiya kapitalına gəlincə, bəli, Azərbaycanda təəssüf ki, ölən şəxsin pensiya kapitalı necə deyərlər “batır”. Toplanan kapitaldan vərəsəyə heç nə çatmır. Əslində dünyanın bir çox ölkələrində qanun belədir. Amma bəzi ölkələr var ki, ölən şəxsin pensiya kapitalının müəyyən bir hissəsini vərəsəyə qaytarır. Biz də belə bir qanunun olmaması vəsait çatışmazlığıyla əlaqələndirilir. Bildiyiniz kimi, əhalidən toplanan vəsaitlər Dövlət Sosial Müdafiə Fondunda (DSMF) yığılır və oradan da pensiya təyinatı aparılır. Deyilənə görə, DSMF-nin hesabında bu ödənişləri etmək üçün kifayət qədər vəsait yoxdur. Pul niyə yoxdur? Haradan tapmaq olar? Bu artıq başqa bir mövzudur...”- deyə, ekspert bildirib.
İsmayıl İsmayılov
“AzPolitika.info”
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.