REVANŞİSTLƏRİN “VAY-ŞÜVƏNİ” VƏ ERMƏNİLƏRİN “MÜLAYİMLİYİ”... - Onlar nə Koçaryanı, nə Sarqsyanı, nə II Qaregini, nə Simonyanı sayırlar

“Xalq meydanlara çıxmalıdır... Xalq vətəni geri, öz əllərinə almalıdır. Biz Ermənistanı itiririk, qarşıda bizi müharibə gözləyir”.

AzPolitika.info” xəbər verir ki, bunu Ermənistanın sabiq Xarici İşlər naziri, “İrs” partiyasının sədri Raffi Ovannisyan bu gün İrəvanda keçirdiyi mətbuat konfransında deyib. Ovannisyanın bu çağırışını son günlər Ermənistandakı revanşist qüvvələrin və Qarabağdakı separatçıların ümumiləşdirilmiş şüarı, tezisləri hesab etmək olar.

Baş nazir Nikol Paşinyan mayın 22-də açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünü Qarabağla birgə tanımaq qərarını verdiyini elan edəndən bəri Ermənistandakı Rusiya qulbeçələri, revanşistlər, qatı millətçilər, Qarabağdakı qondarma separatçı rejimin başındakı tör-töküntülər, hətta erməni kilsəsi də “yaxasını cırmağa” başlayıb - gündə bir bəyanat, çağırış, hədə-qorxu və sair.

İlk olaraq qondarma rejimin “parlamenti” bəyanatla çıxış etdi və guya Qarabağdakı ermənilərin Paşinyanın son bəyanatını “böyük hiddətlə” qarşıladığını bildirdi. Ardınca separatçı qurumun sabiq “prezidentləri” və hərbi canilər Arkadi Qukasyanla Bako Saakyan eyni məzmunlu birgə bəyanatla çıxış etdilər və hətta bildirdilər ki, Ermənistanın qondarma separatçı qurumun “daxili işlərinə” qarışması düzgün deyil: “Ermənistan Respublikası hakimiyyətinin “artsax” üçün taleyüklü məsələlərdə Azərbaycanın istəklərinə qeyd-şərtsiz tabe olan davranış və yanaşmaları qəbuledilməzdir”.

Sonra “estafeti” digər hərbi canilər – Ermənistanın sabiq Prezidentləri Serj Sarqsyan və Robert Koçaryan qəbul etdi. Paşinyana nifrətlərini gizlətməyən bu canlılar erməni xalqının boynuna minnət qoyaraq, 2018-ci ildə onu seçdiyinə görə indiki vəziyyətin yarandığını bəyan etdilər və xalqı etiraza çağırdılar.

Nəhayət, bütün bu bəyanat və çağırışlardan bir şey çıxmadığını görən erməni kilsəsi və baş katolikos II Qareginin rəhbərlik etdiyi Ali Ruhani Şura dilə gəldi. Erməni keşişlərinin bəyanatında xalq açıq-aşkar üsyana çağırıldı: “Biz hakimiyyəti təslimçi düşüncədən və bundan irəli gələn destruktiv addımlardan imtina etməyə çağırırıq… Ermənistan hakimiyyəti “artsax”ı Azərbaycanın tərkib hissəsi kimi tanımaqla “artsax”dakı bacı və qardaşlarımızı qaçılmaz genosid və deportasiyaya məruz qoyacaq. Bu məsələdə xalqımızın qətiyyətinin ifadəsinə ehtiyac görürük”.


İş o yerə çatdı ki, ermənilərin Rusiyadakı “fəxri”, məşhur “jurnalist” Marqarita Simonyan da işə qarışdı və öz xalqını təhqir etdi: “Paşinyan Qarabağı Azərbaycan ərazisi kimi tanıdı. Ona görə o, hakimiyyətə gəlib. Bütün bunları əvvəldən demişəm. Siz isə ona yaltaqlanan, səs verən, meydanlarda arxasınca qaçan, mənə tonlarla təhqir və təhdidlər yazıb, “türk soxulcanı” adlandıranlar, gedin güzgüyə baxın, öz üzünüzə tüpürün. Və ömrünüzün sonuna kimi Qarabağ eşşəyisiniz, eşşək kimi də qalacaqsınız, amma artıq qarabağlı deyilsiniz”.

Qatı millətçi “Daşnaksutyun”-un parlamentdəki təmsilçisi İşxan Saqatelyan isə Paşinyanın bəyanatına cavab olaraq, müxalifətin etiraz aksiyalarına start verəcəyini bildirdi.

Ancaq bütün bu çağırışlara, hədə-qorxulara, bəyanatlara və Paşinyanın Moskvada keçirilən üçtərəfli görüşdə əvvəlki mövqeyini bir daha təkrarlamasına, artıq iyunun 1-də sülh müqaviləsinin imzalanması ehtimalının yüksək olmasına baxmayaraq, erməni xalqının böyük hissəsi susur. Paşinyanın məlum bəyantından az qala bir həftə keçməsinə rəğmən, nə koçaryanların, nə sarqsyanların, nə qareginlərin, nə simonyanların, nə də digərlərinin çağırışlarına əhəmiyyət vermir. Bunun göstəricisi odur ki, İrəvanın meydanları boşdur, nə kütləvi etiraz aksiyaları, nə də hakimiyyətə qarşı üsyanlar var. Rəy sorğularında isə hələ də Paşinyan əvvəlki qədər olmasa belə, yenə müxalifətdəki “liderlər”-in topasından üstün reytinqə malikdir.


Xaricdəki ereməni diasporası da demək olar ki, susur. Baxmayaraq ki, Paşinyanın bu bəyanatı və imzalanması gözlənilən sülh müqaviləsi, dövlətlərin bir-birinin ərazisini qarşılıqlı şəkildə tanıması erməni diasporasının uzun illərdən bəri xarici ölkələrdə apardığı əziyyətli və çirkin işin, təbliğatın üzərindən böyük ölçüdə xətt çəkmiş olur.

Görünən odur ki, artıq ermənilərin ən “cəngavərləri”nin gücü uzağı İrəvanda Azərbaycan bayrağını yandırmağa, sonra da çıxıb üzr istəməyə çatır.

Belə nəticə çıxır ki, ermənilər Qarabağ ətrafında baş verənlərə “adın nədir - Mülayim...” prinsipi ilə yanaşmağa başlayıblar və sözsüz ki, bu, onlar üçün ən doğru seçim, ən yaxşı olanıdır...

C.Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar