2011-ci ildə daşınmaz əmlakın icbari sığortası ilə bağlı qəbul edilən və bu günə qədər icra olunmayan qanun layihəsi növbəti dəfə gündəmə gəlib.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, son günlər daşınmaz əmlakın icbari sığortası ilə bağlı vətəndaşlara xəbərdarlıq edilməyə başlanılıb. Bu məqsədlə sığorta şirkətləri tərəfindən mənzillərə bildirişlərin göndərildiyi deyilir. Maraqlıdır ki, bu cür bildirişlər təkcə çıxarışlı mənzillərə yox, həm də sənədsiz evlərə göndərilir. Bir sıra yerli KİV-lər isə yazır ki, iyunun 1-dən yeni elektron sistem işə düşdükdən sonra evini sığorta etdirməyən vətəndaşlar cərimələnə bilərlər. Fiziki şəxslərə 30 manat, vəzifəli şəxslərə 80 manat, hüquqi şəxslərə isə 200 manat cərimə tətbiq ediləcəyi iddia olunur.

Mənzillərin icbari sığorta məbləğinə gəlincə, bu tarifin regionlar üzrə müəyyən olunduğu bildirilir. Məsələn, Bakı şəhərində yerləşən yaşayış obyektinin icbari əmlak sığortası 50 manat, Gəncə, Sumqayıt və Naxçıvanda 40 manat, digər rayonlarda isə 30 manatdır. Sığorta təminatı yəni, hər hansı bədbəxt hadisə zamanı vətəndaşa ödəniləcək sığorta məbləği Gəncə, Sumqayıt və Naxçıvanda 20 min manata qədər, Bakıda və digər şəhərlərdə yerləşən yaşayış obyektlərində isə 25 min manatdır.


Məlumat üçün qeyd edək ki, İcbari sığorta haqqında 2011-ci il 24 iyun tarixli 165-IVQ nömrəli Qanununun 35.2. maddəsinə əsasən hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə dövlət əmlakının sığortası icbaridir. Dövlət qeydiyatına alınmış daşınmaz əmlak dedikdə, qarajlar, mağazalar, evlər, mənzillər, obyektlər nəzərdə tutulur. Sənədi olmayan yaşayış evlərində isə sığorta məcburi deyil.

Qeyd edək ki, daşınmaz əmlakın icbari sığortalanması və buna görə cərimə tətbiqi vətəndaşlar tərəfindən böyük narazılıqla qarşılanıb. Əksər vətəndalar hesab edirlər ki, özəl mülk məcburi yox, yalnız könüllülük prinsipi əsasında sığortalanmalıdır.

Xatırladaq ki, bu mövzu daha öncə də sığorta şirkətlərinin “tələbi” əsasında zaman-zaman mətbuatda gündəmə gətirilməyə çalışılıb. Məsələn, 2019-2020-ci illərdə də iddia olunurdu ki, əmlakını sığortalamayan vətəndaşlar cərimə olunacaq və guya bu cəriməni 20 gün ərzində ödəməyəcəkləri halda növbəti dəfə cərimə olunacaqlar. Həmin vaxt bütün bu söz-söhbətlər koronavirus pandemiyasının ortaya çıxmasıyla birlikdə gözdən itmişdi...

Maraqlıdır 2011-ci ildə qüvvəyə minən və indiyədək heç bir nəzarət, cərimə mexanizmi olmayan icbari sığorta, qanuna heç bir dəyişiklik edilmədiyi halda, niyə 2023-ci ildən məcburi hal almağa başladı?

İyunun 1-dən vətəndaşlar cərimə oluna bilərmi? Məsələnin hüquqi əsası varmı? Sığorta şirkətlərinin mənzillərə bu cür bildirişlər göndərmək səlahiyyəti varmı? Sənədsiz evlər sığortalana bilərmi?

“AzPolitika.info” bütün bu suallara cavab tapmaq üçün ekspertlərə üz tutub.

Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü İlkin Nəcəfov “AzPolitika.info”-ya şərhində bildirib ki, 1 iyun tarixindən vətəndaşların cərimə olunacaqlarıyla bağlı rəsmi məlumat yoxdur:“Rəsmi qurumlar belə bir məlumat paylaşmayıblar. Sığorta şirkətləri tərəfindən mənzillərə göndərilən bildirişlərə gəlincə, sığorta şirkəti tərəfindən mənzilə rəsmi bildiriş göndərilmir. Çünki sığorta şirkətlərinin belə bir səlahiyyəti yoxdur. Digər tərəfdən, sığorta şirkəti vətəndaşa xəbərdarlıq edə və ya hansısa formada hədə-qorxu gələ bilməz. Sığorta şirkətləri ən yaxşı halda vətəndaşlar arasında təbliğat işi apara, məhsulunu təqdim edə bilər”.

İ. Nəcəfovun sözlərinə görə, vətəndaşın cərimə olunmasıyla bağlı hər hansı icra mexanizmi yoxdur:“Bu məsələlər müvafiq icra hakimiyyəti orqanının səlahiyyətindədir. Ancaq bu gün icra hakimiyyətlərinin nəinki bu qanunun icrası, hətta qeyri-qanuni tikililər, qonşu binada aparılan təmir işləri zamanı aşkarlanan qanun pozuntularıyla bağlı da vətəndaşı cərimələmək üçün hər hansı icra mexanizmi və protokol forması yoxdur. Ancaq rəsmi olmasa da, sığortanın olmamasına, həmçinin yuxarıda qeyd etdiyimiz nöqsanlara görə, protokol formasının hazırlandığıyla bağlı söz-söhbət gəzir. Bu, şaiyə də ola bilər, əsaslı məlumat da. Lakin icra mexanizmi olmadığı müddətcə, cərimələrin tətbiqi çətin görünür”.

“Dəqiq olan odur ki, iyun ayının birindən kağız formasında olan şəhadətnamələr yığışdırılır və hamısı elektronlarşdırılır. Eynilə avtomobillərin icbari sığortası kimi. Əvvəlcədən pulu ödəməsəniz, müqavilə aktivləşmyəcək”, - İ. Nəcəfov qeyd edib.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev isə “AzPolitika.info”-ya şərhində bildirib ki, baş verə biləcək bədbəxt hadisələri nəzərə aldıqda əmlakın sığortalanması lazımi və dünya təcrübəsində də olan məsələdir: “Əmlakların sığortalanması nəyə görə lazımdır? Bildiyiniz kimi, evdə su basma, yanğın hadisəsi, qaz sızması kimi fövqəladə hadisələr zamanı mənzilə dəymiş zərər vətəndaş tərəfindən qarşılanır. Digər tərəfdən, bu gün paytaxt Bakıdakı əmlakların böyük bir hissəsi kirəyə məqsədilə satın alınıb. Hazırda paytaxtda bir otaqlı mənzilin kirayə haqqı təxminən 300 manatdır. Müqayisə aparsaq, sözügedən qanuna əsasən, mənzilin icbari sığortası illik cəmi 50 manatdır. Yəni, vətəndaş ildə bir dəfə 50 manat ödəməklə baş verə biləcək hər hansı bir bədbəxt hadisə zamanı sığorta şirkətindən 25 min manata qədər təzminat ala bilər. Bu baxımdan, düşünürəm ki, əmlakın sığortalanması vətəndaşların özləri üçün vacibdir”.

Ekspert qeyd edib ki, mülkiyyət hüququ təsdiq olunmayan əmlaklar sığortlana biməz:“Sığorta şirkətləri gəlir əldə etmək üçün bütün binalara, həyət evlərinə bu cür reklam bildirişləri asaraq, əmlakların sığortalanmasıyla bağlı təbliğat işi apara bilərlər. Amma ümumilikdə mülkiyyət hüququ təsdiq olunmayan bir əmlakın sığortalanması qanunvericilikdə nəzərdə tutulmayıb. Əgər hər hansısa bir əmlak sığortalanırsa, bu zaman mütləq şəkildə o əmlakın hansısa bir qanuni sənədi olmalıdır”.

İqtisadçı-ekspert Samir Əliyev isə bildirib ki, birdən-birə bu məsələnin yada düşməsində yeni qazanc mənbəyi əldə etməyə çalışan sığorta şirkətlərinin xidmətləri yüksəkdir: “Yaşayış evlərinin icbari sığortası heç də bütün ölkələrdə tətbiq edilmir. Əksər ölkələrdə əmlakın sığortası könüllüdür. İkincisi, bu addım vətəndaşlarımızın Konstitusiya hüququna ziddir. Konstitutsiyanın 29.3-cü maddəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İndiki halda mülkiyyətçinin əvəzindən dövlət qərar verərək onu sığortaya məcbur edir”.

S. Əliyevin sözlərinə görə, avtomobillərin icbari sığortası üçüncü şəxs qarşısında edilir, dövlət ehtiyacları məqsədilə mülkiyyətin məcburi alınması isə dövlət əhəmiyyətli tədbirlər hesab olunur: "Mənzillərin icbari sığortası isə mülkiyyətçinin öz zərərini minimuma endirmək üçün atılan addımdır. Bunun məcbur edilməsi mülkiyyətçinin seçim hüququnu pozmaqdır. Üçüncüsü, cərimə mexanizmi işləməyəcək. Çünki yerli vergilərdə olduğu kimi cərimənin əhalidən alınması üçün təsir rıçaqları yoxdur. Kommunal xidmətlər ödənilməyəndə onların verilməsi dayandırılır, dövlət vergisi verilməyəndə sahibkarın bank hesabı bloklanır, avtomobillər icbari sığortalanmayanda sürücü avtomobili itirmək riski ilə üzləşir. Bəs, ev məsələsində necə olacaq? Ev mülkiyyətçinin əlindən alınacaq? Bu daha çox sosial məsələ olduğu üçün inanmıram cərimə məsələsində çox dərinə getsinlər".

Ekspert hesab edir ki, hökumət yaşayış evlərinin icbari sığortası qərarını ləğv etməlidir, könüllü sığortalanma mexanizminə keçməlidir. Sığorta siyasəti maarifləndirmə üzərində qurulmalıdır. Əks halda, sığorta məhsullarının icbari xarakter daşıması əhali üçün ən yaxşı halda işləməyəcək, ən pis halda isə sosial gərginlik yaradacaq.

“Proseslərdən məlumatsız insanlar nə edəcəklərini bilmirlər. Sığorta şirkətləri camaatı psixoloji təzyiq altında saxlayırlar. Ona görə də Mərkəzi Bank bu məsələyə təcili müdaxilə etməlidir. Çünki, sığorta şirkətlərinin fəaliyyəti artıq bu quruma tapşırılıb. Əmlakın sığortasının icbariliyi aradan qaldırılmalıdır", - S.Əliyev vurğulayıb.

İsmayıl İsmayılbəyli (İsmayılov)

“AzPolitika.info”