"Azərbaycan MDB Oyunlarının iştirakçılarına tam təhlükəsizlik zəmanəti verəcək" - Baş nazir

Azərbaycan Üçüncü MDB Oyunlarının bütün iştirakçılarına və nümayəndələrinə tam təhlükəsizlik zəmanəti verəcək.

APA-nın xəbərinə görə, Baş nazir Əli Əsədov bunu Soçi şəhərində MDB Hökumət Başçıları Şurasının iclasında çıxışında bildirib.

Əli Əsədov deyib ki, bu Oyunlar humanitar sahədə mühüm idman layihəsi kimi iştirakçı-ölkələrin xalqları arasında ənənəvi dostluq əlaqələrinin möhkəmlənməsinə kömək edir.

Üçüncü MDB Oyunlarının 2025-ci ildə ölkəmizdə keçiriləcəyini xatırladan Baş nazir Azərbaycanın birinci Avropa Oyunları (2015), IV İslam Həmrəyliyi Oyunları (2017), Avropa Gənclər Yay Olimpiya Festivalı (2019), UEFA çərçivəsində klub və milli yarışların, Formula 1 Qran-priləri kimi nüfuzlu idman yarışlarının keçirilməsi təcrübəsindən danışıb.

“Biz müasir idman, logistika və turizm infrastrukturuna, kifayət qədər kadr potensialına sahibik. Bütün bu resurslar Azərbaycan dövlətinin bütün iştirakçılara və nümayəndələrə verdiyi tam təhlükəsizlik zəmanəti ilə birlikdə yarışların uğurla və yüksək səviyyədə keçəcəyini deməyə əsas verir”, - deyə Əli Əsədov əlavə edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar