ABŞ Prezidenti Co Bayden və Böyük Britaniyanın Baş naziri Rişi Sunak Vaşinqtonda keçirilən görüşdə Rusiya ilə davam edən müharibədə Ukraynaya dəstəyin zəifləməyəcəyini bildiriblər.
Bayden Ağ Evdə keçirdiyi mətbuat konfransında deyib ki, Moskva aqressiv işğalını davam etdirdikcə Ukrayna lazımi maliyyə vəsaitinə - ehtiyacı olduğu qədər sahib olacaq.
Böyük Britaniyanın Baş nazirinin sözlərinə görə, Ukrayna tərəfdarları Rusiya Prezidenti Vladimir Putinə aydın siqnal verməlidirlər ki, o, Kiyevə yardımın bitməsini gözləməməlidir.
Bundan əlavə, hər iki ölkənin liderləri ölkələrinin üzləşdiyi iqtisadi problemlərin həllində əməkdaşlığı genişləndirmək üçün yeni “Atlantik Bəyannamə”ni dəstəkləyiblər. Plana əsasən, Böyük Britaniya və ABŞ təchizat zəncirlərini gücləndirəcək, gələcək texnologiyaları inkişaf etdirəcək və bir-birlərinin sənayelərinə investisiya qoyacaqlar.
Avropa İttifaqından çıxan London mövcud təhlükələrə, xüsusən də Rusiyanın aqressiv kursuna daha effektiv şəkildə qarşı çıxmaq üçün Vaşinqtonla münasibətləri gücləndirir.
“AzPolitika.info”


Şərhlər