Menu

ZATULİNİ QOVURLAR – Rusiyanın Ukraynadakı uğursuzluğunu etiraf etdiyi üçün

13.06.2023, 16:00
ZATULİNİ QOVURLAR – Rusiyanın Ukraynadakı uğursuzluğunu etiraf etdiyi üçün

Rusiya Dumasındakı imperialist və qatı ermənipərəst deputatlardan biri olan Konstantin Zatulin parlamentdəki vəzifəsini itirə bilər.

“AzPolitika.info” xəbər verir ki, Rusiyanın “Vedomosti” nəşri Zatulinin bu həftə Dumanın MDB işləri komitəsinin sədr müavini postundan azad ediləcəyini yazıb. Bunun əsas səbəbi hakim “Vahid Rusiya” partiyasını təmsil edən deputatın Rusiyanın Ukraynada həyata keçirdiyi “xüsusi hərbi əməliyyatın” əvvəldən elan olunmuş hədəflərin heç birinə nail olmadığını söyləməsidir.

Belə ki, Zatulin iyunun 1-də keçirilən “Bizə necə Ukrayna lazımdır” adlı forumdakı çıxışında Rusiyanın Ukraynada uğursuzluğa düçar olduğunu söyləmiş və Ukraynanı məğlub etməyin mümkün olmayacağına eyham vurmuşdu. Həmin gün o, Dumada Vladimir Purtinin Ukrayna ilə Azov dənizinə dair razılaşmaların ləğvinə dair qanun layihəsinin müzakirəsində də iştirak etməyib. Baxmayaraq ki, orada komitə sədrinin müavini qismində xüsusi hesabatla çıxış etməli idi.

Bunun ardınca, iyunun 7-də Krımda keçirilən daha bir tədbirdə Zatulin əvvəl söylədiyi fikirləri təkrarlayıb və deyib ki, “əgər xüsusi hərbi əməliyyat uğurlu olsaydı, artıq başa çatmış olardı”.

Bütün bunlar hakim partiyanın rəhbərliyinin narazılığına səbəb olub və gözlənilir ki, növbəti iclaslarda Zatulin parlamentdəki vəzifəsindən azad olunacaq.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol